• Bakı 16° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Azərbaycanın ərəb ölkələri ilə əlaqələri yüksək səviyyədədir - AÇIQLAMA

SİYASƏT

18 Noyabr 2025 | 15:43

Azərbaycanın ərəb ölkələri ilə əlaqələri yüksək səviyyədədir - AÇIQLAMA

Azərbaycanın ərəb ölkələri ilə münasibətləri indiki məqamda yüksək səviyyədədir və bunu konkret bir ölkə ilə məhdudlaşdırmaq düzgün olmaz.

Bunu politoloq Turan Rzayev Bakıvaxtı.az-a Azərbaycanın ərəb ölkələri ilə olan münasibətlərini şərh edərkən deyib.

Politoloqun fikrincə, bu gün Azərbaycan istər Yaxın Şərq, istər Şimali Afrika ölkələri ilə münasibətlərini yüksək səviyyədə saxlayır. Bunun göstəricisi həm İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti, həm də Ərəb Liqasına qonaq qismində dəvət edilməsidir. Ümumiyyətlə, Azərbaycan-ərəb münasibətlərinin köklü tarixi var.

"Dini və mədəni əlaqələrimiz uzun əsrlərdən bəri mövcuddur, sovet dövründə də Azərbaycan cənub sərhədləri boyunca ərəb ölkələri ilə sıx əlaqələr qurub.

Müstəqillik illərindən sonra da münasibətlər davam edib. Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan ərəb ölkələrindən dəstək alıb və bu ölkələr də hər zaman Azərbaycana dəstək veriblər. Təbii ki, bəzi vaxtlarda müəyyən problemlər yaşanıb. Məsələn, Suriya Əsəd rejimi dövründə münasibətlərdə xoşagəlməz tendensiya müşahidə olunurdu, amma Əsəd sonrası Azərbaycan Suriyaya dəstək verən ölkələrdəndir. Hətta Socar şirkətinin Suriyada fəaliyyəti mövcuddur və Suriya-Türkiyə xətti üzərindən şirkət ciddi səhmlər əldə edib".

Turan Rzayev: Ərəb ölkələri Qarabağdakı yenidənqurma işlərinə yardım edir

Ekspert qeyd edir ki, Azərbaycan-Misir münasibətləri də kifayət qədər müsbət səviyyədədir və prezident Əbdülfəttah Əs-sisinin dövründə əlaqələr ən yüksək səviyyəyə çatıb.

"Ərəb ölkələri arasında Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Bu iki ölkə Qarabağda ağıllı kəndlərin qurulmasında və innovativ texnologiyaların tətbiqində Azərbaycana yardım göstərir. Eyni zamanda, BƏƏ Ermənistan-Azərbaycan münaqişəsi kontekstində neytral rol oynayaraq prosesi dəstəkləyib".

Ümumilikdə, ərəb ölkələrinin Azərbaycana dini, mədəni və siyasi sahələrdə dəstək verdiyini vurğulayan ekspert bildirib ki, investisiyalar bu gün də davam edir və bu, Azərbaycan tərəfdən də qarşılıqlıdır.

"Xüsusilə Azərbaycan Fələstin məsələsində aktiv rol alır, humanitar yardımlar edir və nümayəndəlik saxlayır. Azərbaycanın mövqeyi radikal qərarlardan uzaqdır və hər zaman açıq qapı siyasətini qoruyur".

Müsahibimiz bildirib ki, ərəb dili və mədəniyyətinə verilən önəm, həmçinin təhsil müəssisələrinin fəaliyyəti də yüksək səviyyədədir.

"Tarixi məscidlərin bərpası işlərində isə xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq mövcuddur. Günəş və təmiz enerji sahəsində də bu ölkələr ilə sıx münasibətlər qurulub və əlaqələrin inkişafı davam edir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR