• Bakı C

    6.42 m/s

Bəstəkar Sərdar Fərəcov: “O xəbəri eşidən kimi piano arxasına keçdim...” - MÜSAHİBƏ

MÜSAHİBƏ

26 Iyun 2022 | 17:37

Bəstəkar Sərdar Fərəcov: “O xəbəri eşidən kimi piano arxasına keçdim...” - MÜSAHİBƏ

Tanınmış bəstəkar, Xalq artisti Sərdar Fərəcovla Üzeyir Hacıbəylinin ev-muzeyində görüşürük. Münsiflər Heyətinin üzvü olduğu “Muğam müsabiqəsi”nin növbəti turu ilə bağlı rayona səfərə hazırlaşır. Vaxtı az olsa da, Bakıvaxtı.az-a müsahibəyə zaman ayırır. Direktorun kabinetindəki masanın üzərində “Muzıka i vremya” jurnalınin yeni sayı diqqətimi çəkir. Rusiya paytaxtında nəşr edilən bu jurnalın yeni sayının üz qabığında müsahibimizin fotosu verilib.

- Sərdar müəllim, müsahibəyə tamam başqa bir sualla başlamağı planlaşdırmışdım, amma kabinetinizdəki bu jurnalı görəndən sonra fikrimi dəyişməli oldum. Deyirəm bəlkə söhbətə elə “Muzıka i vremya” jurnalından başlayaq. Çünki belə nüfuzlu nəşrin üz qabığında azərbaycanlı bəstəkarın fotosunun verilməsi sıradan bir hadisə deyil...

- Qızım Humay Fərəcova Milli Konservatoriyamızın doktorantıdır, musiqidə dastanlar barədə elmi araşdırmalar aparır. Bu mövzu üzərində çalışarkən mənim illər öncə yazdığım “Şah Xətai” simfoniya-dastanını da təhlil edib. Elmi məqaləni bir neçə ay öncə “Muzıka i vremya” jurnalına göndərmişdi. Məqalə redaksiya heyətinin marağına səbəb olmuşdu və qızımla əlaqə saxlayıb mənim yaradıcılığım haqqında əlavə məlumatları, fotolarımı göndərməyi xahiş etmişdilər. Bu barədə eşidəndə düşündüm ki, redaksiya sadəcə maraqlanır. Jurnalın sonuncu sayını görəndə təbii ki, mənim üçün də gözlənilməz oldu. Amma onu da qeyd edim ki, bu, mənim Rusiyanın musiqi ictimaiyyəti ilə ilk tanışlığım deyil, çünki əsərlərim zaman-zaman həm Moskvada, həm də ölkənin ayrı-ayrı şəhərlərində ifa olunub və maraqla da qarşılanıb. 2019-cu ildə Ufa şəhərində TÜRKSOY-un sifarişi ilə yazdığım “Türk şöləni” simfonik uvertüram maraqlı bir orkestrin ifasında səsləndirildi, tamaşaçılar, musiqişünaslar yüksək qiymət verdilər. Görünür, jurnalın redaksiya heyəti bu məqamı da nəzərə alıb.

- Bəstəkarlar adətən efirlərdə, mətbuatda nadir hallarda görünür, daha çox onların əsərləri “danışır”. Amma son vaxtlar sizi həftədə iki dəfə “Mədəniyyət” TV-də “Muğam müsabiqəsi”nin münsiflər heyətinin üzvü kimi görürük...

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və AzTV 2005-ci ildən başlayaraq çox mühüm bir layihə həyata keçirir. Qədim tarixə malik muğamlarımızın yaşadılması, təbliğ edilməsi, gənc istedadların tapılıb üzə çıxarılması baxımından “Muğam müsabiqəsi”nin əhəmiyyəti böyükdür. Təsadüfi deyil ki, elə ilk vaxtlardan bu müsabiqə xalq arasında böyük populyarlıq qazanıb. Bu günə kimi “Muğam müsabiqəsi”nin qalibi seçilən gənclərin arasında artıq fəxri ad alanlar, Azərbaycan musiqisini xarici ölkələrdə layiqincə təqdim edənlər var.

Mənim bu layihədə iştirakıma gəlincə, bilirsiniz ki, Bəstəkarlar İttifaqının katibi, Xalq artisti, musiqişünas alim, professor mərhum Ramiz Zöhrabov münsiflər heyətinin üzvü idi. Sonra tale elə gətirdi ki, Ramiz müəllim səhhətinə görə iştirak edə bilmədi. 2013-cü ildə münsiflər heyətinin üzvü olmaq mənə təklif olundu və təbii ki, sevə-sevə bu işə razılıq verdim.

