“Təəssüflər olsun ki, şərti sərhədlərdə baş verənlər regiondakı vəziyyəti gərginləşdirir”.
Bunu Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə son günlər şərti sərhədlərdə yaşanan atəşkəs pozuntularına münasibət bildirərkən deyib.
Ekspert ötən həftə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının nəticəsi ilə bağlı çox nikbin bəyanat yayıldığını xatırladıb. Dediyinə görə, hər iki tərəf təsdiqləyib ki, sülh sazişinin mətnində yer alan 17 bəndin hamısı razılaşdırılıb:
“Bu, böyük nailiyyətdir. Amma bu nailiyyətin üstündən xətt çəkmək istəyən qüvvələrin mövcudluğu heç kimə sirr deyil. Pozucu qüvvələr həm Ermənistan daxilindədir, həm də xaricdə. Həmin qərəzli dairələr regionda müsbət yöndə gedən proseslərdən narazı və narahatdırlar. Çünki bölgədə sülhün, sabitliyin yaranması onların maraqlarına cavab vermir. Məhz o səbəbdən Ermənistandakı əlaltılarını, ordu içindəki dairələri şərti sərhədlərdə təxribatlara sövq edirlər".
İlqar Vəlizadə, politoloq
Analitik əlavə edib ki, Avropa İttifaqının "müşahidə missiyası"nın destruktiv mövqeyi hamıya bəllidir. Onun sözlərinə görə, aşkar şəkildə casusluq fəaliyyəti göstərən bir missiyanın tərəfsiz, obyektiv olması gözlənilmir:
“Əlbəttə, Aİ-nin "müşahidə missiyası" birmənalı Ermənistanın tərəfindədir. Ona görə də erməni tərəfinin təxribatlarını görməzdən gəlirlər. Aİ-nin missiyasının hələ də Ermənistanda olması, fəallığı və bu aktivlik fonunda baş verən təxribatlar göstərir ki, bu şəbəkənin arxasında dayanan güclər regionda sülhün bərqərar olmasını arzulamırlar. Öz maraqlarını güddüklərinə görə, gözləri hansısa təxribatı "görmür".
Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədlərində açıq-aşkar casusluq fəaliyyəti göstərən Avropa İttifaqının "müşahidə missiyası" tərəfkeşliyini aydın şəkildə büruzə verməkdədir. Bugünədək baş vermiş təxribatları görməzdən gələn Aİ-nin "müşahidə missiyası" son günlər şərti sərhədlərdə yaşanan atəşkəs pozuntularını da "görmür".
Avropa İttifaqının "müşahidə missiyası" xəbər yayıb ki, Ermənistanın Azərbaycanla sərhədləri boyunca göndərilmiş patrul xidmətləri heç bir qeyri-adi fəallıq müşahidə etməyiblər və guya vəziyyət stabil olaraq qalmaqdadır. Halbuki, Azərbaycan Müdafiə Nazirliyi son 3 gündə Ermənistan ordusunun bölmələrimizi dəfələrlə atəşə tutduğu barədə xəbər yayıb. Baş vermiş faktın missiya tərəfindən qeydə alınmaması təhlükəli olmaqla bərabər bəzi məqamları da təsdiqləyir. Missiya bununla sübut edir ki, bölgədəki varlığı bəzi Avropa dövlətlərinin maraqlarına xidmət edir.
Göründüyü kimi missiya Ermənistana məhz sərhəd təxribatlarını ört-basdır etmək, Azərbaycanı məsul tutmaq məqsədi daşıyır.
Aydın Baxış