• Bakı 31° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Bakı-Vaşinqton-İrəvan xəttində yeni mərhələ: Azərbaycan Cənubi Qafqazın siyasi mərkəzinə çevrilir

SİYASƏT

10 Avqust 2026 | 11:04

Bakı-Vaşinqton-İrəvan xəttində yeni mərhələ: Azərbaycan Cənubi Qafqazın siyasi mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son telefon danışığı Cənubi Qafqaz ətrafında formalaşan yeni siyasi reallıqların göstəricisi kimi qiymətləndirilə bilər. Danışığın 2025-ci il 8 avqust Vaşinqton görüşünün birinci ildönümünə təsadüf etməsi də xüsusi siyasi məna daşıyır.

Bir il əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə və sülh sazişinin mətninin paraflanması uzunmüddətli qarşıdurmadan sonrakı mərhələnin əsasını qoymuşdu. İndi isə Bakı və Vaşinqton həmin razılaşmaların icrası, regional kommunikasiyalar və TRIPP layihəsi üzərindən artıq praktiki nəticələri müzakirə edirlər. Bu, Azərbaycan-ABŞ münasibətlərinin yalnız təhlükəsizlik və enerji çərçivəsində deyil, regional nəqliyyat, bağlantılar və sülh arxitekturası üzərindən də inkişaf etdiyini göstərir.

Telefon danışığında TRIPP layihəsinə xüsusi diqqət ayrılması təsadüfi deyil. Azərbaycan ərazisində müvafiq nəqliyyat infrastrukturunun başa çatmaq mərhələsində olması Bakının regional kommunikasiyaların açılmasına faktiki olaraq hazır olduğunu göstərir. Perspektivdə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında bağlantının yaradılması təkcə iki coğrafi hissənin birləşdirilməsi demək deyil. Bu xətt Xəzər hövzəsi və Mərkəzi Asiyadan Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan daha böyük nəqliyyat şəbəkəsinin tərkib hissəsinə çevrilə bilər. Beləliklə, Cənubi Qafqazda sülhün iqtisadi dayaqlarının yaradılması ilə Azərbaycanın tranzit və geoiqtisadi əhəmiyyətinin yüksəlməsi paralel proseslər kimi inkişaf edir.

Diqqət çəkən digər mühüm məqam Donald Trampın İlham Əliyevi ABŞ-də keçiriləcək G20 sammitinə dəvət etməsidir. Azərbaycan G20-nin üzvü olmadığı üçün belə dəvətin siyasi çəkisi ayrıca qiymətləndirilməlidir. Bu, Vaşinqtonun Azərbaycanı yalnız Cənubi Qafqaz çərçivəsində deyil, enerji təhlükəsizliyi, Orta Dəhliz, Avropa-Asiya bağlantıları və regional sabitlik baxımından daha geniş beynəlxalq platformalarda əhəmiyyətli tərəfdaş kimi nəzərdən keçirdiyini göstərən siqnaldır. İlham Əliyevin dəvətə görə təşəkkür etməsi də Bakı-Vaşinqton siyasi dialoqunun yüksək səviyyədə davam etdirilməsində qarşılıqlı marağın olduğunu göstərir. Azərbaycan üçün G20 platformasında iştirak həm ölkənin beynəlxalq görünürlüğünü artırmaq, həm də böyük iqtisadi və siyasi güclərlə birbaşa təmasları genişləndirmək baxımından mühüm fürsətdir.

Bu proseslərin fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın İlham Əliyevə zəng etməsi isə Bakı–İrəvan münasibətlərində diqqətəlayiq yeni siyasi ünsiyyət modelinin formalaşdığını göstərir. Ermənistan hökumətinin rəsmi məlumatına görə, telefon danışığında tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsinin gedişini müzakirə edib, həmçinin Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhün faydalarını real həyatda hiss etməyə başlamasının vacibliyini vurğulayıblar. Liderlərin vasitəçilərsiz birbaşa telefon təması xüsusilə əhəmiyyətlidir. Çünki uzun illər Azərbaycan-Ermənistan danışıqları əsasən üçüncü tərəflərin təşkil etdiyi görüşlər vasitəsilə aparılırdısa, indi birbaşa siyasi kommunikasiya tədricən normallaşmanın ayrıca mexanizminə çevrilə bilər.

Burada daha geniş geosiyasi dəyişiklik də nəzərə alınmalıdır. Cənubi Qafqazda əvvəllər dominant olan münaqişə və vasitəçilik modeli tədricən sülh, iqtisadi qarşılıqlı asılılıq və nəqliyyat bağlantıları modeli ilə əvəz olunur. ABŞ-ın prosesə marağının artması, TRIPP layihəsinin gündəmdə saxlanılması və Bakı ilə İrəvan arasında birbaşa dialoqun davam etməsi regiondakı ənənəvi qüvvələr balansına da təsir göstərir. Azərbaycan isə bu konfiqurasiyada xüsusi mövqeyə malikdir: Türkiyə ilə strateji müttəfiqliyə, Mərkəzi Asiya ilə genişlənən əlaqələrə, Avropa üçün enerji və nəqliyyat əhəmiyyətinə, eyni zamanda ABŞ-la inkişaf edən siyasi dialoqa malikdir. Bu çoxşaxəli əlaqələr Bakının regional proseslərdə manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Əliyev-Tramp və Əliyev-Paşinyan telefon danışıqlarını birlikdə qiymətləndirdikdə daha mühüm mənzərə ortaya çıxır. Bir tərəfdən Azərbaycan ABŞ kimi qlobal güclə strateji əhəmiyyət daşıyan regional layihələri və beynəlxalq əməkdaşlığı müzakirə edir, digər tərəfdən isə Ermənistanla birbaşa sülh dialoqunu davam etdirir. Bu iki istiqamətin paralel inkişafı Bakının həm qlobal aktorlarla münasibətlərdə, həm də regional gündəliyin formalaşdırılmasında mövqeyinin gücləndiyini göstərir. Qarşıdakı əsas məsələ əldə edilmiş siyasi razılaşmaların hüquqi və praktiki müstəviyə tam keçirilməsi, kommunikasiyaların açılması və sülhün geri dönməz xarakter almasıdır. Əgər bu proses ardıcıl davam edərsə, Cənubi Qafqazın gələcək siyasi arxitekturası münaqişədən daha çox iqtisadi bağlantılar, qarşılıqlı maraqlar və regional əməkdaşlıq üzərində qurula bilər.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026