Azərbaycanda qazdan istifadə üzrə sabit tarif mexanizmi tətbiq ediləcək.
Bu barədə dəyişikliklər Milli Məclisdə qəbul olunan “Qaz təchizatı haqqında” qanunda öz əksini tapıb. Qanuna əsasən, qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilməsindən asılı olmayaraq həyata keçirilməlidir. Qaydanın rəsmi olaraq 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, 2026-cı il ərzində əsasən texniki baza hazırlanacaq və sabit tarif mexanizmi faktiki olaraq 2027-ci ildən tətbiq olunacaq.
O qeyd edib ki, qaz və ya elektrik enerjisindən istifadə etməsən belə, qoşulma haqqı və texniki xidmətlərin göstərilməsi üçün hər ay müəyyən məbləğ tutulacaq. Həmçinin, qaz və digər kommunal ödənişlərin tariflərində dəyişikliklər gözlənilir:
"Hazırda bu məbləğin 1 manat olacağı bildirilir, lakin gələcəkdə artım ehtimalı var. Sabit tarif qaz infrastrukturunun saxlanması, texniki xidmətlərin göstərilməsi və şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub. Qaz sayğaclarının işlək vəziyyətdə saxlanması, boru xətlərinin yoxlanılması və digər xidmətlərin maliyyələşdirilməsi məhz bu sabit ödəniş hesabına qarşılanacaq. Artımlara gəldikdə isə çox güman ki, qaz və digər kommunal ödənişlərdə tarif dəyişiklikləri olacaq. Çünki biz bunu ildən ilə müşahidə edirik".