ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında keçiriləcək mümkün görüş beynəlxalq gündəmdə geniş müzakirələr doğurub. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun bu görüşə reaksiyası və açıqlamaları Avropa İttifaqının ümumi mövqeyinə təsir edib.
Avropada belə bir görüşün regionun siyasi balansına necə təsir göstərəcəyi barədə müxtəlif fikirlər səslənir.
Məsələyə münasibət bildirən politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a deyib ki, Makronun reaksiyasını tam fərdi addım kimi qiymətləndirmək düzgün olmaz. O, Fransa diplomatiyasının Avropa siyasətindəki tarixi rolunu qorumağa çalışır. Eyni zamanda Makron Avropa Birliyinin ümumi təhlükəsizlik maraqlarını da nəzərə alır:
“Lakin onun ritorikasında milli mövqelərin, xüsusilə Fransa-Rusiya münasibətlərindəki tarazlaşdırıcı siyasətin təsiri hiss olunur. Bu mənada Makron həm Avropa İttifaqının ortaq mövqeyini, həm də Fransanın öz diplomatik xəttini balanslaşdırmağa çalışır. Onun məqsədi Avropanın ABŞ və Rusiya arasında vasitəçi statusunu itirməməsidir”.
Müsahibimiz hesab edir ki, Tramp-Putin görüşü Avropa diplomatiyasında müəyyən tarazlıqları dəyişə bilər. Dediyinə görə, ABŞ və Rusiya arasında dialoqun bərpası Avropanı geosiyasi qərarların birbaşa mərkəzindən kənarda saxlaya bilər. Bu vəziyyət, xüsusilə, Fransa və Almaniyanın rolunu zəiflədə, lakin Şərqi Avropa ölkələrinin narahatlığını artıra bilər. Politoloq bildirib ki, Trampın ikitərəfli razılaşmalara üstünlük verməsi Avropa İttifaqının kollektiv qərar mexanizmini çətinləşdirə bilər:
“Putin isə bu fürsətdən istifadə edərək Avropanın daxilində fikir ayrılıqları yaratmağa çalışacaq. Nəticədə, Avropa diplomatiyası öz birliyini qorumaq üçün yeni strategiyalar axtarmalı olacaq”.
Züriyə Qarayeva: Trampla Putin arasında müəyyən yaxınlaşma baş verərsə, Avropa öz maraqlarını qorumağa çalışacaq
“Bu görüş Ukrayna məsələsində yeni siyasi xəttin başlanğıcı ola bilərmi” sualını cavablandıran Z.Qarayevaya görə, görüşün Ukrayna məsələsində tam yeni xəttin başlanğıcı olacağı real görünmür, lakin diplomatik atmosferi dəyişə bilər. Tramp Ukraynaya hərbi dəstək siyasətinə ehtiyatla yanaşır və kompromis variantlara açıqdır. Putin isə öz növbəsində Qərblə gərginliyi azaltmaq üçün məhdud taktiki güzəştlər təklif edə bilər. Onun sözlərinə görə, lakin tərəflər arasında dərin etimad böhranı qalır və bu, konkret razılaşmaların əldə olunmasını çətinləşdirir:
“Əgər tərəflər ən azı humanitar və ya atəşkəs məsələlərində ortaq mövqe tapsalar, bu, diplomatik irəliləyiş sayıla bilər. Ümumilikdə, görüş sülh prosesini canlandıra, lakin dərhal siyasi dönüş yaratmaya bilər”.
Həmsöhbətimiz hesab edir ki, Avropa İttifaqı bu görüşdən sonra öz təhlükəsizlik modelinə yenidən baxmaq məcburiyyətində qala bilər. Trampın “Amerika birincidir” siyasəti Avropanı daha müstəqil müdafiə strategiyası formalaşdırmağa sövq edir. Makron və Şolts kimi liderlər Avropanın təhlükəsizlik məsələlərində ABŞ-dan asılılığını azaltmaq fikrini getdikcə daha açıq ifadə edirlər.
“Əgər Tramp və Putin arasında müəyyən yaxınlaşma baş verərsə, Avropa bu prosesi diqqətlə izləyəcək və öz maraqlarını qorumağa çalışacaq. Bu, həm NATO daxilində, həm də Avropa İttifaqının təhlükəsizlik siyasətində yeni prioritetlərin müəyyən edilməsinə səbəb ola bilər. Yəni Avropa diplomatiyası artıq daha çevik və özünə güvənən modelə keçmək məcburiyyətindədir”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov