• Bakı 17° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Boşanmaq istəyənlərin nəzərinə: Yeni rüsum...

CƏMİYYƏT

25 Aprel 2024 | 12:56

Boşanmaq istəyənlərin nəzərinə: Yeni rüsum...

Nikahın pozulmasına dair nəzərdə tutulan yeni dəyişiklik cəmiyyətdə çaşqınlıq yaradıb.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, kütləvi informasiya vasitələrində nikahın pozulmasına dair nəzərdə tutulan yeni məbləğin boşanmaq istəyən hər kəsə şamil olunduğu və dövlət rüsumunda edilən dəyişiklik kimi qeyd olunub. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə qeyd olunur ki, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum 15 dollar civarında müəyyənləşib. Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə ödənilir.

Maraqlıdır ki, yeni dəyişiklik kimlərə aiddir?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, mediada dərc olunan qanun layihəsi nikahın pozulmasına dair dövlət rüsumunu müəyyənləşdirmir. Yəni hazırkı dövlət rüsumu dəyişməz qalır. Yəni boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 manat rüsum ödəyir.

"Yeni dəyişiklik məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasında qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə görə nəzərdə tutulub. Ailə Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasında qeydiyyat "Elektron məhkəmə" informasiya vasitələri vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda müraciət edən şəxslər dövlət rüsumu ödəyirlər. Yeni qanun layihəsindəki 15 dollarlıq məbləğ sözügedən rüsumu müəyyənləşdirir. Yəni bu dəyişikliyin nikahın pozulması ilə bağlı dövlət rüsumuna aidiyyatı yoxdur" - deyə vəkil vurğulayıb.

R.Əliyev bildirib ki, hazırda nikahın pozulmasına görə məhkəmədə iddia qaldırdıqda 100 manat dövlət rüsumu nəzərdə tutulur:

"Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə mediasiya təşkilatına müraciət etməlidir. Yəni nikahın pozulması zamanı mediasiyaya müraciət etmək məcburidir. Buna görə də ilkin mediasiya sessiyasına görə 50 manat xidmət haqqı nəzərdə tutulub. Boşanmaq üçün 50 manat mediasiya, 50 manat isə məhkəmə rüsumu nəzərdə tutulub. Nəticədə boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 manat rüsum ödəyir".

Qeyd edək ki, Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur. Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır. Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 May 2024