• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Dəmir yumruq” havaya qalxacaq? - Ermənistan o kəndləri Azərbaycana qaytarmalıdır

SİYASƏT

16 Aprel 2024 | 15:29

“Dəmir yumruq” havaya qalxacaq? - Ermənistan o kəndləri Azərbaycana qaytarmalıdır

 Qazaxın öncə anklav olmayan 4, sonra digər 3 kəndinin, bundan başqa Naxçıvanın Kərkinin azad edilməsi ilə bağlı məsələ gündəmə gətirilən kimi, yeni təxribatların şahidi oluruq.

Əfsuslar olsun ki, biz sülh prosesindən danışarkən, qarşı tərəf təxribatlara əl atır və davamlı silahlanır. Ona görə də Ermənistan hökuməti ilə bağlı gələcəyə doğru prosesləri, sülh müzakirələrinin nəticələrini dəqiq təhlil etmək imkansızlaşır.

Bəs ekspertlər bu prosesin sonunu necə görür? "Dəmir yumruq" havaya qalxacaq, yoxsa Ermənistan hökuməti dinc yolla ərazilərimizi tərk edəcək?

Məsələni Bakıvaxtı.az-a dəyərləndirən Xəzər Universiteti Tarix və arexologiya departamentinin müdiri Dr.Telman Nüsrətoğlu deyib ki, Azərbaycanın işğal altındakı kəndlərinin geri qaytarılması alternativsiz məsələdir.

Onun sözlərinə görə, bunun alternativi müharibə deməkdir:

"Hazırkı şəraitdə, yəni Ermənistanla Azərbaycanı milli güc parametrləri baxımından müqayisə etsək, savaş Ermənistan üçün böyük fəlakət anlamına gəlir. Ona görə istənilən variantda sözügedən kəndləri Azərbaycana təslim etməlidirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarının sətiraltında yatan mesajları da bundan ibarətdir”.

Müsahibimiz qeyd edib ki, kəndlərin qaytarılması sülh sazişinin önündəki önəmli bir əngəlin də aradan qalxması deməkdir:

“Təbii, bölgədə sülh sazişinin olmasını istəməyən Fransa kimi xarici güclər var. Rusiyanın mövqeyi də müzakirə oluna bilər. Rusiya sülh sazişini istəyir, ya yox? Tarix boyunca gördük ki, Azərbaycan-Ermənistan arasında münaqişənin yaranması, münaqişə vəziyyətinin davam etdirilməsi bölgəyə təsir etmək və regionda varlığını sürdürmək üçün bir amil olaraq istifadə edilib. Ona görə münaqişənin ortadan qalxması daha müstəqil Ermənistan anlamına gəlir. Türkiyə və Azərbaycanla münasibətlərin daha da yaxınlaşması və dərinləşməsi anlamı daşıyır. Bu isə Paşinyanın da ifadə etdiyi kimi Ermənistanın böyük qardaş arayışlarının ehtiyacını ortadan qaldırır. Ermənistan üzərindən bölgədə varlıq göstərmək istəyənlər sülh sazişinin imzalanmasını arzu etmirlər".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Rusiyanın hazırkı şəraitdə tələbi sülh sazişinin Moskvanın nəzarətində imzalanması, Zəngəzur dəhlizində Rusiyanın təhlükəsizlik qüvvələrinin duruma nəzarət etməsi yanaşmasından ibarətdir:

"Bunu da Qərb istəmir. Qərb Ermənistana təzyiq edir ki, Zəngəzur dəhlizində Rusiyanın təhlükəsizlik qüvvələri olmasın. Xarici güc amili Ermənistan üzərində çox təsirlidir. Onlar sülh sazişinin imzalanmasının qarşısını almaq üçün daxildəki müəyyən qüvvələri hərəkətə keçirməyə çalışırlar. Paşinyan erməniləri məlumatlandıraraq, prosesləri bütün yönləri ilə izah etməyə çalışır ki, bunun alternativi müharibə deməkdir. Müharibə isə fəlakət deməkdir”.

Telman Nüsrətoğlu: Bölgədə sülh sazişinin olmasını istəməyən Fransa kimi xarici güclər var

T.Nüsrətoğlu qeyd edib ki, Azərbaycan hərbi gücdən istifadə etmədən kəndlərimizi qaytarılmasını, sülh sazişinin imzalanmasına yönəlik önəmli mərhələyə keçid edilməsini istəyir. Hər hərbi müdaxilə iki ölkə arasındakı düşmənçiliyi daha da qəlizləşdirir. Sülh sazişinin imzalanması üçün dövlətlərin də, xalqların da buna hazır olması lazımdır:

“O mənada Ermənistan bir səmimiyyət örnəyi göstərərək özlərinin də etiraf etdikləri kimi bizə aid kəndləri qaytarmalıdırlar. Bu, münasibətlərə yeni çalar gətirə bilər. Güman edirəm ki, Ermənistan daha rasional siyasət izləyərək kəndləri bizə təslim edəcək”.

Onun fikrincə, həmin bölgədən Gürcüstana yol keçdiyi üçün ermənilər narahatdırlar. Amma söhbət sülh sazişindən gedirsə, qarşılıqlı olaraq Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların hamısı açılacaq:

“Burada önəmli nüanslardan biri İranın Zəngəzur dəhlizi ilə bağlı mənfi mövqeyidir. Bu da ortadan qalxması zəruri olan məqamdır. Sülh sazişinin imzalanması məsələsində Zəngəzur dəhlizi kilid rolunu oynayır. Bu dəhlizin açılmasını dünyada yaranmış geosiyasi vəziyyət də tələb edir".

Aydın Baxış


SON XƏBƏRLƏR