“2025-ci il həqiqətən Azərbaycan üçün ən məhsuldar, ən uğurlu illərdən oldu. Azərbaycan Prezidentinin Slovakiyaya səfəri də bu uğurlu prosesin tərkib hissəsidir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı Fuad İbrahimli deyib.
Onun sözlərinə görə, Azərbaycan özü bu gün Slovakiya kimi vacib ölkələr sırasındadır. İqtisadçı deyib ki, Azərbaycan Avropanın 11 ölkəsinin enerji təhlükəsizliyində aktiv iştirak edir:
“O cümlədən, Slovakiyaya qaz ixrac etməyə başlamışıq. Hər zaman vurğuladığım kimi sadəcə iki ölkə arasında ticarət dövriyyəsinə, onun artırılmasına fokuslanmaq və bu istiqamətdə çalışmaqdan daha vacib perspektivlər var. Tranzit-logistika dəhlizləri vacib məqamlardan biridir. Qeyd edim ki, Orta Dəhlizin qiymət əmələgəlmə prosesinə, əlverişliliyinə, zaman məsələsinə və digər göstəricilərinə görə alternativi yoxdur. Bundan başqa, Şimal Dəhlizinin iqtisadi dövriyyəyə cəlb olunması qeyri-müəyyəndir”.

Fuad İbrahimli: Avropa ölkələrinə səfərlərdə ən vacib məsələ logistika-tranzit dəhlizlərinin dəyərləndirilməsidir
Müsahibimiz vurğulayıb ki, Slovakiya və Macarıstan üzərindən tranzit Mərkəzi Avropaya ən əlverişli və elastik dəhlizlərdən biridir. Dediyinə görə, həmçinin hər iki ölkə Rusiyaya münasibətdə loyallıq nümayiş etdirirlər. F.İbrahimliyə görə, bu da bizə imkan verir ki, Slovakiya kimi ölkələrlə əməkdaşlığı dərinləşdirərək Orta Dəhlizin şaxələndirilməsi imkanlarını genişləndirək:
“Şərq və Qərb arasında yükdaşımaların, məsələn, təkcə Çin-Avropa arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon dollardan çoxdur. Şimaldan və Cənubdan bu tranziti həyata keçirmək mümkün deyil. Ancaq Orta Dəhliz də şaxələndirilməli, yollar istiqamətləndirilməlidir”.
“Nəzərə almaqlıyıq ki, dəhliz üzərindəki hansısa tranzit ölkədə problemlər yaransa, dəhliz aktuallığını itirmiş olacaq. Bu baxımdan, Slovakiya ilə əlaqələrin qurulmasında, ümumiyyətlə Avropa ölkələrinə səfərlərdə gələcək üçün ən vacib məsələ logistika-tranzit dəhlizlərinin dəyərləndirilməsidir", - deyə Fuad İbrahimli əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Bratislavada ilk rəsmi səfərdədir. Bu səfər ikitərəfli münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika şəbəkələri və post-münaqişə mərhələsinin sosial-iqtisadi layihələri baxımından xüsusi geosiyasi əhəmiyyət daşıyır.
Aydın Baxış
Bakı 



