• Bakı 24° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Bir hökm, iki fərqli mövqe: Arzum olayı cəmiyyəti parçaladı

CƏMİYYƏT

03 Iyul 2026 | 17:22

Bir hökm, iki fərqli mövqe: Arzum olayı cəmiyyəti parçaladı

Tiktoker Arzumun həbsi ilə bağlı cəmiyyət ikiyə bölünüb. Bəziləri ölən şəxsin adamlarını haqsız bilir, bəziləri hökmü ədalətli sayır. Qıcıq doğuran məqamlardan biri hadisədən sonra tiktokerin xaricdə əyləncəli videolar paylaşmasıdır.

Bəs görəsən, belə hadisələrdə niyə qütbləşirik? Qanunları yaxşı bilməməyimiz bu qütbləşmənin bir səbəbi ola bilərmi?

Nail Cəlil: İnsanların qanunlar barəsində məlumatsız olması obyektiv səbəblər sırasındadır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Nail Cəlil bildirib ki, sözügedən məsələ ilə bağlı fərqli fikirlərin olması təbii və gözləniləndir. Lakin ortada qəza motivli cinayət faktı varsa, bunun cəzası da olmalıdır.

Onun sözlərinə görə, qəza nəticəsində həlak olan şəxsin yaxınları tiktokeri bağışlamırlarsa, cəzanın müəyyən bir ağırlığı olur:

"Əslində 5 il 2 aylıq cəza elə də böyük və ağır cəza deyil. Yəqin ki, hüquq-mühafizə orqanları yetərincə humanist davranıblar. Lakin cəmiyyətdə qəzanın müxtəlif rakurslardan müqayisəsi ilə bağlı fərqli nəticələr çıxarılır. Biz kimisə ittiham etmək səlahiyyətinə malik deyilik, amma ictimai qınaq varsa, demək müəyyən bir obyektiv səbəblər var. Bu baxımdan ictimai qınağa cavab vermək üçün qarşı tərəfin tutarlı arqumentləri olmalıdır”.

Müsahibimiz deyib ki, digər məsələ hadisə törədiləndən sonra şəxsin orada olmaması ilə bağlı müəyyən arqumentlərin səsləndirilməsidir. Biz prosesi axıra qədər izləyə bilməmişik, kimin haqlı, kimin haqsız olduğunu yenə də istintaq orqanları müəyyən edir.

Sosioloqun fikrincə, qeyd olunan məsələnin geniş müzakirəsinin əsas səbəblərindən biri də insanların əksəriyyətinin öz hüquqlarını bilməməsindən qaynaqlanır.

"Əksər insanların qanunlar barəsində məlumatsız olması, öz hüquq və vəzifələrini yaxşı bilməməsi obyektiv səbəblər sırasındadır. İnkişaf etmiş ölkələrdə, Amerikada, Britaniyada və ya Fransada da oxşar davranış nümunələrinə rast gəlinir.Kimlərsə TikToker Arzumun eyni həyat tərzini bəyənir, paylaşır, bölüşür və onu müdafiə edir. Yəni, onu hansısa bir formada arqumentləşdirib haqq qazandırmağa çalışırlar. Validənlərin davranışı da başadüşüləndir, övladlarını dəmir barmaqlıqlar arxasında görmək istəmirlər. Bütün hallarda yol hərəkəti qaydalarına riayət etməklə və avtomobil idarə edərkən diqqətli olmaqla, belə hadisələrin qarşısını almaq mümkündür",  - Nail Cəlil qeyd edib.

Fərqanə Mehmanqızı: Cəmiyyətin qütbləşməsinin başlıca səbəbi qanunların bilinməməsidir

Məsələnin psixoloji tərəfini Bakıvaxtı.az-a şərh edən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, qütbləşmənin başlıca səbəbi qanunların bilinməməsidir.

O vurğulayıb ki, kütlə fikir olaraq həmişə hər hansı bir hadisəyə münasibətdə iki və daha çox hissəyə bölünə bilər. Çünki insanlar müxtəlifdir. Bu o deməkdir ki, cəmiyyətlər və fikirlər də müxtəlifdir:

"Əslində baş verən hadisə nə ilk, və nə sondur. Sadəcə qəzanı törədən şəxs üzdə olan adamdır deyə törətdiyi hadisə belə səs-küyə səbəb olub. Bəzi yazılmayan qaydalar var ki, biz cəmiyyət olaraq bu qaydalara riayət etməliyik. Əgər hər hansı bir şəxs cəmiyyətin ümumiləşdirilmiş, yazılmamış qaydalarına riayət etməsə, o zaman müəyyən məsələlərdə ittiham olunur. Arzum bir qəza törədib, orada insan rəhmətə gedib. Arzumun hadisədən müəyyən müddət sonra cəmiyyət qarşısında deyib-gülüb oynamağı, sosial şəbəkədə aktivliyi, rəftarı insanlarda qıcıq yaradıb".

F.Mehmanqızı hesab edir ki, TikToker başqa cür özünü cəmiyyətin qaydalarına uyğun aparsaydı, ona yanaşma fərqli olacaqdı. Bu gün Arzum adında bloger bizim cəmiyyətin yazılmamış qanunlarına riayət etmədiyi üçün qanuni məhkəmədən daha yüksək ittiham olunur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR