• Bakı 24° C

    5.8 m/s

"Boşanmaların kökündə mentalitet dayanır" - AÇIQLAMA

CƏMİYYƏT

29 Iyul 2021 | 13:18

"Boşanmaların kökündə mentalitet dayanır" - AÇIQLAMA

Məlumdur ki, pandemiya dövründə boşanmaların sayı həddən çox artıb. İki il ərzində minlərlə ailə dağıldı. Bəs insanlar boşanmaq üçün hansı səbəbləri əsas gətirirlər? Doğrudanmı pandemiya dövrü ailələri bu qədər ciddi zərbə vurur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Mehdi Mehdiyev əsas səbəbin mentalitet olduğunu bildirib:

Boşanmaların səbəbi müxtəlif parametrlərlə bağlıdır. Ancaq mən standart fikirlərdən uzaq adamam. Çünki boşanmaların birinci səbəbi kənar təsirlərlə bağlıdır. Buna yan təsir də, kənardan ailəyə müdaxilə də demək olar. Boşanmaların kökündə ailələrin normal təməl üzərində qurulmaması dayanır. Burda mentalitet də çox ciddi  rol oynayır. Yəni artıq cəmiyyət mentalitetlə idarə oluna bilmir. Bir misal var, deyirlər ki, daha köhnələr əvvəlki kimi idarə edə bilmir, təzələr də köhnə qaydalarla yaşamaq istəmir. Bir az mentalitetdən uzaqlaşmaq lazımdır. Mən dədə-baba qaydasını və digər məsələləri nəzərdə tutmuram. Açıq bir faktı deyim ki, ailələr mentalitet üzərində yox, sağlam düşüncə və təfəkkür üzərində qurulmalı, insanlar bir-birini tanımalıdır. Bəzən deyirlər ki, ailələrin dağılmasında sosial problemlər geniş rol oynayır. Əslində, belə deyil. Çünki qadınla kişi ailə qurmamışdan əvvəl bir-birlərinin imkanlarını bilirlər. Sadəcə bir nüans var, biz bir az ifrata varırıq. İfrat dediyim cəmiyyətin qadın, kişi, ailə belə olmalıdır müzakirəsidir. Bu təfəkkürdən uzaqlaşmaq lazımdır. İnsanlar öz istədikləri kimi yaşamalıdırlar, o cümlədən ailələr də. Əgər söhbət demokratik düşüncə tərzindən gedirsə, bu, ailələrə də şamil olunmalıdır. Ailədə qadın və kişi münasibətləri eynidir. Ailə nədir? Cəmiyyətin ilkin özəyi olub, yaxın qohumluq əlaqələrinə və izdivaca əsaslanan bir formatdır. Münasibətlər də istər qadın, istərsə də kişi tərəfdən olsun eyni olmalıdır. Mənə elə gəlir ki, bir az bu ağbirçək, ağsaqqal sözü ailələrdə rol oynamır. Mən dəfələrlə bir şeyin şahidi olmuşam ki, ağsaqqal, ağbirçək işə qarışır. O deyir, bunun atası yoxdur, bu deyir anası belədir. Axı sən ailəni nə atana, nə anana, nə ağsaqqala, nə də ağbirçəyə görə qurursan. Bu ailəni özünə görə qurursan, bu qadınla, kişi ilə özün yaşayırsan. Ona görə də, artıq 21-ci əsrdir, ailə formatı dəyişilməlidir. Cəmiyyətə təmiz, açıq baxış olmalıdır. Cəmiyyət demokratikləşərək gedirsə, deməli, ailə də demokratik prinsiplər əsasında qurulmalıdır.  

Bir misal çəkim sizə, bu yaxınlarda boşanmaq üçün müraciət ediblər mənə. Gənc ailədirlər, 3 uşaqları var, boşanırlar. Kişi mənə deyir ki, qızın anasın çağırıb izah etdim. Deyirəm ki, sən onun anasını niyə çağırırsan, ikiniz öz məsələnizi həll edə bilmirsiniz?! Axı siz müstəqil adamlarsız, birinizin 37, birinizin 35 yaşı var. Onun üçün ana, ata, kənardan  bir adam çağırmaq lazımdır?! Ana ilə ata bu gün var, sabah yox. Ana ilə atanın təfəkkürü köhnə təfəkkürdür, o cümlədən, elə mənim özümün də. Mən anadan olanda internet, texnologiya yox idi, indi var. Yəni burda cəmiyyətə açıq gözlə baxmaq lazımdır. Bizim ailələrin ən birinci problemi budur. Biz o dəqiqə yan təsir və kənar müdaxilə axtarırıq.

Burda ən əsas bir şey də ərlə arvadın bir-birini başa düşməməsidir. Bilmirəm, bu sözüm cəmiyyətdə əks-səda doğurar, ya yox, mən vətəndaş nigahının konkret tərəfdarıyam. Belə olmur. Bir də ailənin planlaşdırılması. Bu üç əsas təməl mütləq vacib və lazımdır. Ailə planlaşdırılanda gərək qadın da, kişi də iştirak eləsin. Qadın deyir 3 uşağım olmalıdır, kişi deyir bir, yaxud tərsinə, bunlar vacib deyil. Ailənin planlaşdırılmasında qadınla kişinin münasibətləri ortaq olmalıdır. Yaxud onlar tanış olanda ilk başdan qərara gəlməlidirlər ki, onların neçə uşağı olacaq, ya heç olmayacaq, ya da sadəcə birlikdə yaşayacaqlar. Digər tərəfdən, hər zaman sosial problemlər deyirik, ancaq sizə bir faktı deyim ki, bu əsas deyil. Çünki qadın ərə gedəndə bilir ki, kişinin nəyə imkan çatır. Kişi də bilir ki, kiminlə ailə qurur.

