Hazırda Bakı və Abşeron rayonunun 31 küçə və prospektlərində 100 km-dən çox avtobus zolağı təşkil edilib və bu işlər davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb və yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Diqqətə çatdırılıb ki, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.
Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olmasının qadağan olduğu vurğulanıb və nəzərə çatdırılıb ki, zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib.
“Avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin danışmasına imkan yaradır”, - deyə məlumatda qeyd olunub.
Mina Mikayılova