Bakıda Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş biznes forum keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, forum Azərbaycan İqtisadiyyat Nazirliyinin və Slovakiya İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb. Görüşdə Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı, yüksək səviyyəli siyasi dialoqun iqtisadi əlaqələrin genişlənməsinə verdiyi töhfə, həmçinin qarşılıqlı təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Tərəflər biznes və ticarət əlaqələrinin inkişafı, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm, rəqəmsallaşma sahələrində əməkdaşlıq, eləcə də qarşılıqlı investisiyaların təşviqi istiqamətində mövcud imkanları müzakirə ediblər.
Biznes forumda hər iki ölkədən dövlət qurumlarının nümayəndələri, eləcə də sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat, logistika, səhiyyə və digər sahələri təmsil edən 100-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.
Forumda çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq iqtisadi əlaqələrin inkişafı üçün möhkəm əsas formalaşdırıb. Nazir Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu, əlverişli investisiya mühitini, nəqliyyat-logistika imkanlarını və investorlar üçün tətbiq olunan güzəştləri diqqətə çatdıraraq, bunların yeni biznes əməkdaşlığı üçün geniş imkanlar yaratdığını qeyd edib.
O, həmçinin ticarət, investisiya, sənaye, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Mikayıl Cabbarov Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Slovakiya tərəfinə təşəkkür edib və forumun yeni biznes əlaqələrinin qurulmasına, qarşılıqlı investisiyaların artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Nazir qeyd edib ki, Azərbaycan və Slovakiya dövlət başçılarının iştirakı ilə Ağdam rayonunun Baş Qərvənd kəndində Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlinin qoyulması və kənddə "Ağıllı kənd" layihəsinin həyata keçirilməsi iki ölkə arasında uğurlu əməkdaşlığın nümunələrindəndir.
Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova isə ölkəsinin Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi münasibətləri daha da möhkəmləndirə bilər.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SARIO-nun Xarici Ticarət Departamentinin rəhbəri Daniel Ondruş iki qurum arasında ixracın və investisiyaların təşviqi, biznes dialoqunun dəstəklənməsi istiqamətində əməkdaşlığın uğurla davam etdiyini bildiriblər.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosu ilə Slovakiyanın milli turizm təşkilatı "Slovakia Travel" arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Forum iştirakçılarına Azərbaycanın və Slovakiyanın biznes və investisiya imkanlarına dair təqdimatlar təqdim olunub. Həmçinin slovakiyalı tərəf bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət edilib.
Biznes forum şirkətlər arasında ikitərəfli (B2B) görüşlərlə davam edib.
Bakı 