Həmin vaxt mən həm Bəstəkarlar İttifaqının katibi, həm də Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru idim. Üstəlik, 5 ilə yaxın idi ki,  AzTV-də həftəlik “Musiqi xəzinəsi” verilişini aparırdım. Yəqin ki, bütün bunlar mümkün namizədlər arasından məhz mənim seçilməyimdə mühüm rol oynamışdı.

Etiraf edim ki, “Muğam müsabiqəsi”nin münsiflər heyətində təmsil olunmağım məni geniş tamaşaçı kütləsinə tanıtdı. Çünki aparıcısı olduğum “Musiqi xəzinəsi” verilişinin auditoriyası ilə “Muğam müsabiqəsi”nin auditoriyası arasında fərq çoxdur. Bayaq qeyd etdiyim kimi, bu layihə böyük populyarlıq qazanıb, istər ölkəmizin hər yerində, istərsə də xaricdə maraqla izlənilir. Müsabiqə davam edən günlərdə insanlar tez-tez mənə yaxınlaşır, fikirlərini bildirir, təşəkkür edirlər. Görünür, hər bir iştirakçıya qarşı obyektiv yanaşmam tamaşaçıların da diqqətindən yayınmayıb. Bu, mənim məsuliyyətimi bir qədər də artırır, inanıram ki, münsiflər heyətinin hər bir üzvü eyni hissləri yaşayır.

Həqiqətən də belə bir nüfuzlu müsabiqədə münsif olmaq çox məsuliyyətli bir missiyadır. İstedadları ilə seçilən hər bir iştirakçının çıxışına qiymət verəndə hər dəfə daxilən çox gərginlik keçiririk. Bəzən həmin gəncləri ifasındakı qüsura görə tənqid də etməli oluruq, iradlarımızı bildiririk, bundan hərdən inciyən də olur. Amma son nəticədə ən istedadlılar qalib gəlir, bu, bir daha göstərir ki, “Muğam müsabiqəsi” çox obyektiv keçirilir. Münsif kimi bizim yaşadığımız hisslər, keçirdiyimiz gərginlik necə deyərlər, sonda xoş bir işə vəsilə olur. Azərbaycanın rəsmi dövlət telekanalı müsabiqə qaliblərini işə alır, Mədəniyyət Nazirliyi müsabiqədə fərqlənənləri dövlət konsertlərinə dəvət edir, xarici qastrollara göndərir. Deməli, həm mədəniyyətimiz, musiqimiz yeni ifaçılar qazanır, həm də gənclər öz istedadlarını realizə edə bilirlər. Bütün bunlar dövlətimizin, Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım Əliyevanın mədəniyyətimizə, istedadlı yaradıcı gənclərə göstərdiyi diqqət və qayğının sayəsində mümkün olur.

Yeri gəlmişkən, onu da qeyd edim ki, belə müsabiqələr Üzeyir Hacıbəylinin sağlığında da keçirilib. Üzeyir bəy gənc muğam ifaçılarının, musiqiçilərin seçilməsi üçün müxtəlif müsabiqələr təşkil edib. Amma bu gün Azərbaycan dövlətinin bu sahəyə ayırdığı diqqət ölçüyəgəlməzdir.

- Münsiflər heyətinin üzvü kimi sizdən builki yarışmanın favoritinin adını soruşsam, yəqin ki, birmənalı cavab ala bilməyəcəm...

- İstedadı olan hər bir gənci öz doğmam, əzizim hesab edirəm. “Muğam müsabiqəsi”nin bu mərhələsinə gələn hər bir ifaçı istedadlıdır və qalib gəlmək şansı var. Lakin müsabiqənin ən maraqlı tərəfindən də biri odur ki, yarışma uzun bir marafondur. Marafonun hansısa bir mərhələsində kimsə səhv edir və şansı rəqibinə buraxır. Builki müsabiqəmiz iki aydır ki, davam edir və artıq yarışmanın həlledici mərhələsinə qədəm qoyuruq. Bu ərəfədə münsif kimi mənim konkret ad çəkməyim bəlkə də doğru anlaşılmaz, ona görə də gəlin tələsməyək. İnanıram ki, həmişə olduğu kimi bu dəfə də layiq olan qalib gələcək!

