Bu gün Bakıda sayca 30-cu "Baku Energy Week"in ikinci günü öz işinə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, sərgi çərçivəsində keçiriləcək panel müzakirələrinin mövzusuna "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar", "Enerji sektorunda süni intellektin rolu", eləcə də "Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu" kimi məsələlər daxil edilib. Bundan başqa, bu gün sərgi çərçivəsində ikitərəfli biznes görüşləri (B2B),l və “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin CIM/SMGS elektron yük qaiməsi üzrə pilot layihəsinin İşci Qrupunun Qapalı İşci Sessiyası da keçiriləcək.
"Baku Energy Week"in əhəmiyyəti ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, “Baku Energy Week” çərçivəsində keçirilən sərgilər həm də Azərbaycanın enerji resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində yeni uğurlar qazanması üçün bir platformadır. Çünki bu gün enerji sahəsində yeni, innovativ texnolojiyaların tətbiqi bir zərurətə çevrilir:
"Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı ölkəmizin bu sahədəki uğurlarından ətraflı danışdı. Bu gün Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilməkdədir. Biz indi yaşıl enerji mənbələrindən daha geniş istifadə etməklə, ölkəmizin enerjiyə olan təlabatının bir qismini bu hesabla təmin etmək istəyirik. Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olmağı hədəfləyir ki, bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək".
Fikrət Yusifov: Alternativ enerji mənbələrindən əldə olunacaq enerjinin bir qisminin Avropa bazarlarına çıxarılmasını hədəfləyirik
F.Yusifov qeyd edib ki, bu addımlar nəticəsində ölkə daxilində istifadəsi azalan qazı Avropaya – qaza daha çox ehtiyacı olan ölkələrə sata biləcəyik.
"Bir neft-qaz ölkəsinin alternativ enerji mənbələrindən istifadəyə bu qədər önəm verməsi o deməkdir ki, biz ölkənin enerji təchizatı məsələsində daha uzağa baxmağı bacarırıq. Biz bu gün paralel olaraq alternativ enerji mənbələrindən əldə olunacaq enerjinin bir qisminin yaxın gələcəkdə Avropa bazarlarına çıxarılmasını hədəfləyirik", - deyə müsahibimiz əlavə edib.
Qeyd edək ki, iyunun 4-dək davam edəcək “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.
Gülşən Şərif