Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağcabədi şəhərində kanalizasiya sistemində yaranmış tutulmaları aradan qaldırıb.
Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, bunun üçün xüsusi kanalizasiya yuyan maşın vasitəsilə 5 950 poqonmetr uzunluğunda kanalizasiya xətti yuyulub, 115 kanalizasiya baxış quyusu təmizlənib.
Əlavə olaraq, rayon üzrə su və kanalizasiya sistemlərində baş verən 54 qəza aradan qaldırılıb, 63 sayğac yenisi ilə əvəz edilib. Hazırda şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.
Bununla yanaşı, kənd təsərrüfatı sahələrinin vaxtında və normalara uyğun suvarılması üçün işlər davam etdirilir. Cari ildə 24 080 hektar taxıl sahəsinə səpsuvar və iki dəfə vegetasiya suyu verilib. Bundan başqa, 11 811 hektar pambıq sahəsində arat və səpsuvar suvarması aparılıb. Digər kənd təsərrüfatı bitkiləri isə 3,5–4 dəfə suvarılıb.
Ümumilikdə idarənin xidmət etdiyi 63 min hektar əkin sahəsinin 13 min hektarı nasoslarla, 23 291 hektarı öz axımı ilə, 26 709 hektarı isə subartezian quyuları vasitəsilə su ilə təmin olunur.
Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında 1 649 km suvarma kanalı, 1 663 km kollektor-drenaj şəbəkəsi, 2 245 hidrotexniki qurğu, 54 elektrik nasos stansiyası, 1 069 subartezian quyusu, 6 səyyar və 2 üzən nasos, eləcə də 5 inzibati və 16 yaşayış binası mövcuddur. İdarə bu infrastrukturun istismarı və təmiri ilə məşğul olmaqla əkin sahələrinin suvarma suyu ilə təminatını həyata keçirir.