Bakının beynəlxalq siyasi platformalardakı çəkisi artmaqda davam edir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının Azərbaycanda yaradılması təşəbbüsü ölkənin qlobal parlament diplomatiyasında rolunun güclənməsinin yeni mərhələsi kimi qiymətləndirilir.
Bu addım Azərbaycanın beynəlxalq siyasi təsir imkanlarına və çoxtərəfli əməkdaşlıq mexanizmlərində mövqeyinə necə təsir göstərəcək?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılma qərarı Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub. 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub.
Politoloq qeyd edir ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. Azərbaycan bu təşkilata liderlik edib və bu təşkilat tarixin ən məhsuldar dövrü hesab edilir. Onun sözlərinə görə, xüsusi ilə COVID-19 zamanı təşkilat daxilində həmrəylik çağırışları, videokonfrans formatında zirvələrin təşkili və vaksinlərə bərabər çıxış mövzusunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qaldırılması Bakının təşəbbüsləri arasında idi:
"Bu gün onlarla ölkəni bir araya gətirən bu təşkilatın parlament qolunun daimi qərargahının Bakıda yaradılması ölkəmizə verilən diqqətin və təşkilat üçün gördüyü işlərin real nəticəsidir".
.jpeg)
Turan Rzayev: Bu proses Azərbaycana öz mövqelərini daha geniş auditoriyaya çatdırmaq imkanı verir
Müsahibimiz bildirib ki, parlament diplomatiyası klassik dövlət başçıları səviyyəsində aparılan danışıqlardan fərqli olaraq daha elastik və çoxkanallı olur. Burada müxtəlif ölkələrin deputatları arasında davamlı əlaqələr qurulur, qeyri-rəsmi təsir imkanları formalaşır. Dediyinə görə, qərargahın Bakıda olması isə o deməkdir ki, bu əlaqələrin əhəmiyyətli hissəsi məhz burada qurulacaq, tədbirlər, müzakirələr və təşəbbüslər Azərbaycan üzərindən keçəcək.
"Digər tərəfdən, bu proses Azərbaycana öz mövqelərini daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Xüsusilə inkişaf etməkdə olan ölkələr arasında siyasi koordinasiya baxımından Bakı artıq sadəcə iştirakçı yox, müəyyən mənada platforma təmin edən tərəf roluna keçir. Bu isə gündəmin formalaşdırılmasına dolayı təsir deməkdir", - deyə Turan Rzayev əlavə .edib
Zeynəb Rzayeva
Bakı 




