Cənubi Koreyanın Şimali Koreyaya hərbi münaqişəyə son qoymaq və nüvə proqramının dondurulması ilə bağlı danışıqlara başlamaq təklifi Koreya yarımadasında uzun illərdir davam edən gərginliyin aradan qaldırılması istiqamətində yeni diplomatik təşəbbüs kimi qiymətləndirilir. Seulun “qeyri-sabit atəşkəs sistemi”ni davamlı sülhlə əvəzləmək niyyəti fonunda əsas sual isə budur: Pxenyan bu təklifə müsbət cavab verəcəkmi və təşəbbüs yarımadada real sülhə gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Miri Bakıvaxtı.az bildirib ki, bu təklifin arxasında təkcə Cənubi Koreya rəhbərliyi deyil, onun strateji müttəfiqi olan ABŞ da dayanır. Onun sözlərinə görə, Şimali Koreyanın nüvə arsenalını genişləndirməsi yalnız Cənubi Koreya və ABŞ üçün deyil, daha geniş coğrafiya üçün də ciddi təhlükə yaradır.
Ekspert hesab edir ki, Pxenyanın nüvə proqramından imtina etməsi üçün ona ciddi və cəlbedici iqtisadi-maliyyə təklifləri verilməlidir. Çünki Şimali Koreya rəhbərliyi nüvə silahlarını, ballistik və qitələrarası raketləri əsas çəkindirmə vasitəsi kimi qəbul edir.
Natiq Mirinin fikrincə, danışıqlar prosesində qarşılıqlı əməkdaşlıq və gələcək inteqrasiya imkanlarının müzakirəsi də mümkün ola bilər. Şimali Koreya hərbi və raket texnologiyaları baxımından müəyyən imkanlar əldə etsə də, iqtisadi inkişaf və əhalinin sosial rifahı baxımından ciddi problemlərlə üzləşir.
Politoloq vurğulayıb ki, Şimali Koreyanın mövcud siyasi sistemi ölkənin xarici dünyaya açılmasını hakimiyyət üçün təhlükə kimi görür. Bu səbəbdən də ən cəlbedici iqtisadi və siyasi təkliflərin belə Pxenyan tərəfindən qəbul ediləcəyini gözləmək çətindir.
Natiq Miri: Bu təşəbbüsün nəticəsi həm də ABŞ, Çin və Rusiyanın prosesə münasibətindən asılı olacaq
Ekspert eyni zamanda Çin və Rusiya faktoruna da diqqət çəkib. Onun sözlərinə görə, bu iki dövlətin Şimali Koreya ilə münasibətləri və Pxenyana göstərdiyi müxtəlif xarakterli dəstək də danışıqların perspektivinə təsir edən mühüm amillərdəndir.
Natiq Miri qeyd edib ki, Koreya yarımadasının iki fərqli siyasi və iqtisadi sistemə bölünməsi nəticəsində Cənubi və Şimali Koreya arasında ciddi inkişaf fərqi yaranıb. Cənubi Koreya yüksək texnologiya və inkişaf etmiş iqtisadiyyatı ilə dünyanın qabaqcıl dövlətlərindən birinə çevrildiyi halda, Şimali Koreya hələ də qapalı siyasi sistem və zəif iqtisadiyyatla xarakterizə olunur.
Bu baxımdan, Cənubi Koreyanın yeni sülh təşəbbüsünün nəticəsi yalnız Pxenyanın cavabından deyil, həm də ABŞ, Çin və Rusiyanın prosesə münasibətindən asılı olacaq. Əsas məsələ isə Şimali Koreya rəhbərliyinin nüvə arsenalından imtinanı öz hakimiyyətinin təhlükəsizliyi ilə uzlaşdıra bilib-bilməyəcəyidir.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyaya hərbi münaqişəyə son qoymaq üçün danışıqlara başlamağı təklif edib. Prezident əlavə edib ki, Pxenyanın nüvə proqramını dondurmaq üçün addımları müzakirə etmək istəyir. O, həmçinin "qeyri-sabit atəşkəs sistemi"ni yarımadada tam sülhlə əvəz etmək niyyətində olduğunu vurğulayıb.
Günəş Mərd
Bakı 



