İyunun 29-na keçən gecə Ukraynanın bir neçə vilayəti raket və dron hücumlarına məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, rəsmi məlumatlara görə, zərbələr nəticəsində infrastruktur və müəssisələrə ciddi ziyan dəyib, mülki əhali arasında xəsarət alanlar var.
Ən ciddi zərər Çerkassı vilayətinin Smela şəhərində qeydə alınıb. Vilayət hərbi administrasiyasının rəhbəri İqor Taburetsin sözlərinə görə, üç 9 mərtəbəli yaşayış binası və yerli kollec dağılıb, 6 nəfər xəsarət alıb, onların arasında bir uşaq da var.
Lvov vilayətində hücumun hədəfi kritik infrastruktur obyektləri olub. Vilayət rəhbəri Maksim Kozitski bildirir ki, xəsarət alan yoxdur.
Nikolayevdə anbar sahələri zədələnib, amma insan tələfatı qeydə alınmayıb. Bu barədə məlumatı bölgənin hərbi rəhbəri Vitali Kim verib.
Poltava vilayətinin Kremençuk rayonunda bir sənaye müəssisəsi dağıdılıb, 1614 yaşayış və 58 hüquqi abunəçi işıqsız qalıb. 18 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Vilayət rəhbəri Vladimir Kohutun sözlərinə görə, xəsarət alan yoxdur, bərpa işləri aparılır.
Zaporojyedə də bir müəssisənin istehsalat sahəsi zədələnib. Vilayət rəhbəri Fedorov insan itkisi olmadığını təsdiqləyib.
Ukrayna rəsmiləri hücumların Rusiya tərəfindən həyata keçirildiyini bildirir, lakin məsələ ilə bağlı rəsmi Moskva hələ şərh verməyib.