• Bakı C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Amerika-İran müharibəsi martın sonunda bitəcək? - Tehran əlini qaldırıb, “təslim oldum” deməyəcək

SİYASƏT

16 Mart 2026 | 14:35

Amerika-İran müharibəsi martın sonunda bitəcək? - Tehran əlini qaldırıb, “təslim oldum” deməyəcək

“ABŞ-İsrail və İran arasında müharibə başlayanda prezident Donald Tramp bəyan etmişdi ki, bu müharibə hardasa 4-5 həftə davam edəcək. Yəqin ki, müəyyən hesablamalar aparılaraq belə bir açıqlama verilmişdi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, hələlik müharibədən 2 həftə keçib:

“Son məqsədə çatmaq üçün işartılar görünəndə ABŞ çox güman ki, müharibənin bitdiyini və özünün qalib gəldiyini elan edəcək. Çünki bu ayın sonu, gələn ayın əvvəlində Trampın Çinə səfəri planlaşdırılır. Çinə səfər öncəsi yarımçıq münaqişəni istəməz. O baxımdan, yəqin ki, martın sonunadək İran ətrafında gərginliyin artmasının şahidi olacağıq”.

Müsahibimizə görə, problem ondan ibarətdir ki, yekunda anlaşmanın motivləri ilə bağlı dünya mediasında çox ciddi dedi-qodu var. Dediyinə görə, aydın məsələdir ki, İran əlini qaldırıb, “mən təslim oldum” deməyəcək:

“Belə ssenari mümkün deyil. Amma hansı anlaşma ABŞ-ni qane edəcək? Mənə elə gəlir ki, ABŞ əsasən, Hörmüz boğazı və logistik xətlər üzərindən anlaşmaq istəyəcək. Əgər boğazlar məsələsində ABŞ-nin bloklayıcı səs çoxluğu yaransa, münaqişənin bitməsi üçün ən azından əsas yaranacaq. Düşünürəm ki, ABŞ və İran arasında danışıqlar əgər baş tutarsa, məsələ logistik marşrutlar və Hörmüz boğazı ilə bağlı olacaq”.

Natiq Cəfərli: Amerika şirkətləri İran neftinin dünya bazarlarına çıxarılmasında iştirakçı ola bilər

Analitik əlavə edib ki, İranın Xark adasındakı neft infrastrukturu ölkənin təxminən 80 faizə yaxın neft ixracını təmin edir:

“Əgər gələcəkdə İranla geniş anlaşma olacaqsa, bu ölkənin neft infrastrukturları ABŞ-nin özünə də lazım olacaq. Amerika şirkətləri İran neftinin dünya bazarlarına çıxarılmasında iştirakçı ola bilər. ABŞ bu adanın vurulmasını İranla danışıqlarda təzyiq vasitəsi kimi ortaya qoya bilər”.

İran ərazisində quru əməliyyatlarının aparılmasına gəlincə,N.Cəfərli  bunu həddindən artıq absurd sayır. Onun sözlərinə görə, İran 90 milyonluq bir ölkədir, böyük əraziyə sahibdir. O baxımdan, İranda quru əməliyyatlarının uğurlu olması qeyri-mümkündür:

“Deyilənə görə, bölgəyə 5 min nəfərlik dəniz piyadası gətilir, onların iştirakı ilə hansısa nöqtə əməliyyatları icra oluna bilər. Amma bunun özü də ABŞ üçün böyük riskdir. Çünki itkilər artarsa, prezident Donald Tramp daxildə çox böyük təzyiqlə üzləşəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR