Azərbaycanda yeni tədris ilinin başlamasına 5 gün qalır. Məktəblilər, valideynlər və müəllimlər yeni dərs ilinin ilk gününü həyacanla gözləyirlər. İlk dəfə məktəbə ayaq basan birincilərin həyacanı isə daha çoxdur. Belə ki, yeni mühitə düşən balacalar valideynlərindən ayrılmaq istəmir, sinifdə ağlayırlar.
Bəs birinciləri məktəbə necə öyrəşdirək? Valideynlər nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən fərdi inkişaf məsləhətçisi Aytəkin Aslan bildirib ki, birinci sinfə başlayacaq uşaqlara məktəb haqqında məlumat vermək, yeni dostlar qazanacaqlarını qeyd etmək, uşağın motivasiyasını artırmaq üçün onun əylənərək öyrənə biləcəyi bir sahə olmasından bəhs etmək adaptasiya prosesini sürətləndirəcək.
Aytəkin Aslan, Fərdi inkişaf məsləhətçisi
Onun sözlərinə görə, uyğunlaşma prosesi, anasını yanlarında istəmək, ilk dəfə izdihamlı mühitə girmək də uşaqlar üçün həssas mövzulardır ki, ilk dəfə övladından uzaq olmaq fikri də valideynləri narahat edir və valideynlər bu məsələyə sakit münasibət göstərsələr daha müsbət nəticələr əldə etmək mümkündür:
“Birinci sinfə başlayacaq uşaqları bu prosesə əvvəlcədən hazırlamaq vacibdir. Kiçik uşaqlarda mücərrəd düşüncələr olmadığı üçün onlara konkret şeylər göstərmək daha yaxşıdır. Məsələn, uşaq və onun ailəsi hər gün təqvimi qeyd edə bilər və ya qalan gün sayı qədər konfeti bir qaba qoyub hər gün həmin konfeti oradan götürməklə məktəbə başlamaq üçün az vaxt qaldığını maraqlı bir şəkildə göstərmək olar. Uşağa paltar və məktəb ləvazimatlarını özü seçməyə imkan vermək, məktəbdə ondan nə gözlənildiyini göstərmək vacibdir. Uşağı müəllimi ilə tanış etmək və ya onun məktəbinə əvvəlcədən baş çəkmək uşağa müsbət təsir edəcək. Məktəblə bağlı məlumatları əvvəlcədən uşaqlarla bölüşmək lazımdır”.
Dərslərin başlaması ilə uşaqların üzərində ciddiyyət və tələblərin artmağa başladığını deyən müsahibimiz nəzərə çatdırıb ki, xüsusilə yay boyunca axşam gec saatlarda yuxuya gedən və səhərlər demək olar ki, günorta saatlarında yuxudan oyanan uşağa “artıq dərs başlayır, sabahdan saat 9-10-da yatacaqsan və səhər 6-7-də yuxudan oyanacaqsan” demək doğru deyil. Onun sözlərinə görə, bunun üçün məktəbə ən az bir həftə qalmış yuxu saatlarını nizama salmaq lazımdır.
A.Aslan onların uşaq olduğunu, uşağın işinin isə oyun oynamaq olduğunu deyərək vurğulayıb ki, oyun oynamaq uşaqlarda duyğularını ifadə etməyə, yaradıcı düsünməyə, özünü və hisslərini oyun vasitəsilə ifadə etməyə şərait yaradır ki, bu durum hər yaşda olan məktəbli üçün keçərlidir. Sadəcə yaş aralığına görə oyun ehtiyacları da dəyişir və “Artıq məktəb başladı, oyun oynamağı yadından çıxart” kimi ifadələr işlətmək olmaz:
“Uşaqların hər zaman valideyinlərlə zaman keçirməyə ehtiyacları olduğunu nəzərə alsaq, onunla oyun oynarkən birlikdəlik, sevgi və daha yaxın bağlarla güvəni möhkəmləndirilmiş olur.
Bu oyun saatlarını gündəlik də olmasa həftə sonları ailə ilə birlikdə təşkil etmək olar. Yaxud axşamlar piyada yerimək və ya uyğun bir televiziya verilişi, komediya filmi izləməklə oyun zamanını əvəz etmək mümkündür. Yəni məktəblilərin zaman yönətimi valideynlərin ixtiyarında olmalıdır. Gündəlik ən az 15 dəqiqə məktəbdə baş verənlər, onu qane edən və etməyən nələr olduğunu öz dilindən eşitməklə məktəbdə onun öyrənməsini əngəlləyəcək problemləri vaxtında aşkarlamağa kömək etmək olar”.
Həmsöhbətimiz məktəbdəki olar-olmazları qanun şəklində deyil, söhbət əsnasında izah etməyin və bütün olmazlara açıqlama gətirməyin daha məqsədəuyğun olduğunu söyləyib:
““Dərsdə danışmaq olmaz - çünki müəllim dərs izah edəndə qaçan biliklər olacaq və bu da sənin öyrənməndə boşluqlar yaradacaq və ya digər sinif yoldaşlarının diqqətini dağıdacaqsan. Bu da sinifdə yaxşı yoldaş deyil, “pis uşaqdı” və sairə kimi fikirlər yarada bilər ki, bunun da sənə xoş gəlməyəcəyini bilirəm. Söhbəti dərs arasına saxlasan bu kimi problemlerlə rastlaşmayacaqsan“ kimi söhbətlər etmək lazımdır”.
Aytəkin Aslan qeyd edib ki, uşaqların gərəkətlərinə anlayış və səbrlə yanaşılmalıdır ki, tətildən sonra məktəbə alışqanlıq müddətində dərs motivasiyası artsın.
Mina Mikayılova