• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Heydər Əliyevə atdığımız təbliğat böhtanların başında..." - Fazil Mustafadan ETİRAF DOLU AÇIQLAMA

MÜSAHİBƏ

14 Iyun 2023 | 11:34

Heydər Əliyevə atdığımız təbliğat böhtanların başında... - Fazil Mustafadan ETİRAF DOLU AÇIQLAMA

“Burada mən dahi şəxsiyyət Heydər Əliyev mövzusuna vaxtilə xalq cəbhəsinin ideoloji platformasının hazırlanmasında və təbliğində müəyyən rolu olan bir siyasət adamı kimi qoşulmaq istəyirəm. Məhz həmin obrazda da əsrimizin bu böyük dövlət adamı və siyasətçisi ilə xalq cəbhəsinin təmsilçisi olaraq dəfələrlə üzbəüz müzakirə və mübahisə apardığıma görə fikrimi əsaslandırmaqda yəqin ki, çətinlik çəkmərəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının keçirildiyi xüsusi iclasında deputat Fazil Mustafa bildirib.

“Biz Heydər Əliyevin içində yaşatdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan tədric olunmuş xəyali bir məkan idi. Bu məkanı hansısa dövlətin üzərindən gah Cənubla birləşdirirdik, gah da bölgədə sərbəst hərəkət trayektoriyası ilə Turana qoşurduq. Heydər Əliyevin içində yaşatdığı Azərbaycan isə ilk növbədə imperiya mərkəzi olan Moskva ilə münasibətləri ağıllı şəkildə çözməli idi. Bunu çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan köntöy formada qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə təhlükəsiz və tədricən üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, məhz bu üzülüşmə yolunun bir müddət sürəcəyini anlayan siyasi düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi.

Açığı, biz Heydər Əliyevin kommunist partiyası liderindən müstəqil dövlətin liderliyinə transformasiyasına heç cür inana bilmirdik. Yəni dəyişə biləcəyinə inana bilmirdik. Böyük siyasət adamı Çörçill 1927-ci ildə bir radioçıxışında deyirdi: “Dəyişən şəraitlərdə ardıcıl olmanın tək üsulu  - öz əsas məqsədini dəyişməz saxlayaraq şəraitlə birlikdə dəyişməkdir”, deyə F.Mustafa bildirib. 

"Ona atdığımız təbliğat böhtanların başında əsasən “o, rus ordusunu təkrar Azərbaycana qaytaracaq, Qarabağı heç vaxt qaytarmağa çalışmayacaq” kimi tezislər gəlirdi" deyən F.Mustafanın sözlərinə görə, zaman böyük siyasət adamı Heydər Əliyevə qarşı inkarçılığa, ədalətsiz tənqidə və bəzən də təhqirə qədər varan müxalifətçiliyimizin iflasını bizlərə göstərdi:

“Nəinki Heydər Əliyevin hakimiyyəti dövründə yad qoşunun Vətənimizə ayaq basmasının şahidi olduq, ardınca  varisi cənab İlham Əliyevin Qəbələ RLS-dən yad qoşunları diplomatik zəka ilə çıxarmasını, ardınca Qarabağ kimi bir Qordi düyününün dəmir yumruqla çözməsini alqışlayanda anladıq ki, o zamankı mühakiməmiz nə qədər haqsız və naşı idi. Heydər Əliyev həm də öz qoyduğu irs ilə bizim müxalifətçilk anlayışımızı, dövlətçiliyə baxış bucağımızı dəyişdirdi.

Dahi Şekspir deyirdi ki: Bəziləri böyük doğular, bəziləri böyüklüyü qazanır, bəzilərinə də böyüklük yapışdırılır. Kiminə görə Heydər Əliyev böyük doğulmuş şəxsiyyətdir. Əlbəttə, bu genetika ilə bağlı məsələyə dəqiq izah verə bilmərəm. Ancaq əmin olduğum bir gerçək var ki, Heydər Əliyev dişiynən-dırnağıynan, xarakteri, zəkası və fırtınalardan sahilə salamat çıxardığı Azərbaycanla böyüklüyü qazanmış şəxsiyyətdir. Ruhu şad olsun”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Iyul 2024