Kiber dələduzluğun yeni dalğası yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas deyib.
İnsanları diqqətli olmağa çağıran F.Pərdəşünasın sözlərinə görə, dələduzluğun mənbəyi yenə də elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir: “Belə ki, satışa qoyulan əşyalara xarici nömrələrdən alış üçün mesajlar gəlir. Lakin bu dəfə dələduzlar ənənəvi olaraq kart məlumatı istəmirlər. Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya real adam olduğunuzu yoxlasınlar. Siz onlara vəsiqənizin şəklini göndərəndə, FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərba əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər. Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır”.
Bloger qorunma qaydasını açıqlayıb:
- Şəxsiyyət vəsiqənizi qəti şəkildə tanımadığınız adamlarla bölüşməyin.
- 2 mərhələli təsdiq kodlarını heç kimə göndərməyin.
F.Pərdəşünas qeyd edib ki, insanları diqqətli olmağa çağırdıqdan sonra dəhşətli mesajlar alır: “İnsanlar 3000-5000 manat həcmində vəsaitləri elan saytlarında itiriblər. Son yazan 3 zərərçəkənin itirdiyi məbləğin cəmi 12 min manatdan çoxdur. Ölkə xaricindən edilən bu dələduzluqlar böyük bir mafiya və dələduz qruplaşması tərəfindən idarə olunur. Çox təəssüflə bildirirəm ki, bu itən pulları 99% hallarda geri qaytarmaq mümkün deyil. Bu və ya digər kiber hücum növü ilə rastlaşmısınızsa, mütləq mənə bildirin”.
Onun sözlərinə görə, elan saytlarında kiber hücum qurbanı olmamaq üçün 4 qayda var:
- Görmədiyiniz adama məhsul satmayın.
- WhatsApp və zəng ilə sizinlə əlaqəyə keçənlərə kart məlumatlarızı verməyin.
- Alıcıya şəxsiyyət vəsiqənizi göndərməyin.
- 3D təhlükəsizlik kodunu qardaşınız da olsa ona göstərməyin. Bu kod yalnız və yalnız kart sahibi üçün olur.
Aytac Aslan
Bakı 




