Avstraliya materikində ilk dəfə yüksək patogen quş qripi virusu olan H5N1 təsdiqlənib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, virus Qərbi Avstraliya ştatında, Esperans yaxınlığındakı “Cape Le Grand” Milli Parkında tapılmış köçəri dəniz quşu – “qəhvəyi skua” növündə aşkarlanıb. Bu hadisə Avstraliyanın materik hissəsində qeydə alınan ilk H5N1 yoluxması hesab olunur.
Məlumata görə, yoluxmuş quş xəstə vəziyyətdə tapıldıqdan sonra tələf olub. Eyni ərazidə aşkar edilən digər bir dəniz quşu - nəhəng petrelin də analizləri aparılır və ilkin nəticələr onda da virusun ola biləcəyini göstərir.
Avstraliya hökuməti bildirib ki, hazırda virusun quşçuluq təsərrüfatlarına və ya kənd təsərrüfatı sektoruna yayıldığına dair heç bir əlamət yoxdur. İnsanlar üçün risk aşağı qiymətləndirilir, lakin biosəhlükəsizlik tədbirləri gücləndirilib və vəhşi quşların monitorinqi artırılıb.
Baş nazir Entoni Albanize hadisəni narahatlıq doğuran məqam adlandıraraq, virusun yayılmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyini bəyan edib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, virusun yayılması Avstraliyanın yerli quş növləri və dəniz məməliləri üçün ciddi təhlükə yarada bilər. H5N1 son illərdə dünyanın müxtəlif bölgələrində milyonlarla vəhşi quşun ölümünə səbəb olub və bəzi məməli növlərinə də keçib.
Aydın
Bakı 



