Gürcüstanda qəbul ediləcək yeni qanun ABŞ-nin “Xarici Təsirin Şəffaflığı Aktı”nın oxşarıdır.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, o, ABŞ qanununa tam uyğunlaşdırılıb və hər hansı spekulyasiyaya yol verməmək üçün bütün terminlər dəqiq şəkildə tərcümə edilib.
“Biz sözün əsl mənasında ABŞ qanununu tərcümə etdik. ABŞ versiyasında istifadə olunan terminlər fərziyyəyə fürsət buraxmamaq üçün qəsdən saxlanılıb. Bütün sözlər, terminlər, vergüllər eynidir və parlament bunu gürcü reallığına uyğunlaşdıracaq. Hamı bilir ki, ABŞ nümunəvi ölkədir. Bu qanun ABŞ-nin qanunu ilə eynidir və əgər onların şikayətləri varsa, o zaman onu tənqid etməlidirlər,” - spiker bildirib.
Qeyd edək ki, Gürcüstan parlamenti yeni qanunvericilik təşəbbüsü olan “Xarici Təsirin Şəffaflığı Aktı”nı qeydə alıb. Bu, ABŞ-də mövcud olan qanunvericilik aktının gürcü dilinə tərcüməsidir və “Gürcü arzusu” fraksiyasının təşəbbüsü ilə irəli sürülüb.