Azərbaycan İdman Akademiyası Mətbuat Xidmətinin akademiyada 100 işçinin ixtisar olunması ilə bağlı yayılmış xəbərlər barədə açıqlama yayıb.
Bakıvaxtı.az xəbər verir ki, açıqlamada akademiyada struktur dəyişikliyi olduğu bildirilib:
“100 nəfərin ixtisar edilməsi ilə bağlı iddia həqiqəti əks etdirmir. Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və İdman Akademiyası publik hüquqi şəxsə çevrilib. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb. Bir neçə mərhələdən ibarət olan islahatlara eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir”.
Qeyd edək ki, İdman Akademiyasında 100 nəfərin ixtisara düşməsi ilə bağlı xəbəri Oxu.az saytı yayıb. Bildirilib ki, ötən ay akademiyadan bu sayda adam işdən çıxarılıb.