6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır.
Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan da istisna deyil.
Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib. Deyərdik ki, çox zaman başqalarına nümunə olub. Baxmayaraq ki, maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir dövrdə yaşayırıq. Ancaq gənclərimizin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir.
Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu, istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.
Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni, həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.
Məlahət İbrahimqızı: “Heydər Əliyev dövlət gənclər siyasətinin banisidir”

Dövlətin gənclər siyasətindən danışan millət vəkili Məlahət İbrahimqızı Bakıvaxtı.az-a deyib ki, doxsanıncı illərdə ölkəmizdə ən çətin dönəmlər olmasına baxmayaraq, qısa müddət ərzində dövlətimizin gənclər siyasəti formalaşdı: “Bu mənada çağdaş dövlətçilik tariximizə Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanda Gənclər siyasətinin banisi kimi yazılacaq”.
Onun sözlərinə görə, məhz bu illərdə ölkədəki iqtisadi böhrana baxmayaraq, idmançı gənclərimizin müxtəlif beynəlxalq idman yarışlarında, olimpiya yarışlarında iştirakı üçün hər cürə şərait yaradılırdı: “ Həmin dövrdə, yəni ən çətin vaxtlarda yaradıcı və istedadlı gənclərimizə, göstərilən dövlət qayğısı, dövlət gənclər siyasətinin sağlam təməllər üzərində formalaşdırılmışdır. Beləlliklə də 1993-cü ildə ikinci dəfə ölkəmizə rəhbərliyə gələn Ulu Öndərimiz Heydər Əliyevin qayıdışı ilə ən qısa zamanda əsasını qoyduğu dövlət gənclər siyasəti formalaşmış oldu”.
M.İbrahimqızının sözlərinə görə, ümumiyyətlə, bu gün ölkəmizin, eləcə də dövlətimizin elə bir sahəsi yoxdur ki, orada biz Ulu Öndər Heydər Əliyevin dəsti xəttini, onun xeyir-duasini görməyək. Dünya tarixinə və ya ayrı-ayrı ölkələrin tarixinə nəzər salsaq, bütün həyatını xalqının rifahına və dövlətinin gələcəyinə həsr edən lider və ya dövlət xadiminə çox az rast gəlmək olar: “Biz xoşbəxt xalqıq ki, Allah belə bir dahi lideri Azərbaycan xalqına bəxş edib”
Deputat bildirb ki. ölkəmizin yerləşdiyi coğrafiya, eləcə də bu bölgənin geosiyasi mənzərəsi o qədər mürəkkəb məkandır ki, belə bir coğrafiyada yerləşən dövlətlərin idarə olunması ancaq Heydər Əliyev kimi dahi liderin sayəsində mümkündür: “Məhz bu mənada həm Sovet dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə , son nəfəsinədək şərəf və fədakarlıqla həyata keçirdiyi missiyasına görə Heydər Əliyev Azərbaycan xalqının xilaskarı adlandırılıb”.
Həmsöhbətimiz deyib ki, Ulu Öndər gənclərlə keçirilən bütün tədbirlərdə gənclərin ölkəmizin gələcəyi olduğunu qeyd edərək, bütövlükdə cəmiyyətin diqqətini bu strateji məsələyə cəlb edirdi: “Ümummilli Liderimiz ölkə əhalisinin 30%-dən çoxunun gənclər olduğunu vurğulayaraq, Azərbaycanı gənclər ölkəsi adlandırırdı. Müasir dövlətimizin qurucusunun prezidentliyi dövründə gənclərlə bağlı çox mühüm sərəncam və fərmanlar imzalanıb. Onun 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu siyasəti dövlət siyasətinin tərkibinə çevirdi”.
M.İbrahimqızı 1997-ci il 2 fevralda imzalanan fərmanla təsis edilən 2 Fevral Gənclər Gününün cəmiyyətin və əhalinin ən fəal üzvü olan gənclərin imkan və potensialının dövlətin və ölkənin gələcəyi üçün önəmini diqqətə çatdırıb: “Əslində belə bir günün təsis edilməsi o dövr üçün bir ilk idi. İmzalanmış bu iki tarixi sənəddən qısa müddət sonra ölkəmizdə gənclər hərəkatı geniş vüsət aldı və 1996-cı ildə Azərbaycan gənclərinin ilk dəfə Birinci Forumu keçirildi. İlk Forumdan sonra artıq belə forumların keçirilməsi ənənəyə çevrildi. Azərbaycan Gənclərinin tarixi I Forumunda iştirak edən Ulu Öndərimiz Heydər Əliyevin parlaq çıxışı isə gənclərin gələcəyinin manifestinə və yol xəritəsinə çevrildi. Ulu Öndərimiz bu tarixi və mötəbər tədbirdəki çıxışında həm də bir millət atası kimi Azərbaycan gənclərinin vəzifə və məsuliyyətinin də əsas istiqamətlərini gündəmə gətirmişdi. Bu çıxışdan otuz ilə yaxın müddət keçməsinə baxmayaraq, onun hər bir cümləsi Vətəni sevməyin, dövlətinə və xalqına xidmət etməyin düsturu kimi qəbul etmək olar”. Onun sözlərinə görə, Ulu Öndərimizin 1993-2003-cü illərdəki prezidentliyi dövründə 26 iyul 1994-cü il tarixli fərmanla Gənclər Nazirliyinim yaradılması, 22 iyun 1996-cı il tarixli “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman, 29 iyul 1999-cu il tarixli “Dövlət gənclər siyasəti haqqında” fərman,eləcə də 9 aprel 2002-ci il tarixli “Gənclər siyasəti haqqında” qanun ölkəmizdə mükəmməl dövlət gənclər siyasətinin bərqərar olmasının və eyni zamanda, dövlətin və dövlət rəhbərinin gəncliyə olan yüksək diqqət və qayğısının bariz nümunəsi idi.
“Ehtiramla qeyd etməliyik ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilən gənclər siyasətinin təməlində dayanan məhz çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin əbədiyaşar siyasi irsidir. Alternativi olmayan bu irs xalqımız və dövlətimiz var olduqca əbədi ideologiya kimi təbliğ və təqdir ediləcəkdir. Mərkəzində azərbaycançılıq, vətənpərvərlik, dövlətçilik, millilik və müasirlik olan bu ideologiya millətimizin və dövlətimizin hər zaman ərdəmi olacaq”, - deyə M.İbrahimqızı bildirib.
Nuranə Daxilqızı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

















