"Kosmetik məhsulların təhlükəsizliyi yalnız istehsal prosesindən deyil, həm də daşınma və saxlanma şəraitindən asılıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, kosmetik məhsulların daşınması və saxlanılması yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
“İlk növbədə məhsulun orijinallığına diqqət yetirilməlidir. Məhsullar yalnız etibarlı və rəsmi distribütorlardan alınmalıdır. Zavoddan çıxdığı andan mağaza piştaxtasına çatana qədər daşınma və saxlanma qaydalarına ciddi əməl olunmalıdır”, – deyə mütəxəssis bildirib.
Orxan İsmayılov qeyd edib ki, məhsulların saxlanıldığı anbarlar da müəyyən tələblərə cavab verməlidir.
“Kosmetik məhsullar xüsusi rəflərdə və ya paletlər üzərində yerləşdirilməli, quru, sərin mühitdə saxlanılmalıdır. Onlar rütubətdən və birbaşa günəş şüalarından qorunmalıdır. Bu qaydalara əməl olunması məhsulların keyfiyyətinin və təhlükəsizliyinin qorunması üçün vacibdir”, – deyə o vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 



