Hər kəs rahat və etibarlı avtomobilə sahib olmaq istəyir. Nağd ala bilməyəndə geriyə iki seçim qalır.
Lizinq və ya daxili kredit. Bəs hansı daha sərfəlidir və bu üsullarla avtomobil alarkən nələrə diqqət etmək lazımdır?
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, avtomobil bazarları üzrə qiymətləndirici Sərxan Qədirovun sözlərinə görə, rəsmi gəliri və yaxşı kredit tarixçəsi olan şəxslər bank kreditlərinə, rəsmi gəliri olmayan və kredit tarixçəsi zəif olanlar isə lizinq xidmətlərinə müraciət edirlər. Hər bir variantın özünə məxsus üstünlükləri və çatışmazlıqları var.
Sərxan Qədirov deyir ki, lizinq yolu ilə avtomobil alarkən əlavə xərclər yaranır. Bunlara avtomobilin üzərinə bağlanan P və ya A ilə başlayan nömrələr, qeydiyyat nişanları, kasko sığortası və bank xərcləri daxildir. Bu xərclər ümumilikdə təqribən 1800-3000 manat arasında dəyişir. Daxili kreditdə isə qeydiyyat və müqavilə ödənişləri yalnız 500-600 manata başa gəlir.
Kreditdən fərqli olaraq lizinqdə ödənişlər gecikdiyi və ya edilmədiyi halda avtomobil müsadirə oluna bilər. Kreditin ilkin ödənişi yüksək olsa da, lizinqdə əlavə xərclər daha çox olur. Ancaq ümumi rəqəmlərə nəzər salsaq, daxili kredit cüzi fərqlə daha münasib seçim kimi görünür.
Daha ətraflı videomaterialı təqdim edirik.