ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş təxminən bir saat davam edib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında paylaşım edərək bildirib ki, prezident Trampın həmkarı Zelenski ilə görüşü məhsuldar keçib.
Zelenski Trampın Kiyevə “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verilməsinə razılıq verdiyini bildirib. Ukrayna lideri əlavə edib ki, o, ABŞ hərbi sənaye şirkətlərinin nümayəndələri ilə də görüşüb və raketlərin birgə istehsalına ümid edir.
Görüşü Bakıvaxtı.az-a şərh edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, bu görüşdən sonra danışıqlar istiqamətində aktivlik müşahidə olunacaq. Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun da görüşdə iştirakı göstərir ki, Moskvaya növbəti səfər baş tuta bilər:
“Burada əsas ABŞ Prezidenti Donald Trampın tələbləridir. İndi faktiki olaraq Zelenskiyə münasibət dəyişib. Əvvəlki illərdən fərqli olaraq Tramp daha pozitivdir və Zelenskini “dayanıqlı oğlan” adlandırır, tərifləyir. Ağ Ev rəhbəri Rusiyanın da faktiki olaraq qalib gəlmədəyini görür. Tramp elə bilirdi ki, Rusiya çox asanlıqla qalib gələcək. Amma belə olmadı və vəziyyət dəyişdi”.

İlham İsmayıl: ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra danışıqlar istiqamətində aktivlik olacaq
Müsahibimiz qeyd edib ki, proses uzandıqca vəziyyət gərginləşir. İ.İsmayıl hesab edir ki, yaxın vaxtlarda ABŞ nümayəndələrinin Rusiyaya səfərləri ola bilər: “Növbəti görüş Kremldə ola bilər. Görüşdən əvvəl Zelenskinin müsahibəsi oldu. Dedi ki, Kiyevin istəyi odur ki, Rusiyaya təzyiq məsələsi gündəmə gəlsin. Çünki Rusiya diplomatik dildən yox, daha çox güc dilindən anlayır. Təbii ki, burada ABŞ-nin Rusiyaya qarşı cəbhə almasından söhbət getmir. Bu güc Ukrayna vasitəsi ilə göstərilməlidir. Ona görə də avqust ayında müəyyən diplomatik gedişlərin ola biləcəyini zənn edirəm”.
İlham İsmayıl əlavə edib ki, əgər Volodimir Zelenski ABŞ-də anti-ballistik raketlərin lisenziyasının verilməsi ilə bağlı danışırsa, deməli bu da reallaşacaq:
“Düzdür, bu sistemin istehsalı bir qədər zaman aparır, amma Kiyevdə elə bir vəziyyətdir ki, hətta ABŞ-dən daha tez zamanda raket istehsalını reallaşdıra bilərlər. Ancaq müharibə hələ davam edəcək. Rusiyann müharibəni dayandırması ehtimalı azdır. Ötən gün danışan Putin öz hədəflərinə doğru gedəcəklərini birmənalı vurğuladı. Məqsəd Donbasın tamamilə işğalına nail olmaqdır”. Bu da göstərir ki, müharibə tezliklə dayanmayacaq”.
Aydın Baxış
Bakı 



