Bu ilin I yarısında Azərbaycanda tikinti sektoru üzrə nominal ÜDM-i 12,4 %, cəmi ÜDM-dəki payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz bəndi artaraq 6,3 %-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası, Bakı və Bakıətrafı ərazilərdə iri tikinti layihələrinin həyata keçirilməsi və daşınmaz əmlak bazarında tələb amillərinin yüksək olaraq qalması ilə əlaqədar olub.
"Hesabat dövründə tikinti sektorunun aktivliyi aşağı olsa da sonrakı aylarda aktivlik artıb və 2024-cü ilin yanvar-iyun aylarını üstələyib. Son illərdə tikinti sektorunun ÜDM-dəki payı müəyyən qədər dəyişkənlik nümayiş etdirsə də, ümumilikdə tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı artmaqdadır", - AMB bildirir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib.
İstifadə olunmuş investisiyanın 4 milyard 67,9 milyon manatı və ya 50,4 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı (33,1 %-i) xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı (16,5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 70 milyon manatını və ya 75,2 %-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 314,3 milyon manatı və ya 78,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.