Daha əsaslı bir faktı da nəzərinizə çatdırım ki, boşanmaq üçün gələn adamlar heç vaxt əsl səbəbi demirlər. Son anda ən yaxşı halda deyirlər ki, xasiyyətimiz tutmur. Ən pis halda da deyirlər ki, telefonda nəsə gördüm, xəyanət edirdi. Ancaq əsas səbəb o deyil. Əsas səbəb cəmiyyətin içindədir. Problem Azərbaycan cəmiyyətinin problemidir. Cəmiyyətin özü ailə institutuna düzgün baxa bilmir. Problem budur. Biz indi durub 1910-1920-ci ilin ailələrini fikrimizdə 21-ci əsrə gətirib çıxarmışıq, beynimiz köhnə fikirlərlə idarə olunur.

O ki qaldı sırf pandemiya dövründə boşanmaların çoxalmasına, əslində, boşanma həmişə olub. Sadəcə pandemiya dövründə insanlar evdə qalıb bir-birlərini daha yaxşı tanıdılar. Ən birinci fakt budur. İnsanlar bir-birini nə qədər çox tanıyır, o qədər uzaqlaşır. Axı siz bunu əvvəlcədən edə, bir-birinizi tanıya bilərdiniz. Siz artıq birgə nigaha daxil olursunuz. Bir-birinizi tanımadan niyə nigaha daxil olursunuz?! Siz bir-birinizin müsbət, mənfi, çatışmayan tərəfini də bilməliydiniz.  İnsanlar bir-birini daha yaxşı tanıdıqca iyrəndilər. Halbuki bunu başqa cür də edə bilərdilər. Yenə söhbət gəlir durur mentalitetin üzərində. Ona görə də, şəxslər bir-birini tanıyaraq mənfi və müsbət cəhədlərini qəbul etdikdən sonra evlənməlidirlər. Tanımadan evlənməyin axırı budur.

Bilmirəm, fikir vermisiniz, ya yox, bir də görürsən Azərbaycanın hörmətli televiziya kanallarında 5-6 nəfər qadın yığışıb ideal kişi obrazı yaradırlar. Deyirlər, kişi yumruğunu stolun üstünə belə vurmalıdır, nə bilim, kişi seldir, qadın göldür və s. Yaxud kişilər yığışıb özlərindən ideal qadın obrazı yaradırlar. Elə bil ki, Nizami Gəncəvinin “İsgəndərnamə”sidir. Belə şeylərdən uzaqlaşmaq lazımdır. Baxın bizim cəmiyyətin ən çatışmayan cəhəti budur: hər şeyə ideal gözlə baxırıq. İdeal həyatda mütləq heç nə yoxdur, hər şey nisbidir. Onda belə çıxır ki, Eynşteyn nisbilik nəzəriyyəsini kəşf eləməli deyildi də. Bu gün bizim ən böyük problemimiz beynimizə oturan lənətəgəlmiş mentalitetdir. Bu mentalitet bizə mətbəxtədə, gündəlik həyatımızda, o cümlədən, ailədə, qadın, kişi münasibətlərində də maneə olur. Ona görə də, ailələr dağılır. Nə qədər ki biz mentalitetdən uzaqlaşıb açıq beyinlə cəmiyyətə, ailəyə baxa bilməyəcəyik, ailələr də belə dağılacaq. Ən xırda şeyin bəhanəsini edirlər. İnandırım sizi, elə maraqlı səbəblər olur ki, yer adamın ayağının altından qaçır. Təxminən, bir ay əvvəl bir cütlük boşanmaq üçün müraciət etmişdi. Səbəb odur ki, uşaq anadan olanda oğlanın anası deyib mənin adımı verin, qızın anası da deyib, yox mənim adımı verin. Onun üstündə boşanırlar. Yenə də mövzu gəldi lənətəgəlmiş mentalitetin üzərinə. Cavan ailədirlər özləri bilər adı nə qoyurlar. Belə mentalitetlə biz uzağa gedə bilməyəcəyik, ailələr dağılacaq.

Yalan danışmağın yeri yoxdur, statistikaya baxın. Görün son 6 ay ərzində nə qədər ailə dağılıb. İndi Mediasiya Şurası yaradıblar. Bunun nə olduğu mənə çatmır. Yəni boşanmamışdan əvvəl gedib ora müraciət edəcəklər, onlar niyə boşandıqlarını soruşduqdan sonra məhkəməyə müraciət edəcəklər. Çox mənasızdır. İstər qadın, istərsə də kişi məhkəmənin qapısın tanıdı vəssalam. Fərqi yoxdur, onlar iki, beş ildən sonra da olsa boşanacaqlar. Çünki insanın beynində qalır ki, sən mənimlə məhkəməyə şikayətə getmişdin. Ona görə bu ağsaqqal, ağbirçək, şura məsləhətləri mənasızdır. Cavan ailə özləri necə məsləhətdir elə yaşamalıdır. Bunun tək yolu budur. Başqa cür çox uzağa gedə bilməyəcəyik... alınmayacaq... vallah alınmayacaq. Keçən dəfə sağlam ailə və cəmiyyətlə bağlı bir yazı oxuyuram, elə mənasız fikirlər ifadə edirlər ki. Deyirlər, “bizim Həcər kimi qadınlarımız olub”. Onların da Çarlz Dikkensləri, Sokratları olub. Bunun mənası nədir?! Boşanan elə hər yerdə boşanır, istəyir Azərbaycanda olsun, istəyir Ərəbistanda.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026