• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ən böyük istəyimiz Zəngilanda oynamaqdır - “Çinar Zəngilan”ın baş məşqçisi

MÜSAHİBƏ

07 Iyun 2023 | 10:20

Ən böyük istəyimiz Zəngilanda oynamaqdır - “Çinar Zəngilan”ın baş məşqçisi

Bakıvaxtı.az-ın “Bakıda idman vaxtı” rubrikasının qonağı Həvəskar futboçular arasında keçirilən Region Liqasında ikinciliyi qazanan “Çinar Zəngilan” komandasının baş məşqçisi və direktoru Anar Dünyamalıyevdir.

Anar Dünyamalıyevlə olan müsahibəni təqdim edirik:

Hədəfimiz Azərbaycanda yeni yaradılacaq II Divizionda çıxış etməkdir

- Komandanı nə vaxt yaratmaq qərarına gəldiniz? Bu yolda üzləşdiyiniz çətinliklər hansılar oldu?

 - “Çinar Zəngilan” klubunu 2019-cu ilin dekabrında yaratdıq, daha sonra həvəskar futbolçular arsında keçirilən müxtəlif turnirlərdə iştirak elədik, həmin turnirdə final oynadıq. Çətinliklərimiz əsasən maddi cəhətdən oldu, tez-tez maddi sıxıntılarla üzləşirdik. Bir müddət koronavirusla əlaqədar olaraq çempionatlarda iştirakımıza ara verdik. Pandemiya səngiyəndən sonra Bakı Kəndləri Futbol Federasıyasının keçirdiyi turnirdə oynadıq. Orada da finala qədər irəlilədik və Sumqayıtın “Cürət” komandasına məğlub olaraq ikinci olduq. Daha sonra Azərbaycan Həvəskar Futbol Federasiyasının təşkil etdiyi Həvəskarlar Liqasında da iştirak edərək finala qədər irəlilədik.

- “Çinar Zəngilan”ın builki çıxışından nə dərəcədə razı qaldınız?

- Finalaqədərki çıxışımızdan razıyam. Çempionluqdan bizi cəmi 90 dəqiqə ayırırdı. Təəssüf ki, bunu əldən verdik. Ancaq oyuna çox yaxşı başlamışdıq. Qələbə üçün əla imkanlarımız var idi. Bizim bura qədər gəlməyimizdə əziyyəti olan komandamızın rəhbəri Kamran Qəhrəmanova təşəkkür edirəm, onun yorulmaz fəaliyyəti, əməyi sayəsinde Region Liqasının finalına qədər yüksəldik.

- Komandanın gələcək hədəfləri nələrdir?

- Hədəfimiz Azərbaycanda yeni yaradılacaq II Divizionda çıxış etməkdir. Bunun üçün müraciət etmişik. Daha sonra Mini Futbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışlara qatılacağıq. Ən böyük hədəfimiz Zəngilanda futbolun inkişaf etməyi, ən böyük istəyimiz doğma rayonumuzda oynamaqdır. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların sayəsində torpaqlarımız geri alındı. Və öz torpaqlarımıza qayıdacağımız günü gözləyirik.

Kimlər gələcək, kimlər gedəcək?

- Komandadan hansı futbolçular göndəriləcək və kimləri hədəfə almısınız?

- Bu mənada hələ ki, heç nə dəqiq deyil, hansı futbolçuların gedib-gələcəyi avqust ayında məlum olacaq.

- “Çinar”ın gəliri, maliyyəsi necə təmin edilir? Maliyyə vəziyyəti necədir?

- Komandanın problemləri, maliyyə ehtiyacı, futbolçuların maaşı, səfərə gediş-gəliş xərclərimiz komandanın prezidenti Kamran müəllim tərəfindən qarşılanır, bundan əlavə AFFA da hər komandaya aylıq 300 manat pul ayırır.

- Maraqlıdır, hansı komandaya azarkeşlik edirsiniz və komandanı gələcəkdə hansı dünya klubu səviyyəsində görmək istıyirsiniz?

- Uşaqlıqdan “Qalatasaray” azarkeşiyəm, Azərbaycan klublarından da ki, hamısına azarkeşlik edirəm, hər biri dəyərlidir. Ələlxüsus da, Avropa miqyaslı turnirlərdə hər birinin bacardıqca qabağa getməsini istəyirəm. Komanda olaraq, bu gün öz imkanlarımıza realist yanaşmalıyıq. Daha üst səviyyələrə pillə-pillə qalxmalıyıq. Belə ki, biz artıq həvəskar komanda statusundan çıxıb yarıpeşəkar komanda səviyyəsinə qalxmışıq. Və növbəti məqsədimiz peşəkar futbol klubuna çevrilməkdi. Buna görə də yorulmadan işləyirik. Premyer Liqa komandalarından, onların təcrübəsindən istifadə edib daha irəliləyişə nail olmaq, özümüzü inkişaf etdirib yaxın 5 il içində Premyer Liqaya vəsiqə qazanmaq istəyirik.

Bizə üz tutan heç bir futbolçuya “yox” demirik

- Futbolçu seçimi ildə neçə dəfə keçirilir və seçimdə əsas nələrə diqqət edirsiniz?

- İl ərzində bizdə futbolçu seçimi olur, bizə üz tutan heç bir futbolçuya “yox” demirik. Əsas, ikinci və həvəskar komandalrımız var, qabiliyyətli futbolçuları götürüb həmin komandalara istiqamətləndiririk ki, onlar da boş vaxtlarını səmərəli keçirsinlər, idmanla məşğul olsunlar.

- Komandada legioner varmı?

- Həvəskarlar Liqasında iştirak edən komandamızda legioner futbolçu var. Nigeriyadan olan mərkəz yarımmüdafiəçisi Osagi Bobbi Enduransdır. Hazırda onunla rəsmi müqavilə bağlanılıb.

- Komandanın ayaqda saxlanılmasında zəngilanlı iş adamları köməklik göstərirmi? Zəngilanlılar bu komandaya necə yanaşır?

- Zəngilanlı imkanlı şəxslərdən yalnız biri bizə köməklik göstərir. Onun adını çəkmək istəmirəm, müsahibəni oxuyacaqsa, mütləq ki, ondan bəhs etdiyimi biləcək. Digər həmyerlilərimizdən isə demək olar ki, heç bir kömək görməmişik, təbii ki, söhbət imkanlı şəxslərdən gedir.

Səbuhi Elnur


SON XƏBƏRLƏR

24 Aprel 2024