“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsi hesabına azətimantlı ailələrin daşınmaz əmlaklarının icbari sığortası üzrə sığorta haqqını qarşılamalıdır. Məndə olan məlumata görə 2018-ci ildən bu yana nazirlik aztəminatlı ailələrin evlərinin sığorta haqqını ödəmir”.
Bu barədə Bakivaxti.az-a açıqlamasında sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 40.3-cü maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib Bakivaxti.az-ın informasiya sorğusuna cavabında bildirib ki, aztəminatlı ailələr dövlət tərəfindən daim dəstək tədbirləri ilə əhatə olunurlar:
“Qanuna uyğun olaraq bu dəstək mənzillərin icbari sığortası sahəsində də özünü göstərir. Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortasının həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi işlər aparılır.
Həmin ailələrin siyahısı aidiyyəti üzrə təqdim edilməklə onların yaşayış evlərinin və mənzillərin icbari sığortası dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.
Ona görə də aztəminatlı ailələrin evlərinin sığorta haqqının ödənilmədiyi barədə qeyd edilənlər əsassızdır”.
Ramid İbrahimov
Bakivaxti.az
















