• Bakı 27° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Argentina, yoxsa İspaniya? - Tanınmışların PROQNOZU: Final öncəsi SORĞU

İDMAN

17 Iyul 2026 | 16:26

Argentina, yoxsa İspaniya? - Tanınmışların PROQNOZU: Final öncəsi SORĞU

Futbol üzrə dünya çempionatı həlledici mərhələyə qədəm qoyub və artıq azarkeşlərin diqqəti son qarşılaşmalara yönəlib. Bir aydan artıq davam edən mundialda komandalar çempionluq uğrunda gərgin mübarizə apararkən, turnirin yekun sıralaması da məhz qarşıdakı oyunlardan sonra müəyyənləşəcək.

Sabah üçüncü yer uğrunda Fransa və İngiltərə üz-üzə gələcək, ertəsi gün isə dünya çempionunun adına İspaniya ilə Argentina arasındakı final matçında aydınlıq gələcək.

Fransa-İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya-Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.

Bəs, son oyunlarda hansı komandalar qalib gələcək? Dünya çempionu kim olacaq?

Bakıvaxtı.az  elə bu suallarla da bir sıra tanınmışa müraciət edib.

Vaxtilə yaxşı qapıçı olan Xalq artisti Hacı İsmayılov futbolu teatra bənzədirir. Deyir ki, hər iki sahədə uğurun sirri düzgün strategiya və taktikadadır.

Dediyinə görə, buliki dünya çempionatı maraqlı sürprizlərlə yadda qaldı:

"Cəmi 600 min əhalisi olan kiçik bir ölkənin çempionatda iştirakı, Mərakeş və Misir millilərinin oyunu çox təsiredici idi. Çempionat başlamazdan əvvəl məndən qalibi soruşanda çox düşünmədən, intuitiv olaraq 'Argentina' demişdim. Fransanı turnirdən kənarlaşdıran İspaniya həm müdafiədə, həm də hücumda mükəmməldir. Ötürmələri o qədər dəqiqdir ki, sanki top ayaqlarına yapışıb. Argentina isə matçın son 10 dəqiqəsində geridönüş etməyi bacaran komandadır".

Xalq artisti hesab edir ki, əgər ispanlar Messini zədələmədən neytrallaşdıra bilsələr, İspaniyanın şansı yüksəkdir:

"Yox, əgər Messi öz oyununu nümayiş etdirə bilsə, Argentina çempion olacaq. Ümid edirəm ki, kuboku Argentina qazanacaq”.

Milli Məclisin deputatı Aqil Abbas saytımıza bildirib ki, Argentina millisi də, İspaniya yığması da bir-birlərini çox yaxşı tanıyırlar.

Müsahibimiz Messinin komandasının çempion olmasını arzulayır:

“Çempionatda Argentinaya azarkeşlik etdim. Finalda da bu komandanın qalib gəlməsini istəyirəm”.

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, futbol millətçiliyi, idman sferasındakı siyasət və dövlət maraqları uzun onilliklər boyu qlobal miqyasda yaşanan bir fenomendir:

“Məsələn, 80-ci illərdə SSRİ-də Olimpiada keçirilərkən onun boykot edilməsi ətrafında hansı ideoloji və siyasi toqquşmalar yaşanırdısa, bu gün də bənzər proseslər sanksiya və embarqoların bir hissəsi kimi idman sferasında özünü göstərir. Futbol ətrafında yalnız sadə vətəndaşların və azarkeşlərin deyil, dövlət rəhbərlərinin, siyasətçilərin və qlobal şirkətlərin aparıcı rol oynaması da məhz bununla bağlıdır. Mən çox arzulayıram ki, gələcəkdə Azərbaycan millisi də bu çempionata qatılmaq, orada iştirak etmək və böyük nailiyyətlər qazanmaq imkanı əldə etsin”.

Deputat çempionatı müntəzəm izləməsə də, müəyyən oyunları təqib etdiyini bildirərək rəğbət bəslədiyi komandanı və bunun səbəblərini açıqlayıb:

“Əvvəlki dövrlərdə də rəğbət bəslədiyimiz komanda həmişə Argentina olub. Heç şübhəsiz ki, bunun əsas səbəbkarı əfsanəvi Diyeqo Armando Maradona idi. Ondan sonrakı dövrdə isə Messinin nümayiş etdirdiyi oyun hamı kimi bizim üçün də böyük ehtirama layiqdir. Bu səbəbdən, rəqibindən asılı olmayaraq, həmişə Argentinanın qalib gəlməsini istəmişik.

Ayın 19-da keçiriləcək oyunda rəqib ispanlar da kifayət qədər güclüdürlər və orada çox önəm verdiyimiz oyunçular iştirak edirlər. İspaniyanın qalib gəlmək şansını və haqqını qəbul etsək də, bizim favoritimiz yenə də Argentinadır. Xüsusilə də oyunun son 80-ci dəqiqələrindən sonra onların kritik vəziyyətlərdə səfərbər olmaq və təzyiqi artırmaq gücü maksimum dərəcəyə çatır. Arzulayıram ki, meydanda dostluq, istedad, texnika, bacarıq və gerçək iradə nümayiş etdirən tərəf qalib gəlsin. Lakin Argentinaya azarkeşlik etdiyimi də gizlətmirəm."

Milli Məclisin deputatı Razi Nurullayev  Bakıvaxtı.az-a deyib ki, favoriti Argentinadır:

“İnanıram ki, dünya çempionu da məhz Argentina olacaq. Komanda turnir ərzində inamlı və sabit oyun nümayiş etdirib. Buna görə də finalda şanslarını daha yüksək qiymətləndirirəm”.

