• Bakı 20° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Xərçəng xəstəliyi niyə gec bilinir?- ARAŞDIRMA

CƏMİYYƏT

22 May 2025 | 11:34

Xərçəng xəstəliyi niyə gec bilinir?- ARAŞDIRMA

Xərçəng XXI əsrin ən ağır sağlamlıq problemlərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 10 milyondan çox insan xərçəng səbəbilə həyatını itirir. Bu, ürək-damar xəstəliklərindən sonra ölümə ən çox səbəb olan ikinci xəstəlikdir.

Bakıvaxtı.az xəbər verir ki, xərçəngin əsas təhlükəsi onun təkcə müalicəsinin çətin olması ilə deyil, həm də çox zaman gecikmiş mərhələdə aşkarlanması ilə bağlıdır.

Mütəxəssislər bildirirlər ki, xərçəng xəstələrinin təxminən 60-70%-i diaqnoz qoyularkən artıq xəstəliyin orta və ya gecikmiş mərhələsində olurlar. Bu isə müalicə imkanlarını əhəmiyyətli dərəcədə azaldır. ABŞ-da yerləşən National Cancer Institute (Milli Xərçəng İnstitutu) qeyd edir ki, erkən mərhələdə aşkarlanan hallarda sağ qalma ehtimalı 80-90%-ə qədər yüksəldiyi halda, son mərhələlərdə bu rəqəm 20%-dən aşağı düşə bilir.

Niyə müasir tibbin bu qədər inkişafına baxmayaraq, xəstəlik gizli şəkildə irəliləyə bilir? Bu suallara cavab tapmaq üçün beynəlxalq səviyyədə aparılan araşdırmaların nəticələrinə nəzər salaq:

1. Simptomsuz başlanğıc – Səssizcə irəliləyən təhlükə

Xərçəngin ən önəmli xüsusiyyətlərindən biri odur ki, bir çox hallarda ilkin mərhələlərdə heç bir nəzərəçarpacaq simptom vermir. Xüsusilə ağciyər, qaraciyər, mədəaltı vəz və yumurtalıq xərçəngi kimi növlər illərlə gizli şəkildə inkişaf edə bilər. Mayo Clinic-in araşdırmasına görə, mədəaltı vəz xərçəngi hallarında xəstələrin 80%-i, diaqnoz qoyulanda artıq xəstəliyin III və ya IV mərhələsində olur. Bunun səbəbi odur ki, orqanizmdə baş verən erkən dəyişikliklər ya hiss edilmir, ya da ümumi halsızlıq, arıqlama və ya iştahasızlıq kimi qeyri-spesifik əlamətlərlə üzə çıxır, bu isə çox zaman başqa xəstəliklərlə qarışdırılır.

2. Orqanizmin kompensasiya mexanizmi – Bədəni aldadan proses

Bədən uzun müddət ərzində xərçəng hüceyrələrinin yaratdığı ziyanı kompensasiya etməyə çalışır. Bu, qanda anormal hüceyrələrin yayılmasını və ya orqanların funksional itkisini gec hiss etməyimizə səbəb olur. Məsələn, qaraciyər güclü regenerasiya qabiliyyətinə malikdir və funksiyasının 70%-i sıradan çıxsa belə, xəstə bunu dərhal hiss etməyə bilər. Johns Hopkins Medicine-in məlumatına görə, bu "kompensasiya illüziyası" səbəbindən qaraciyər vəz xərçəngləri çox vaxt təsadüfi müayinələr zamanı aşkar olunur.

3. Skrininq və erkən diaqnostika çətinlikləri

Xərçəngin erkən diaqnostikası üçün tətbiq olunan skrininq (kütləvi yoxlama) testləri hələ də məhdud növlərlə məhdudlaşır. Hal-hazırda sübut olunmuş effektivliyə malik skrininq proqramları yalnız bir neçə növ xərçəng – məsələn, süd vəzi, uşaqlıq boynu, yoğun bağırsaq və bəzi hallarda ağciyər xərçəngi üçün mövcuddur. ABŞ Xərçəng Cəmiyyəti (American Cancer Society) bildirir ki, mədəaltı vəz və beyin xərçəngi üçün skrininq testləri yoxdur və mövcud biomarker testlərinin də spesifikliyi və həssaslığı hələ arzuolunan səviyyədə deyil.

4. Səhv diaqnoz və tibbi gecikmələr

Bəzən xəstələr şikayətlə həkimə müraciət etsələr də, ilkin müayinələrdə xəstəliyin təbiəti düzgün müəyyən olunmur. Simptomların başqa xəstəliklərlə üst-üstə düşməsi, həkimlərin xəstəliyi “gözləməyə alma” taktikası, və ya lazım olmayan yerə yönləndirmələr səbəbilə vaxt itir. Bir araşdırmada (BMJ Open, 2022) qeyd olunur ki, Böyük Britaniyada xərçəng xəstələrinin 23%-i ilkin simptomlarla həkimə getsə də, diaqnozun qoyulması üçün 3 aydan çox vaxt keçib.

5. Şişlərin fərqli davranışları – Agressivlik fərqi

Bütün xərçəng növləri eyni davranmır. Bəzi şişlər çox yavaş böyüyür (məsələn, bəzi prostat vəz xərçəngi növləri), digərləri isə həddindən artıq sürətlə yayılır və metastaz verir (məsələn, mədəaltı vəz adenokarsinoması və ya kiçikhüceyrəli ağciyər xərçəngi). Bu fərqlilik də diaqnostik prosesin çətinləşməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda şiş diaqnoz qoyulana qədər artıq başqa orqanlara yayılmış olur.

Nuriyyə Musayeva
 

 


SON XƏBƏRLƏR