• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Əbu-Dabi görüşünün nəticələri: Bakı-İrəvan dialoqu yeni mərhələyə qədəm qoydu

SİYASƏT

10 Iyul 2025 | 15:33

Əbu-Dabi görüşünün nəticələri: Bakı-İrəvan dialoqu yeni mərhələyə qədəm qoydu

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Əbu-Dabi görüşü başa çatdı. Görüşün çox konstruktiv mühitdə keçməsi və tərəflərin sülh gündəliyinin əsas istiqamətləri üzrə ciddi və substansiv müzakirələr aparması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, eləcə də sülh müqaviləsinin paraflanması kimi əsas məsələlərin gündəmə gətirilməsi danışıqların formal xarakter daşımadığını, əksinə, real nəticələrə hesablandığını göstərir.

Danışıqların müxtəlif işçi qrupları və yüksək səviyyələrdə davam etdirilməsi barədə razılıq əldə olunması isə bu prosesi daha sistemli və davamlı müstəviyə keçirmək niyyətinin göstəricisidir. Bu, həm də o deməkdir ki, tərəflər yalnız birgə bəyanatlarla kifayətlənməyəcək, praktiki mexanizmlərin işə düşməsi istiqamətində konkret addımlar atmaq əzmindədirlər.

Belə bir yanaşma təkcə ikitərəfli münasibətlərə deyil, bütün regiona təsir göstərəcək strateji nəticələr vəd edir. Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də geosiyasi baxımdan regionun inteqrasiyasını gücləndirəcək, sərhədlərin dəqiqləşdirilməsi isə hərbi-siyasi gərginliyin qarşısını almaq üçün önəmli zəmin yaradacaq. Sülh müqaviləsinin paraflanması isə bu prosesin hüquqi və diplomatik təməlini möhkəmləndirəcək.

Bütün bu inkişaflar fonunda Bakı-İrəvan dialoqunun yeni mərhələyə qədəm qoyması, üçüncü tərəflərin iştirakı ilə deyil, birbaşa, açıq və iradəli danışıqlarla irəliləməsi Cənubi Qafqazda post-münaqişə reallıqlarını möhkəmləndirən mühüm hadisə kimi tarixə düşə bilər. Bu isə öz növbəsində, regionda uzunmüddətli sülh və sabitlik perspektivlərini daha da artırır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

10 Iyul 2025