Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibbi müayinələrlə bağlı yanlış məsləhətlər gələcək sosial şəbəkələrdə yayılan hamiləlik mifləri anaların sağlamlığına, eləcə də körpənin inkişafına ciddi risklər yarada bilər.
Bəs sosial mediada ən çox yayılan təhlükəli miflər hansılardır və onlardan necə qorunmaq olar?
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ülviyyə Şahmalıyeva bu və digər sualları cavablandırıb.
- Sosial mediada hamilə qadınlara verilən ən təhlükəli məsləhətlər nədir?
- Müasir dövrdə sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox istifadə olunan platformalardan birinə çevrilib. Lakin burada yayılan bütün məlumatlar etibarlı və elmi əsaslı olmur. Bəzən geniş auditoriyaya təqdim edilən yanlış məsləhətlər ana və dölün sağlamlığı üçün ciddi risklər yarada bilər. Xüsusilə həkim məsləhəti olmadan müxtəlif dərman vasitələrinin və ya qida əlavələrinin qəbul edilməsi təhlükəli hesab olunur. Sosial şəbəkələrdə tez-tez rast gəlinən “təbii olduğu üçün zərərsizdir” fikri həqiqəti əks etdirmir. Bəzi bitki tərkibli məhsullar və əlavələr hamiləliyin gedişinə mənfi təsir göstərə, hətta düşük, vaxtından əvvəl doğuş və ya dölün inkişafında problemlər yarada bilər. Hamilə qadınlar arasında geniş yayılmış yanlış fikirlərdən biri də “iki nəfərlik yemək lazımdır” yanaşmasıdır. Əslində isə hamiləlik dövründə əsas məqsəd daha çox yemək deyil, daha keyfiyyətli və balanslı qidalanmaqdır. Həddindən artıq kalori qəbulu artıq çəkiyə, gestasion diabetə və digər ağırlaşmalara səbəb ola bilər.
Digər tərəfdən, sosial mediada təbliğ olunan sərt pəhrizlər də təhlükəlidir. Karbohidratların, yağların və ya digər vacib qida qruplarının tamamilə rasiondan çıxarılması körpənin normal inkişafına mənfi təsir göstərə bilər. Bəzi paylaşımlarda hamiləlik nəzarətinin və ultrasəs müayinələrinin vacib olmadığı iddia edilir. Halbuki müntəzəm tibbi nəzarət hamiləliyin sağlam gedişini izləməyə, mümkün problemləri erkən mərhələdə aşkar etməyə və vaxtında müdaxilə etməyə imkan verir. Bu səbəbdən planlı müayinələrin gecikdirilməsi və ya onlardan imtina edilməsi düzgün yanaşma hesab edilmir.
Sosial mediada yayılan digər təhlükəli fikirlərdən biri də spirtli içkinin az miqdarda qəbulunun təhlükəsiz olması barədə iddialardır. Elmi araşdırmalar göstərir ki, hamiləlik zamanı spirtli içki üçün təhlükəsiz hesab edilən miqdar müəyyən edilməyib. Eyni zamanda siqaret və elektron siqaretlərin zərərsiz olduğu barədə məlumatlar da yanlışdır. Bu vərdişlər düşük, erkən doğuş və aşağı çəkili körpə dünyaya gətirmə riskini artırır. Qarın formasına baxaraq körpənin cinsiyyətini, sağlamlığını və ya hamiləliyin gedişini müəyyən etməyə çalışmaq da tibbi əsası olmayan miflər sırasındadır. Bu cür yanaşmalar elmi məlumat vermir və gələcək valideynlərdə yanlış gözləntilər yarada bilər. Ümumilikdə, sosial mediada paylaşılan məlumatların bir hissəsi natamam və ya yanlış ola bilər. Bu səbəbdən “internetdə oxudum, deməli, doğrudur” prinsipi ilə hərəkət etmək düzgün deyil. Hamiləliklə bağlı hansısa tövsiyəni tətbiq etməzdən əvvəl mama-ginekoloqla məsləhətləşmək, məlumatın etibarlılığını yoxlamaq və qərarları tibbi göstərişlər əsasında vermək ana ilə körpənin sağlamlığını qorumağın ən etibarlı yoludur.
- Hamiləlikdə dərman qəbulunu internet məsləhətələri ilə dəyişmək hansı risklər yarada bilər?
- İnternet və sosial media platformaları hamiləliklə bağlı məlumatların sürətlə yayıldığı mənbələrdən biri olsa da, burada verilən məsləhətlərin hamısı etibarlı və fərdi tibbi vəziyyətə uyğun olmur. Xüsusilə dərman qəbulu ilə bağlı qərarların yalnız internetdə oxunan məlumatlara əsasən verilməsi həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, hamiləlik dövründə bəzi qadınlar sosial şəbəkələrdə rast gəldikləri tövsiyələrə əsaslanaraq həkim tərəfindən təyin edilmiş dərmanları özbaşına dayandırır və ya dəyişdirirlər. Halbuki yüksək arterial təzyiq, şəkərli diabet, astma, epilepsiya və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan preparatların nəzarətsiz şəkildə kəsilməsi xəstəliyin gedişinin ağırlaşmasına səbəb ola bilər. Bu isə həm ananın sağlamlığına, həm də dölün normal inkişafına mənfi təsir göstərir. Dərmanların qəfil dayandırılması və ya elmi əsası olmayan alternativ vasitələrin qəbul edilməsi düşük və vaxtından əvvəl doğuş riskini artıra bilər.
Bundan əlavə, sosial mediada tez-tez təbliğ olunan müxtəlif bitki tərkibli məhsullar və “təbii” vasitələr hər zaman təhlükəsiz hesab edilə bilməz. Bəzi hallarda bu vasitələr dölün inkişafına mənfi təsir göstərə və hamiləliyin normal gedişini poza bilər. İnternetdə təqdim olunan dozalar da hər bir insan üçün uyğun olmur. Dərmanların dozası qadının yaşı, çəkisi, hamiləliyin müddəti, yanaşı xəstəlikləri və digər fərdi xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilir. Buna görə də başqa şəxslər üçün verilən tövsiyələrin kor-koranə tətbiqi düzgün yanaşma hesab edilmir. Digər mühüm məqam dərmanların qarşılıqlı təsiridir. Özbaşına qəbul edilən yeni preparatlar və ya əlavələr artıq istifadə olunan dərmanlarla təhlükəli qarşılıqlı təsirə girə bilər. Bu isə gözlənilməz yan təsirlərə və müxtəlif ağırlaşmalara səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri, epilepsiya və psixi sağlamlıq problemləri ilə əlaqədar dərmanların həkim məsləhəti olmadan dəyişdirilməsi təcili tibbi vəziyyətlərin yaranması riskini artırır. Bu səbəbdən internetdə əldə edilən məlumatlar yalnız ümumi məlumat xarakteri daşımalı, müalicə qərarlarının əsasını təşkil etməməlidir. Hamiləlik zamanı hansısa dərmana başlamaq, onu dayandırmaq və ya əvəz etmək barədə qərar yalnız həkimlə məsləhətləşərək verilməlidir. Fərdi tibbi yanaşma həm ananın, həm də gələcək körpənin sağlamlığının qorunmasının ən vacib şərtlərindən biridir.
- Sosial mediada məşhur olan xüsusi pəhrizlər hamilə qadınlar üçün uyğundurmu?
-Son illər sosial mediada müxtəlif qidalanma rejimləri və pəhrizlər geniş şəkildə təbliğ olunur. Keto pəhrizi, aralıqlı oruc, detoks proqramları və digər populyar qidalanma üsulları bir çox insan tərəfindən maraqla qarşılanır. Lakin bu pəhrizlərin hamiləlik dövründə təhlükəsiz və uyğun olması hər zaman mümkün deyil. Hamiləlik xəstəlik deyil və bu dövrdə əsas məqsəd arıqlamaq deyil, həm ananın, həm də körpənin ehtiyac duyduğu qida maddələrinin kifayət qədər qəbul edilməsini təmin etməkdir. Sağlam və balanslı qidalanma hamiləliyin normal gedişi və dölün inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Çox aşağı kalorili pəhrizlər orqanizmin və körpənin ehtiyac duyduğu enerji və qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bu vəziyyət dölün inkişafına mənfi təsir göstərməklə yanaşı, anada da halsızlıq və müxtəlif sağlamlıq problemləri yarada bilər.
Bəzi pəhrizlər müəyyən qida qruplarının tam məhdudlaşdırılmasına əsaslanır. Karbohidratların, yağların və ya digər vacib qida komponentlərinin rasiondan çıxarılması vitamin və mineral çatışmazlığı riskini artırır. Nəticədə həm ananın sağlamlığı, həm də körpənin inkişafı təhlükə altında qala bilər. Detoks və ya “orqanizmi təmizləyən” pəhrizlər də sosial mediada geniş yayılıb. Lakin bu cür proqramların elmi əsası kifayət qədər deyil. Bəzi hallarda onlar susuzlaşma, elektrolit balansının pozulması və vacib qida maddələrinin çatışmazlığı ilə nəticələnə bilər. Yalnız müəyyən məhsulların istifadəsinə əsaslanan qidalanma rejimləri də balanssız qidalanmaya səbəb olur və orqanizmin bütün ehtiyaclarını qarşılaya bilmir. Hamiləlik dövründə müxtəlif qida qruplarının düzgün nisbətdə qəbul edilməsi sağlam hamiləliyin əsas şərtlərindən biridir. Bu səbəbdən sosial mediada populyar olan hansısa pəhrizi tətbiq etməzdən əvvəl mütləq mama-ginekoloq və ya dietoloqla məsləhətləşmək tövsiyə olunur. Hamiləlik dövründə qidalanma fərdi xüsusiyyətlərə uyğun planlaşdırılmalı və elmi əsaslara söykənməlidir.
- Normal doğuş barədə sosial mediada hansı qorxular əsassız şəkildə yayılır?
- Sosial media platformalarında normal doğuşla bağlı çoxsaylı məlumatlar paylaşılır. Lakin bu məlumatların bir hissəsi elmi əsaslara söykənmir və gələcək analarda əsassız qorxuların formalaşmasına səbəb olur. Nəticədə bəzi qadınlar doğuş üsulu ilə bağlı qərar verərkən düzgün olmayan məlumatların təsiri altında qala bilirlər. Ən geniş yayılmış yanlış fikirlərdən biri normal doğuşun mütləq dözülməz ağrı ilə müşayiət olunması barədə iddiadır. Əslində isə doğuş zamanı ağrı hissi hər qadında fərqli olur. Müasir tibbdə ağrının azaldılması üçün müxtəlif üsullar mövcuddur və bu üsullar doğuş prosesində qadının rahatlığını artırmağa kömək edir.
Digər geniş yayılmış qorxulardan biri normal doğuşun hər zaman ciddi zədələrə və uzunmüddətli sağlamlıq problemlərinə səbəb olması barədə fikirdir. Doğuş zamanı müəyyən yırtıqlar və ya digər problemlər yarana bilsə də, əksər qadınlar normal doğuşdan sonra qısa müddətdə bərpa olunur və gündəlik həyatlarına qayıda bilirlər. Ağır fəsadlar bütün hallarda müşahidə edilmir.
Həmçinin sosial mediada tez-tez rast gəlinən digər yanlış məlumatlardan biri də bir dəfə qeysəriyyə əməliyyatı keçirmiş qadının sonrakı hamiləliklərdə normal doğuş edə bilməyəcəyi ilə bağlıdır. Halbuki bir çox hallarda, uyğun tibbi göstərişlər və mütəxəssis nəzarəti olduqda, əvvəlki qeysəriyyədən sonra vaginal doğuş mümkündür. Bununla bağlı qərar hər bir qadının tibbi vəziyyəti nəzərə alınaraq fərdi şəkildə verilir. Bəzi paylaşımlarda normal doğuşun körpə üçün qeysəriyyə əməliyyatından daha təhlükəli olduğu iddia edilir. Əslində isə sağlam hamiləliklərdə və uyğun tibbi şəraitdə normal doğuş təhlükəsiz və fizioloji üsul hesab olunur. Hansı doğuş metodunun daha uyğun olması isə ananın və körpənin vəziyyətindən asılı olaraq həkim tərəfindən müəyyən edilir. Normal doğuşdan sonra qadının əvvəlki fiziki vəziyyətinə qayıda bilməyəcəyi barədə fikirlər də reallığı əks etdirmir. Bərpa prosesi müəyyən vaxt tələb etsə də, qadınların böyük əksəriyyəti zamanla gündəlik fəaliyyətlərinə, iş həyatına və normal yaşam tərzinə qayıdır. Doğuşla bağlı məlumat əldə edərkən sosial şəbəkələrdə yayılan fikirlərə deyil, elmi əsaslı tibbi mənbələrə və mama-ginekoloqların tövsiyələrinə etibar etmək daha düzgün yanaşmadır. Hər bir hamiləlik və doğuş fərdi xüsusiyyətlərə malik olduğu üçün qərarlar da məhz tibbi göstərişlər əsasında verilməlidir.
- Sosial mediada yayılan yanlış məlumatlar ana və körpənin sağlamlığına hansı ciddi fəsadlar yarada bilər?
- Sosial media vasitəsilə yayılan yanlış və ya natamam məlumatlar hamilə qadınların sağlamlıqla bağlı qərarlarına birbaşa təsir göstərə bilər. Bu isə bəzi hallarda həm ananın, həm də körpənin sağlamlığı üçün ciddi nəticələrə səbəb olur. Ən böyük risklərdən biri zəruri müalicənin gecikdirilməsi və ya tamamilə dayandırılmasıdır. Hamiləlik zamanı yüksək arterial təzyiq, şəkərli diabet, infeksiyalar və digər xəstəliklərin nəzarətsiz qalması həm hamiləliyin gedişini çətinləşdirə, həm də dölün sağlamlığına mənfi təsir göstərə bilər.
Sosial mediada təbliğ olunan balanssız pəhrizlər dəmir, fol turşusu, vitaminlər və digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bu isə həm ananın sağlamlığını zərər vura, həm də körpənin normal inkişafını ləngidə bilər. Onu da qeyd etmək istərdim ki, etibarsız məlumatların təsiri nəticəsində preeklampsiya, anemiya, gestasion diabet və digər hamiləlik ağırlaşmalarının yaranma riski də arta bilər. Müntəzəm tibbi nəzarətdən yayınmaq və ya həkim tövsiyələrinə əməl etməmək bu problemlərin vaxtında aşkarlanmasını çətinləşdirir. Sosial mediada yayılan qorxuducu məlumatlar psixoloji baxımdan da mənfi təsir göstərir. Davamlı şəkildə neqativ məzmunla qarşılaşmaq hamilə qadınlarda həddindən artıq narahatlıq, stres və təşviş yarada bilər. Uzunmüddətli stres isə həm ananın, həm də dölün sağlamlığına mənfi təsir göstərə bilər. Yanlış məsləhətlər nəticəsində yaranan qida çatışmazlıqları və digər sağlamlıq problemləri bəzi hallarda dölün inkişafının ləngiməsinə, erkən doğuşa və ya aşağı çəkili körpənin dünyaya gəlməsinə səbəb ola bilər. Həmçinin peyvəndlər və tibbi müalicələrlə bağlı dezinformasiyalar da ciddi təhlükə yaradır. Elmi əsası olmayan məlumatlara inanmaq bəzi qadınların vacib tibbi müdaxilələrdən imtina etməsinə səbəb olur ki, bu da həm ana, həm də körpəni müxtəlif xəstəliklər qarşısında daha həssas vəziyyətə sala bilər. Bəzi hallarda sosial şəbəkələrdə tövsiyə olunan təhlükəli ev üsulları və qeyri-elmi müalicə metodları daha ağır nəticələrə, hətta düşük və ciddi hamiləlik ağırlaşmalarına səbəb ola bilər. Unutmaq olmaz ki, sosial mediada hansısa məlumatın çox paylaşılması onun doğru olduğunu göstərmir. Məşhur şəxslərin və ya digər istifadəçilərin şəxsi təcrübələri elmi sübut hesab edilə bilməz. Hər hamiləlik fərqlidir və bir qadına uyğun olan məsləhət digər qadın üçün risk yarada bilər. Buna görə də hamiləlik dövründə verilən bütün qərarlar etibarlı tibbi mənbələrə və mama-ginekoloqun tövsiyələrinə əsaslanmalıdır.
Bakı 




