Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında qeyd olunub.
Məlumatda vurğulanıb ki, Bakı Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyir.
Məlumat üçün bildirək ki, ötən gün dövlət başçısı İlham Əliyev və köməkçisi Hikmət Hacıyev də İrəvanın təklif olunan sülh paketinə cavab vermədiyini diqqətə çatdırmışdı.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan Ermənistana sülh paketini təklif edib və qeydlərin aparılmasını gözlədiyini açıqlayıb.
Analitik vurğulayıb ki, əgər Ermənistan tərəfi həqiqətən sülhdə maraqlı olsaydı, sülh sənədi ilə bağlı təkliflərə gecikdirmədən, vaxtında cavab verərdi. Onun sözlərinə görə, Ermənistan sülh təkliflərinə zamanında cavab verməməklə bərabər, tez-tez ilin sonunadək sülh sazişini imzalamağa hazır olduğunu vurğulayır. Faktiki olaraq, gedişat göstərir ki, il bitənədək hansısa sənədin imzalanması qeyri-mümkündür.
S.Hümbətov bildiib ki, sülh müqaviləsinin imzalanması üçün bütün mexanizmlərin işlək olması lazımdır: “Sazişin bəndləri icra olunmalıdır, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçməlidir. Naxçıvanla kommunikasiyaların qurulması reallaşmalıdır. Həmçinin, qarşılıqlı gücdən istifadə olunmaması məsələsi həllini tapmalıdır. Ancaq Ermənistan bunların heç birini etməyib və görünən odur ki, etmək niyyətində deyil. Çünki silahlanmaya gedir. Fransadan, Hindistandan silah-sursat alır".
Samir Hümbətov: Gedişat göstərir ki, il bitənədək hansısa sənədin imzalanması qeyri-mümkündür
Müsahibimiz vurğulayıb ki, Paşinyanın və komandasının "ilin sonunadək sülh sazişini imzalamağa hazırıq" bəyanatları imitasiyadır: "Ermənistan dünya ictimaiyyətinə yönəlik manipulyativ hərəkətlər edir, çaşdırmağa çalışır. İrəvan istəyir ki, tərəflər arasında ziddiyyətlər qalsın. Ermənistanın məqsədi sülh yox, bölgədə qeyri-stabilliyin davam etməsidir".
Aydın Baxış