- Yaradıcılığınızın mühüm bir qolunu teatr tamaşalarına, kinofilmlərə yazdığınız musiqilər təşkil edir. Hazırda hansı tamaşanın musiqisi üzərində çalışırsınınız?

- Məni bir teatr bəstəkarı kimi kəşf edən unudulmaz rejissorumuz mərhum Hüseynağa Atakişiyev olub. Məhz Hüseynağa müəllimin istəyi ilə o zamankı Dövlət Gənclər Teatrında səhnəyə qoyulan Əli Əmirlinin “Onun iki qabırğası” tamaşasına ilk dəfə musiqi yazmışam. Elə ilk iş prosesindən biz bir-birimizi gözəl başa düşdük və nəticədə maraqlı bir tamaşa alındı. Bir aydan sonra Hüseynağa müəllim zəng vurdu ki, artıq növbəti yeni bir səhnə əsərinə musiqi yazmalısan. Beləcə bir mövsümdə Gənclər Teatrı üçün 4 və ya 5 tamaşaya musiqi bəstələdim, bunun özü bəstəkara bir işarə idi, yəni sən artıq teatr bəstəkarı kimi qəbul olunursan.    

Mərhum dostum, rejissor Rövşən Almuradlını bu məqamda xatırlamasam olmaz. Rövşən bəylə birgə maraqlı yaradıcılıq işlərimiz olub, o, rejissor olmaqla yanaşı həm də filosof idi, hər sözdə, sətirdə bir məna axtarırdı. Öz potensialını realizə etmək üçün bəstəkara geniş şərait yaratmağı sevirdi. Ona görə də Rövşən bəylə birgə çalışmaq mənə xoş idi.  

Rövşən Almuradlı “Cavad xan” bədii filmini çəkməyə başlayanda filmə musiqi yazmağı mənə təklif etdi və mən bu işə çox həvəslə başladım. Film ekranlara çıxdı, böyük maraqla baxıldı. Sonra mən yazdığım musiqinin həmin filmə düşməyən hissələri üzərində yenidən bir də işlədim və nəticədə “Cavad xan” baleti yazıldı. Həmin əsər Akademik Opera və Balet Teatrında tamaşaya qoyuldu.

Rövşən Almuradlının Milli Akademik Dram Teatrının səhnəsində quruluş verdiyi İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” və Fridrix Dürremanttın “Yaşlı xanımın gəlişi” tamaşalarına da musiqiləri mən yazdım. Hər iki tamaşa uğurla repertuara daxil edildi.

“YUĞ” Dövlət Teatrının direktoru, yaxın dostum İslam Həsənovun dəvəti ilə bir neçə il öncə “Lənət” tamaşasına musiqi yazdım. Bildiyiniz kimi, bu tamaşa dahi Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanıb və Bolqarıstandan dəvət edilən Xristo Stoyçevin quruluşunda səhnəyə qoyulub. “YUĞ” teatrı ilə əməkdaşlığım maraqlı və uğurlu alındı.  

Sualınızın sonuncu hissəsinə gəlincə, bu yaxınlarda Şəki Dövlət Dram Teatrından dəvət almışam. Teatrda Şəki xanı Çələbi xanın həyatından bəhs edən tamaşa hazırlanır, səhnə əsərinə musiqi yazmağı mənə təklif ediblər. Bəstəkar kimi üzərimə düşən işi artıq başlamışam, yəqin ki, təxminən bir aya musiqiləri tamamlayıb təhvil verə biləcəyəm, sentyabrda yeni tamaşanın premyerası olacaq. Məncə çox maraqlı bir iş alınacaq inşallah.

- Bu gün cəmiyyətimiz Vətən savaşında tarixi qələbəmizdən sonra tanınmış yaradıcı insanlardan hesabat soruşur. Qarabağdakı Zəfərimiz bəstəkar Sərdar Fərəcovun yaradıcılığında necə əks olunub?

- Azərbaycan xalqının 30 ilə yaxın bir müddətdə həsrətlə gözlədiyi an gəlib çatdı, Ali Baş Komandanın əmri ilə Müzəffər Ordumuz torpaqları erməni işğalından təmizlədi. Cəmi 44 günə tarixi qələbəyə nail olduq, Qarabağ azad edildi. Dövlət başçısı İlham Əliyevin Şuşanın azad edilməsi barədə verdiyi şad xəbər hər birimizdə böyük qürur və sevinc hissi oyatdı. Həmin şad xəbəri eşidən an mən bir bəstəkar kimi piano arxasına keçdim və yeni əsərimin “Azad Şuşa” qəhrəmanlıq odasının ilk notları doğuldu. Çox qəribədir ki, əsərin musiqisi ilə sözləri qoşa yarandı və mətnini də özüm yazdım, əsər bir neçə aya tamamlandı. Ötən ilin noyabrında Heydər Əliyev Sarayında Azərbaycan bəstəkarlarının Şuşaya həsr etdikləri əsərlərlə bağlı keçirilən konsertdə “Azad Şuşa” qəhrəmanlıq odası ilk dəfə səsləndirildi.  

Bu, mənim Qarabağ mövzusunda ilk əsərim deyil, hələ bir neçə il öncə böyük sufi alimi və şairi Mir Həmzə Seyid Nigari Qarabağinin şeiri əsasında “Qarabağnamə” əsəri bəstələmişəm. Bu əsərimin həm vokal variantı var, həm də tar və orkestr üçün versiyası da. Xalq artisti, görkəmli tarzən  Ramiz Quliyevin ifasında “Qarabağnamə” müxtəlif konsertlərdə, hətta bir neçə xarici ölkənin səhnələrində səsləndirilib.

Qarabağla bağlı trilogiyanı “Cıdır düzündə bayram” adlı fortepiano üçün poemam tamamlayır. Bu əsəri Avropada yaşayan istedadlı pianoçumuz Ədilə Əliyevanın təklifi ilə bəstələdim və Ədilə xanım Üzeyir bəyin ev- muzeyində dahi bəstəkarımızın ad gününə həsr olunan tədbirdə ilk dəfə ifa etdi.   

- Üzeyir Hacıbəylidən söhbət düşmüşkən bir məsələyə aydınlıq gətirək. Üzeyir bəy ömrünün son illərini Bakıda “Monolit” kimi tanınan məşhur binada yaşayıb. Ev-muzeyi üçün niyə məhz Şamil Əzizbəyov 67 ünvanındakı evi seçilib?

- Rəhmətlik Üzeyir bəy bu mülkü 1915-ci ildə öz pulu ilə alıb və 1942-ci ilə qədər burada yaşayıb. Bir çox ölməz əsərlərini, o cümlədən, “Koroğlu” operasını məhz bu evdə yazıb. 1942-ci ildə bəstəkara “Monolit”də 6 otaqlı mənzil verilib. Dahi bəstəkar 23 noyabr 1948-ci ildə dünyasını dəyişəndən bir il sonra onun ev-muzeyinin yaradılması barədə qərar verilib. “Monolit”dəki otaqlar kiçik olduğundan Nazirlər Sovetinin 16 fevral 1949-cu il tarixli qərarında muzeyin məhz əvvəlki evində yaradılması qərara alınıb. Amma qərar müxtəlif səbəblərdən uzun müddət icra edilmir, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbər təyin ediləndən sonra bu məsələ ilə ciddi məşğul olur və 1975-ci il noyabrın 20-də Üzeyir bəyin ev-muzeyi qapılarını ziyarətçilərin üzünə açır. Heydər Əliyev həmin mərasimdə şəxsən iştirak edir. 2005-ci ildə İlham Əliyev prezident kimi bu muzeydə təmir işlərinin aparılması üçün sərəncam imzalayıb, qonşuluqdakı köhnə həyət də dövlət tərəfindən alınaraq muzeyin ərazisinə verilib, inzibati bina tikilib. İndi muzey iki hissədən-memorial və administrativ  hissədən ibarətdir. 2025-ci ildə muzeyimizin 50 yaşı tamam olacaq, ümid edirəm ki, yubiley ərəfəsində dövlətimizin diqqəti və qayğısı ilə burada təmir işləri aparılar inşallah.   

Onu da deyim ki, Üzeyir bəyin Şuşada da ev-muzeyi var idi, 1959-cu ildə açılan bu muzey 1992-ci ildə Şuşa işğal olunanda fəaliyyətini dayandırmağa məcbur oldu. Bu gün Şuşamız artıq öz azadlığına qovuşub, şəhərdəki bütün tarixi məkanlar, o cümlədən, Üzeyir bəyin ev-muzeyi də bərpa olunacaq. Bakıdakı ev-muzeyinin kollektivi olaraq bu prosesdə yaxından kömək etməyə hazırıq, çünki bunu özümüzə bir borc bilirik.  

Etibar Cəbrayıloğlu


SON XƏBƏRLƏR

03 Dekabr 2022