Səhərin ilk işıqları ilə şəhər həyatı canlanır. Küçələrdə insanlar tələsik addımlarla gedir, uşaqlar məktəb çantalarını çiyninə atıb avtobuslara minir, işə gedənlər isə tez bir qəhvə və sandviçlərlə günü açır.
Bu səhnə sadə görünə bilər, amma arxasında sağlamlıq üçün ciddi təhlükə dayanır: gündəlik həyatın tələsi, asanlıqla əldə edilən fast-food məhsulları və fiziki aktivliyin azalması uşaqların və böyüklərin orqanizmini yavaş-yavaş dəyişdirir. Piylənmə və qeyri-sağlam qidalanmanın artması artıq sadəcə fərdi məsələ yox, ümumi ictimai sağlamlıq üçün ciddi çağırışdır.
Buna görə də sağlamlıq siyasətində strateji dəyişikliklər qaçılmazdır: məktəblərdə və uşaq bağçalarında balanslı qidalanma proqramları tətbiq olunmalı, fast-food reklamları və satışına nəzarət gücləndirilməli, icmalarda idmana marağı artıran təşviqedici layihələr həyata keçirilməlidir. Sosial və hüquqi mexanizmlər, məsələn, vergilər, məhdudiyyətlər, maarifləndirici kampaniyalar və ictimai təzyiq vasitəsilə fast-food istehlakının qarşısını almağa yönəldilə bilər.
Bəs biz cəmiyyət olaraq gündəlik həyatımızda sağlam qidalanma və aktiv həyat tərzini prioritet etmək üçün hansı konkret addımları atmalıyıq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan dietoloqİlkay Bayramlının sözlərinə görə, son illərin statistikasına nəzər salan zaman, təəssüf ki, piylənmə və qeyri-sağlam qidalanmanın ciddi şəkildə artdığı müşahidə edilir. O vurğulayıb ki, bu, artıq təkcə fərdi seçim məsələsi deyil, ictimai sağlamlıq problemi kimi qiymətləndirilir və bir sıra zəruri yanaşmaları gündəmə gətirir:
“İlk növbədə, cəmiyyətdə profilaktik yanaşma gücləndirilməlidir. Yəni xəstəlik yarandıqdan sonra müalicə ilə məşğul olmaq əvəzinə, onun qarşısının alınması əsas məqsəd olmalıdır. Xüsusilə fast-food istehlakı gənclər arasında düzgün qidalanma vərdişlərinin formalaşmasına ciddi maneə yaradır. Bu problemin əsas həlli isə maarifləndirmədən keçir. İnsanlara, xüsusilə uşaqlara və yeniyetmələrə, sağlam qidalanmanın gündəlik həyatda rolu sadə və anlaşılan dildə izah olunmalıdır".

İlkay Bayramlı: Ailədə və məktəbdə formalaşan qida vərdişləri gələcəkdə sağlam cəmiyyətin əsasını təşkil edir
Onun sözlərinə görə, bu istiqamətdə məktəblərdə uşaqlar və yeniyetmələr üçün sağlam və balanslı qida seçimləri, eləcə də sağlam həyat tərzinin davamlılığını təşviq edən maarifləndirici təlimlərin təşkili çox vacibdir:
"Unutmamalıyıq ki, bu gün ailədə və məktəbdə formalaşan qida vərdişləri gələcəkdə sağlam cəmiyyətin əsasını təşkil edir. Fast-food istehlakının azalması üçün sağlam və balanslı qidaların daha cəlbedici şəkildə təqdim olunması, fiziki aktivliyin isə həyat tərzinə çevrilməsi mühüm rol oynayır. Diqqət etsək görərik ki, aktiv həyat tərzi olan insanlar qida seçimlərinə də daha diqqətli və məsuliyyətlə yanaşırlar".
Sonda o qeyd edib ki, piylənmə ilə mübarizə qadağalarla deyil, düzgün vərdişlərin formalaşdırılması və sağlam seçimlərin təşviqi ilə mümkündür.
Əli Hüseynov
Bakı 




