Son illər regionda formalaşan yeni iqtisadi reallıqlar Türk dünyası ölkələri arasında sənaye əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuğlu Bakıda keçirilən Özbəkistan-Azərbaycan Tekstil Forumunda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında tekstil sahəsində qurulan tərəfdaşlıq artıq ayrı-ayrı layihələrdən ibarət deyil, vahid və davamlı bir tekstil ekosisteminə çevrilməkdədir. Okuğlu qeyd edib ki, bu əməkdaşlıq modeli yalnız iki ölkə üçün deyil, ümumilikdə Türk coğrafiyası üçün nümunəvi sənaye inteqrasiyası platforması rolunu oynayır.
Yılmaz Okuğlu vurğulayıb ki, Azərbaycanın Yevlax, Bərdə və İmişli kimi regionlarında pambıqçılıq və ilkin emal sahəsində yaradılmış müştərək müəssisələr bu istiqamətdə atılan mühüm addımlardır. Bu müəssisələr həm yerli məşğulluğun artırılması, həm də xammalın yerində emalı baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, növbəti mərhələdə daha iri sənaye komplekslərinin yaradılması planlaşdırılır ki, bu da istehsal zəncirinin tam formalaşmasına imkan verəcək.
Okuğlu bildirib ki, iki ölkə prezidentləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər və qarşılıqlı siyasi iradə iqtisadi layihələrin uğurla reallaşmasının əsas təminatıdır. Bu siyasi dəstək biznes dairələri üçün etibarlı və proqnozlaşdırıla bilən əməkdaşlıq mühiti yaradır.
Əli Hüseynov
Bakı 




