Əhalinin sağlamlıq durumunun pisləşməsi, xəstəliklərin artması tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, dərman təchizatının kəmiyyət və keyfiyyət baxımından azalması ilə əlaqədardır.
Ölkəmizdə səhiyyənin təşkili və idarə edilməsi ilə bağlı islahatların aparıldığı, yeni idarəetmə, maliyyələşdirmə və təchizat modellərinin tətbiq edildiyi bildirilsə də, problemlər hələ də qalmaqdadır. Pulsuz tibbi xidmətin icbari tibbi sığorta sistemi ilə əvəz edilməsi uzun illər mövcud olmuş neqativ halların qarşısını almadı. Sosial şəbəkələrdə keçirdiyimiz sorğunun nəticəsinə görə, icbari tibbi sığorta xidmətindən yararlanmaq mümkünsüzdür. Reallıq odur ki, ölkədə insanlarının rifahının yaxşı olması üçün onların imkanı yaxşı olmalıdır. Xəstələnən zaman müayinədən keçməyə, analiz verməyə, dərman almağa vəsaitləri olmalıdır.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Bakıvaxtı.az-a açıqlamasında səhiyyə sahəsində aparılan yarımçıq islahatlara münasibət bildirib.
“Səhiyyə sisteminin inkişafı üçün müəyyən addımlar atılmalıdır. Həkim-xəstə münasibətlərində və tibbi ekspertiza sahəsində boşluqlar var”, - deyə həkim bildirib.
N.Abdullayev qeyd edib ki, Azərbaycan səhiyyəsinin inkişafını istəyiriksə, ona olan inamı bərpa etməliyik və xəstə-həkim münasibətlərindəki ikitərəfli inamsızlığı aradan qaldırmalıyıq: “Ümumiyyətlə, qarşılıqlı inamın formalaşmasında və səhiyyə sisteminə inamın qaytarılmasında olan ən vacib amil aparılan tibbi ekspertizalardır, daha doğrusu onların doğruluğu və elmi əsaslı olması. Bu sahədə olan boşluqların doldurulması pozitiv istiqamətdə inkişafın başlanğıcı ola bilər.
Tibb sahəsi yüksək inkişaf etmiş ölkələrdə səhiyyə sistemləri ilk növbədə ona olan inam və elmi əsaslı tibbi protokollara əsaslanaraq idarə olunur. İnamı qaytarmaq bizim birinci işimiz olmalıdır. Bilirəm çətindir, amma mümkündür”.
Ramid İbrahimov
















