• Bakı 12° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.7995

    RUB - 1.7011

Aralıq dənizi böhranı: Beynəlxalq əməkdaşlıq və həll yoları nələrdir?

SİYASƏT

19 Noyabr 2024 | 16:22

Aralıq dənizi böhranı: Beynəlxalq əməkdaşlıq və həll yoları nələrdir?

Şərqi Aralıq dənizi son illərdə geosiyasi baxımdan çox mühüm bir bölgəyə çevrilib. Ərazidə baş verən böhranlar yalnız regional deyil, qlobal miqyasda da əhəmiyyətli təsirə malikdir.

Bu böhranın bir neçə aspekti mövcuddur: enerji resurslarının kəşfi və istismarı, miqrasiya axınları, etnik və dini gərginliklər, siyasi qeyri-sabitlik və beynəlxalq maraqların toqquşması. Şərqi Aralıq dənizindəki enerji resursları bölgənin əhəmiyyətini artırsa da, bu, həm də miqrasiya problemləri ilə sıx əlaqəlidir.

Bəs Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının istismarı və miqrasiya axınları beynəlxalq siyasətdə hansı münaqişələrə səbəb olur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Şərqi Aralıq dənizi geosiyasi baxımdan çox strateji bir mövqeyə malikdir:

"Bölgədə yerləşən ölkələr - Türkiyə, Yunanıstan, Kipr, Suriya, Livan və Misir - öz aralarında enerji ehtiyatları və sərhəd məsələləri ilə bağlı ciddi mübahisələrə giriblər. Son dövrlərdə Aralıq dənizinin şərqində böyük qaz yataqlarının tapılması bu bölgənin geosiyasi vəziyyətini daha da mürəkkəbləşdirib. Mənbələrin kəşfi, həmçinin enerji təchizatı və ticarəti ilə bağlı yeni inkişaf prosesləri dünya gücləri üçün bu bölgəni daha da əhəmiyyətli edib. Bu səbəbdən Şərqi Aralıq dənizindəki enerji siyasəti yalnız regional deyil, həm də beynəlxalq münaqişələrə səbəb olub".

Mütəxəssisin fikrincə, bölgədəki siyasi qeyri-sabitlik və müharibələr, xüsusilə Suriyadakı və Liviyadakı münaqişələr milyonlarla insanın qaçqın və miqrant olaraq qonşu ölkələrə və Avropaya üz tutmasına səbəb olub. Onun fikirncə, Suriyadakı müharibə Şərqi Aralıq dənizinin ətrafında miqrasiya axınlarını sürətləndirən başlıca amil olub:

"Miqrant axınları Avropanın cənub sərhədlərinə böyük təzyiq yaradıb, Avropa İttifaqının üzv ölkələri arasında miqrasiya siyasətində ciddi fikir ayrılıqları meydana gətirib. Qonşu ölkələr, o cümlədən, Türkiyə, Yunanıstan və İtaliya, mühacir axınlarını idarə etməyə çalışsalar da, bu, çox vaxt yerli cəmiyyətlərdə sosial gərginliklərə və iqtisadi çətinliklərə yol açıb”.

Həmsöhbətimiz bildirib ki, Şərqi Aralıq dənizindəki enerji resursları artıq təkcə regional dövlətlərin deyil, həm də dünya güclərinin diqqətini cəlb edir:

"Son illər ərzində bu bölgədə tapılan böyük təbii qaz yataqlar Türkiyə, Kipr, Yunanıstan, Misir və İsrail arasında sərhəd məsələlərini daha da gərginləşdirib. Yunanıstan və Kipr xüsusilə özlərinin iqtisadi zonalarında qaz çıxarmaq istəyir,Türkiyə isə bu yataqların ortaq istifadəsinə çağırış edir. Türkiyə və Yunanıstan arasındakı sərhəd mübahisələri, həm də dəniz sərhədləri və ticarət marşrutları ilə bağlı davam edən gərginliklərlə bağlıdır. Həmçinin, bu mübahisələr Şərqi Aralıq dənizinin enerji layihələrini, o cümlədən, qaz boru xətləri və maye qaz terminalı inşasını da əhatə edir”.

Şərqi Aralıq dənizindəki miqrasiya və enerji siyasətinin qarşılıqlı təsiri olduqca mürəkkəb olduğunu qeyd edən politoloqun fikrincə, miqrasiya axınları enerjinin bölgəyə daşınması və təchizatı məsələlərini də təsir edir:

"Bir tərəfdən bölgədəki miqrantlar üçün daha yaxşı həyat şəraiti yaratmağa çalışan Avropa, digər tərəfdən, enerji ehtiyatlarının kəşf və istismarını özünün strateji maraqları ilə əlaqələndirir. Bununla yanaşı, miqrasiya bölgə ölkələrinin enerji layihələrində iştirakını da təsir edir. Məsələn, Avropa İttifaqı, enerji layihələrini həyata keçirir, miqrantların yaradacağı potensial sosial və siyasi gərginlikləri nəzərə almalıdır. Əksinə, bölgədəki enerji mübahisələri miqrant axınlarının artmasına səbəb ola bilər, çünki bölgə ölkələri arasında iqtisadi və sosial qeyri-sabitlik, insanların öz ölkələrini tərk etməsinə səbəb olur".

Kazım Kazımov: Miqrasiya siyasəti beynəlxalq təşkilatların da diqqət mərkəzində olmalıdır

Son olaraq Kazım Kazımov deyib ki, Şərqi Aralıq dənizindəki böhranların qarşısını almaq və regionda sülhü bərpa etmək üçün beynəlxalq əməkdaşlıq vacibdir:

"Miqrasiya və enerji siyasətlərinin inteqrasiyası yalnız bölgə ölkələrinin deyil, beynəlxalq təşkilatların da diqqət mərkəzində olmalıdır. Avropa İttifaqı, BMT və digər beynəlxalq qurumlar, həm miqrasiya axınlarının idarə olunmasına, həm də bölgədəki enerji resurslarının sülh şəraitində istifadə olunmasına yönəlmiş əməkdaşlıq və razılaşmalar təklif etməlidir. Gələcəkdə regional əməkdaşlıq və qarşılıqlı faydalı enerji layihələrinin inkişafı, bölgədəki gərginlikləri azaltmağa və miqrasiya problemlərini daha da idarə edilməli hala gətirməyə kömək edə bilər. Bununla yanaşı, uzunmüddətli həll yolları, miqrasiya və enerji məsələlərinin bir-birinə zidd olmaması, əksinə, hər iki tərəfin maraqlarını nəzərə alması ilə mümkün olacaq".

Nəticə olaraq onu deyə bilərik ki, Şərqi Aralıq dənizindəki böhran, miqrasiya və enerji siyasətinin qarşıdurması ilə özünü daha çox göstərir. Bu sahələr arasındakı əlaqənin daha dərindən başa düşülməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi həm regional, həm də qlobal miqyasda sabitliyin təmin edilməsi baxımından kritik əhəmiyyət daşıyır. Yalnız təbii resursların ədalətli paylaşımı və miqrantların hüquqlarının qorunması ilə bu bölgədə daha dayanıqlı bir gələcək inşa etmək mümkün olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR