• Bakı 10° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Gürcüstanda yeni dövr: İnaqurasiyadan sonra hadisələrin nəzarətdən çıxma ehtimalları artır

DÜNYA

29 Dekabr 2024 | 13:01

Gürcüstanda yeni dövr: İnaqurasiyadan sonra hadisələrin nəzarətdən çıxma ehtimalları artır

 “Gürcüstanda həyəcan doğuran hadisələr getdikcə daha təhlükəli hal almaqdadır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvilinin and içməsinə, müxalifət və sabiq prezident Salome Zurabişvilinin yeni prezidentin legitimliyini tanımadıqlarını bəyan etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, parlament seçkilərindən sonra yaranan gərginlik yeni fazaya qədəm qoyur:

"Bildiyiniz kimi müxalifət son parlament seçkilərinin nəticələrini tanımadı və təkrar seçkilər tələb etdi. Gürcüstanın prezidenti Salome Zurabişivili də eyni mövqe sərgilədi. Qərb "Gürcü Arzusu"nun seçdiyi prezidenti də, parlamenti də legitim hesab etmədi. Əksinə hakimiyyətə siyasi və iqtisadi, maliyyə basqılarını artırır”.

Müsahibimizə görə, Gürcüstandakı durumu qorxulu edən faktorlardan biri də hər iki tərəfi dəstəkləyən xarici güclərin kopromislərə getməyə hazır olmamasıdır:

"Zarabişvili indiki höküməti devirməkdən başqa yol olmadığını bəyan edərək xalqı küçələrə çağırır. Baş nazirin simasında isə hökümət etirazçıları və müxalifəti kütləvi həbslərlə hədələyir. Göründüyü kimi, yanaşmalarda və mövqelərdə zorakılıq və prinsipiallıq notları var".

Əli Oruclu: Tərəflər müdriklik və təmkin göstərməsələr, yaxud kompromisə gəlməsələr...

Ə.Oruclu vurğulayıb ki, inaqurasiyadan sonra hadisələrin nəzarətdən çıxma ehtimalları artır:

"Doğrudur, xalq uzun sürən iqtidar-müxalifət qarşıdurmasından yorğundur və seçki ehtirasları da arxada qalıb. Ancaq Qərbin Gürcüstanda dayaqları və tərəfdarları da çoxdur. Həmçinin illər ərzində Qərb qonşu ölkədə təşkilatlanma işlərinə və fəal qruplara, QHT və mediaya kifayət qədər maliyyə ayırıb və onları təsir altına sala bilib. Bundan başqa cəmiyyətdə Rusiyaya qarşı antipatik əhval-ruhiyyə höküm sürür və hakimiyyətin əleyhdarları da rəqibini ,"Rusiya agenti" ittihamı ilə vurur".

"Mən istəməzdim ki, Gürcüstanda vəziyyət qarışsın və nəzarətdən çıxsın. Ancaq tərəflər müdriklik və təmkin göstərməsələr, yaxud kompromisə gəlməsələr, bu, baş verəcək. Məncə, bu qarşıdurmanı Moskva daha çox istəyir. Kremlə cəbhə xəttinin genişlənməsi və hadisələrin qızışdırılması məntiqli görünür", - deyə Əli Oruclu qeyd edib.

Qeyd edək ki, Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvili and içib. 300 üzvdən ibarət seçicilər kollegiyasının müəyyənləşdirdiyi yeni prezident, 53 yaşlı keçmiş futbolçu, “Xalqın gücü” hərəkatının üzvü olan Kavelaşvilinin inaqurasiya mərasimi Tbilisidə, parlament binasında baş tutub. Dövlət başçısı İncil və Konstitusiyaya and içib.

Mərasimdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edib. Diplomatik korpus tədbirə dəvət olunmayıb.

Qeyd edək ki, müxalifət və sabiq prezident Salome Zurabişvili Kavelaşvilinin legitimliyini tanımadıqlarını bəyan ediblər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Zurabişvilinin iqamətgahdan zorla çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürülməyi çox pis mənzərə olardı.

Kobaxidze deyib ki, bu halda Salome Zurabişvili müdrik davranacaq:

"Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur".

Aydın Baxış


SON XƏBƏRLƏR

31 Dekabr 2024