Xəbər verdiyimiz kimi, ötən gün deputat Erkin Qədirli açıqlamalarından birində Milli Məclisə özü də daxil olmaqla, digər deputatların demokratik yolla seçilmədiyini bildirib.
Millət vəkili Fəzail Ağamalı isə Bakıvaxtı.az-a bildirib ki, həmkarının fikirləri ilə razı deyil:
“Əlbəttə ki, mən Erkin Qədirlinin bu fikirləri ilə razı deyiləm. Söylədiklərini böhtan kimi qiymətləndirirəm. Danışdıqları səmimi etiraf deyil. Əgər doğrudan da o, Milli Məclisə demokratik yolla seçilməyibsə, niyə görə 3 ildir bu mandatdan istifadə edir, Milli Məclisin deputatı kimi onun səlahiyyətərindən bəhrələnir? Bundan əlavə, Erkin Qədirli 3 ildir ki, Milli Məclisdən yüksək əməkhaqqı alır”.
Deputat qeyd edib ki, həqiqətən Erkin Qədirli səmimi insandırsa, mandatı qəbul etməzdi və bəyan edərdi ki, seçkilərdə saxtakarlıq olub:
“Onun nə haqqı çatır ki, çətinliklə, ciddi rəqabət şəraitində mənə verilən səsləri həqiqiliyinə böhtan atır və seçicilərimin hüquqlarını tapdalayır? Erkin Qədirli ya üzr istəyib mandatını təhil verib getsin, ya da verdiyi açıqlamasına görə xalqdan üzr istəyib fəaliyyətini davam etdirməlidir. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Qaydalara görə, hadisə dəqiqləşdirilməlidir, araşdırmalar aparılmalıdır və millət vəkilinin Nizamnaməni pozduğu şəraitində mandatı əlindən alınmalıdır. Ona görə də biz bir neçə gün gözləməliyik. Erkin Qədirlinin verdiyi açıqlama nə dərəcədə Nizamnaməyə uyğundur və ya deyil araşdırıldıqdan sonra dəqiq söz demək olar”.
Nuranə Daxilqızı
















