• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Əlil tələbələrin təhsil hüququ: Əngəlləri necə aşmalı?

CƏMİYYƏT

01 Iyul 2025 | 13:39

Əlil tələbələrin təhsil hüququ: Əngəlləri necə aşmalı?

Təhsil almaq hər kəsin haqqıdır və təhsil hər bir vətəndaş üçün əlçatan olmalıdır. Lakin əlilliyi olan şəxslər bəzən təhsil həyatlarında çətinliklərlə qarşılaşırlar.

Bəs, əlilliyi olan şəxslərin təhsil hüququ necə təmin olunur?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin təhsil hüququ qanunvericilikdə geniş şəkildə təsbit olunsa da, bu hüququn real həyatda tətbiqi bir sıra sistemli problemlərlə üzləşir.

K.Əsədovun sözlərinə görə, xüsusilə 1-ci qrup əlilliyi olan şəxslərin ali təhsildə iştirakı istər hüquqi, istərsə də təşkilati müstəvidə bərabərlik prinsipindən uzaq qalır.

Müsahibimiz qeyd edib ki, ölkədə 2024-cü ilin sonuna olan statistikaya görə, 1-ci qrup əlilliyi olan şəxslərin sayı 75 min nəfərdən çoxdur. Onların ali təhsildə iştirakı isə ümumi tələbə kontingenti ilə müqayisədə 0.2%-dən azdır ki, bu da inklüzivliyin təminində ciddi boşluqların olduğunu göstərir.

Ekspert bildirib ki, qanunvericilik səviyyəsində bu şəxslərin hüquqları təmin olunmuş kimi görünür:

““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsində qeyd edilir ki, “təhsil alma hüququ insan və vətəndaş hüquqlarının ayrılmaz tərkib hissəsidir və bu hüququn həyata keçirilməsi üçün dövlət şərait yaradır”. Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 12.1-ci maddəsində deyilir ki, “dövlət əlilliyi olan şəxslərin təhsil hüququnun həyata keçirilməsi üçün müvafiq şərait yaradır və inklüziv təhsilin inkişafını təmin edir”. Amma bu müddəaların praktiki tətbiqi əksər hallarda kağız üzərində qalır və icra mexanizmləri tam işlək deyil”.

Birinci qrup əlilliyi olan şəxslər üçün dövlətin təhsil xərclərini qarşıladığını deyən həmsöhbətimiz bildirib ki, bu, müsbət addım sayılsa da bunun üçün tələbənin əlillik statusunu sübut edən sənədlərlə mütəmadi müraciət etməsi tələb edilir və bu proses çox vaxt bürokratik maneələrlə müşayiət olunur:

“Əlavə olaraq, həmin şəxslərin universitetə qəbul imtahanlarında iştirakı üçün xüsusi şəraitin yaradılması yalnız istisna hallarda həyata keçirilir. Halbuki bu, sistemli şəkildə tətbiq edilməli və DİM tərəfindən prosedur şəklində rəsmiləşdirilməlidir. Mövcud vəziyyətdə isə əlilliyi olan şəxslər imtahanlarda digərləri ilə eyni fiziki və psixoloji şərtlərdə iştirak edir, bu isə onların imkanlarını qeyri-bərabər vəziyyətə salır”.

K.Əsədov daha ciddi problemin universitetlərdə fiziki mühitin uyğunlaşdırılmaması olduğunu vurğulayıb və əlavə edib ki, 2023-cü ilin sonunda “Azərbaycan Respublikasında BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Konvensiyasının icrasına dair Milli Fəaliyyət Planı”nın monitorinq hesabatında göstərilirdi ki, ali təhsil müəssisələrinin yalnız 12%-ində lift, pandus və sanitar qovşaqlar əlil arabası istifadəçilərinə uyğunlaşdırılıb:

“Qalan 88%-də isə bu infrastruktur ya mövcud deyil, ya da istifadəyə yararsızdır. Nəticədə 1-ci qrup əlilliyi olan tələbə auditoriyaya çatmaq, binaya daxil olmaq, hətta sanitar ehtiyaclarını ödəmək üçün belə çətinlik yaşayır. Bu isə təhsil almaq hüququnun faktiki pozulması deməkdir”.

Kamran Əsədov: Hazırkı vəziyyət dəyişməzsə, əlilliyi olan şəxslərin təhsildə iştirakı artmayacaq

Əsədov onu da deyib ki, məzmun və pedaqoji yanaşmalar baxımından da uyğunlaşma çox zəifdir.

“Nə mühazirələrin audio versiyası var, nə də dərs vəsaitləri braille əlifbası və ya sadələşdirilmiş formatlarda çap edilir. Universitetlərdə nə işarə dili tərcüməçisi var, nə də akademik assisent xidməti. Bu isə həmin tələbələrin yalnız fiziki deyil, intellektual izolyasiyasına səbəb olur”.

Müasir beynəlxalq təcrübənin bu məsələdə ciddi nümunələr təqdim etdiyini söyləyən həmsöhbətimiz izah edib ki, Almaniyada inklüziv təhsilə dair federal qanunvericiliyə əsasən, universitetlər əlilliyi olan tələbələr üçün “bərabər nəticə üçün fərqli yanaşma” prinsipini tətbiq edir ki, bu da o deməkdir ki, məsələn, görmə qüsuru olan tələbə yazılı imtahan əvəzinə şifahi imtahan verə bilər. ABŞ-də isə ADA (Americans with Disabilities Act) qanunu əsasında universitetlərdə inklüziv təhsil mərkəzləri fəaliyyət göstərir, hər bir tələbənin ehtiyacına uyğun fərdi planlar hazırlanır:

“Azərbaycan ali təhsilində bu yanaşmalar demək olar ki, yoxdur. Universitetlərə bu məsuliyyət nəzarət orqanları tərəfindən yüklənmir, monitorinq mexanizmləri işləmir, hesabatlılıq sistemi isə mövcud deyil. Mövcud durumda yalnız könüllü təşəbbüslərlə müəyyən dəstək göstərilə bilər. Bu isə sistem deyil, fərdi səviyyəli yardımdır”.

Qanunvericiliyin baza olaraq əlilliyi olan şəxslərin təhsil hüququnu tanımasının müsbət hal olduğunu bildirib:

“Dövlət tərəfindən ödənişsiz təhsil imkanı verilir. Bəzi hallarda fərdi müraciətlər əsasında sosial təqaüdlər və yataqxana şəraiti də təqdim olunur. Lakin bu imkanların ümumiləşdirilmiş, sistemli və davamlı formada tətbiqi üçün inklüziv təhsil üzrə ayrıca normativ sənəd - məsələn, “Ali təhsildə inklüzivlik standartları” hazırlanmalı və məcburi tətbiq edilməlidir”.

K.Əsədov hesab edir ki, hazırkı vəziyyət dəyişməzsə, əlilliyi olan şəxslərin təhsildə iştirakı artmayacaq:

“Halbuki təhsil bu şəxslərin cəmiyyətə inteqrasiyası, iqtisadi və sosial müstəqillikləri üçün həlledici rol oynayır. İnklüziv təhsil təkcə əlilliyi olan şəxslər üçün deyil, bütövlükdə cəmiyyət üçün daha tolerant və dayanıqlı gələcəyin qurulması deməkdir. Təklif edilən dəyişikliklər həyata keçirilərsə, bu insanlar təhsildən kənarda deyil, onun tamhüquqlu iştirakçısı olacaq və bu da həm ali təhsilin, həm də ümumi ictimai dəyərlərin inkişafına xidmət edəcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR