Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransına (COP30) prezident təyin edilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu ölkənin Prezident Administrasiyasının məlumatına istinadən xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın qərarı ilə bu vəzifəyə ölkənin Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katib, səfir Andre Koreya do Laqo təyin olunub.
Eyni zamanda, COP30-un baş direktoru (CEO) vəzifəsini Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni icra edəcək.
Andre Koreya do Laqo Dubayda keçirilən COP28 və Bakıda təşkil olunan COP29 konfranslarında Braziliya nümayəndə heyətinin əsas danışıqçısı olub.
Qeyd edək ki, COP30 bu ilin noyabrın 10-21-i tarixlərində Braziliyanın Para ştatının Belen şəhərində keçiriləcək.
COP30-un əsas mövzusu qlobal iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafın təşviqi olacaq. Konfrans çərçivəsində ölkələr arasında karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid, meşələrin qorunması və iqlim dəyişikliyinin sosial-iqtisadi təsirlərinə uyğunlaşma kimi mövzular müzakirə ediləcək. Bundan əlavə, COP30, inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyi və iqlim ədalətinin təmin edilməsi kimi məsələlərə də diqqət yetirəcək.