Üçüncü yer uğrunda keçiriləcək Fransa-İngiltərə qarşılaşmasına gəlincə, müsahibimiz İngiltərənin qalib gələcəyini düşünür:

“Fransa güclü komandadır, lakin yarımfinal məğlubiyyətindən sonra futbolçuların psixoloji baxımdan müəyyən qədər ruhdan düşdüyünü düşünürəm. Onlar finala çıxmağı və çempionluq uğrunda mübarizə aparmağı hədəfləyirdilər. Bu baxımdan, İngiltərənin qələbə qazanmaq şansını daha yüksək qiymətləndirirəm”.

Əməkdar artist Anar HeybətovBakıvaxtı.az-a uzun illərdir Argentinanın azarkeşi olduğunu deyib:

"Fovaritim əvvəıdən Argentina və İspaniya yığmaları idi, xoşbəxtlikdən ikisi də finaldadır. Amma Argentinanı cempion görürəm. İspaniya yığmasının oyunçularının coxu Messinin gözü qabağında böyüyüblər. Messi mənimçün dünyanın gəlib gedən bütün oyunçularından ən yaxşısıdır".

Müsahibimiz Argentinanın, xüsusən də Messinin cempion olmasını səbrsizliklə gözlədiyini vurğulayıb.

Fransa-İngiltərə oyununa gəlincə, Əməkdar artist İngiltərənin qalib gəlməsini istəyir:

"Amma Fransa yığması mənim baxış bucağımdan daha yaxşıdır". 

Ağ Partiyanın sədri Tural Abbaslı isə əməkdaşımızla söhbətində qeyd edib ki, futbol məsələsində proqnoz vermək o qədər də doğru deyil:

“Elə bu son mundial da sübut etdi ki, bir çox hallarda proqnozlar özünü doğrultmur. Çünki həmin günkü oyun, oyunun gedişatı və ya oyunçuların əhval-ruhiyyəsi meydanda çox şeyi həll edir. O baxımdan kimin qalib gəlib-gəlməyəcəyi barədə proqnoz vermək istəməzdim, bunu yəqin ki, oyun özü göstərəcək”.

Müsahibimiz deyib ki, finalda İspaniyanın qalib gəlməsini daha çox istəyir:

“Artıq turnirdə heç bir türk-müsəlman komandası qalmadığı üçün məcburən Argentina və İspaniya cütlüyündən birinin qalibiyyətini arzulamaq lazım gəlir. Mən bu məsələdə daha çox İspaniyanın tərəfindəyəm. Bu seçimim daha çox siyasi və ideoloji məsələlərlə bağlıdır. Argentinanın tutduğu mövqe, Messinin özünün bir çox siyasi və ideoloji məsələlərdə sərgilədiyi münasibət mənim şəxsi siyasi və mənəvi baxışlarımla üst-üstə düşmür. Digər tərəfdən, İspaniya komandasında Lamin Yamal (Lamine Yamal) var və onun meydandakı və meydandankənar mövqeyi mənə daha yaxın olduğu üçün İspaniyanın qalib gəlməsini arzulayıram. Amma yenə kimin qalib gələcəyini oyun göstərəcək”.

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli saytımıza bildirib ki, Fransa və İngiltərə arasındakı münasibətlərdə və meydandakı rəqabətdə olduqca dramatik bir oyun gözləyir:

“Fransa fərdi keyfiyyətləri son dərəcə yüksək olan oyunçulardan qurulmuş bir komandadır. Xüsusilə hücum xəttindəki sürət və yarımmüdafiənin dinamikası olduqca yüksəkdir. İngiltərəyə gəldikdə isə, onlar Fransaya nəzərən daha çox nizam-intizama söykənən və taktik cəhətdən intizamlı bir komandadır. Xüsusilə dünya futbolunda ingilislər standart vəziyyətlərin, künc və cərimə zərbələrinin – bol və təhlükəli olduğu bir kollektiv hesab olunur.

Oyunun proqnozuna gəldikdə, əgər ilk 20 dəqiqədə Fransa qol vura bilsə və İngiltərəni mütləq şəkildə açıq futbol oynamağa məcbur etsə, matçı Fransanın qazanacağını düşünürəm. Bu qarşıdurmada favoritin də elə Fransa olduğunu hesab edirəm”.

Həmsöhbətimiz əlavə edib ki, İspaniya və Argentina oyununda həqiqətən də iki güclünün estetik mübarizəsini görəcəyik:

“Bu, Avropanın və Amerikanın futbol ulduzlarının qarşılaşması olacaq. Həmçinin dünya futbol tarixinin gəlib-keçmiş ən istedadlı simalarından biri, bir nömrəsi olan Messinin son ritualına şahidlik edəcəyik. İspaniya kollektiv oyuna, ötürmələrə üstünlük verən, heyətində çoxlu gənc ulduzlar barındıran və yüksək enerjiyə malik bir komandadır; onlar rəqibi meydanda boğmağı bacarırlar. Müasir futbol nədirsə, onun əsl təzahürünü İspaniyada görürük.

Argentina isə tam bir turnir komandasıdır, meydanda canını qoyan və rəqibi taktik cəhətdən sındırmağı bacaran bir kollektivdir. Bu oyun çox, çox gərgin keçəcək, hətta bəlkə də penalti seriyasına qədər uzanacaq. Maraqlı bir məqam odur ki, İspaniya bu oyunda topa daha çox nəzarət edəcək, Argentinanın isə əks-hücumlar komandası olaraq çıxış edəcəyini düşünürəm. Favoritim əlbəttə ki, İspaniyadır və finalda onların məğlub olacağını ehtimal etmirəm. Düşünürəm ki, İspaniya yarımmüdafiədəki oyunu ilə taleyi həll edəcək, Argentina üçün isə müdafiə xəttinin performansı olduqca önəmlidir”.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026