• Bakı 19° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

İlham Əliyevin Macarıstan səfəri: Diplomatiya və iqtisadiyyatın sintezi

SİYASƏT

20 May 2025 | 14:50

İlham Əliyevin Macarıstan səfəri: Diplomatiya və iqtisadiyyatın sintezi

Avropanın mərkəzində yerləşən, zəngin tarixi və milli kimliyi ilə seçilən Macarıstan bu gün Azərbaycanın etibarlı tərəfdaşı, səmimi dostu və strateji müttəfiqinə çevrilib.

Qarabağ həqiqətlərinin Avropada tanıdılmasında açıq və prinsipial mövqe tutan Budapeşt, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə mühüm diplomatik jestlər nümayiş etdirib. İndi isə bu siyasi həmrəylik dövlət başçılarının yüksək səviyyəli görüşləri fonunda. yeni bir mərhələyə qədəm qoyur Prezident İlham Əliyevin bu gün Macarıstana səfərə getməsi təkcə protokol səviyyəsində bir ziyarət deyil, həm də Azərbaycan-Macarıstan münasibətlərinin gələcək konturlarını müəyyənləşdirən strateji aktdır. Bu səfərin ardınca gözlənilən yeni sənədlərin imzalanması, əməkdaşlıq platformalarının genişləndirilməsi və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi mühüm nəticələr vəd edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Quliyev bildirib ki, Macarıstan Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biri hesab olunur:

"Bu münasibətlər sırf siyasi diplomatiya çərçivəsində qalmayıb, praktik sahələrə də keçib. Təsadüfi deyil ki, Macarıstan istənilən beynəlxalq təşkilatda Azərbaycanın yanında dayanmış, Qarabağ müharibəsi sonrası yaranan reallıqları tanıyan azsaylı Avropa ölkələrindən olub. Prezident İlham Əliyev də bu səfərlə həmin dostluğun qarşılıqlı hörmət və maraqlara əsaslanan təməllər üzərində inşa olunduğunu bir daha nümayiş etdirdi".

Onun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu ilə iştirakı sadəcə formal akt deyil – bu, türkdilli ölkələrlə əlaqələrin inkişafına real siyasi və mədəni marağın göstəricisidir. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri TDT çərçivəsində də öz səmərəsini verir. Macarıstanın bu təşkilata olan marağı Azərbaycanın təşəbbüslərinə dəstək verən bir Avropa oyunçusu ilə qarşı-qarşıya olduğumuzu sübut edir.

Musa Quliyev: Bu səfər strateji rabitənin inkişafı baxımından da əlamətdardır

Parlament üzvü onu da əlavə edib ki, səfərin ən vacib komponentlərindən biri iqtisadi sahəyə aid edilir. Macarıstan-Azərbaycan iqtisadi münasibətləri dinamik inkişaf edir, kənd təsərrüfatı, enerji, informasiya texnologiyaları və sənaye sahələrində ortaq layihələr mövcuddur. Xüsusilə enerji təhlükəsizliyi kontekstində Azərbaycanın Avropaya qaz ixracı və yaşıl enerji təşəbbüsləri fonunda Macarıstanın maraqları üst-üstə düşür. Rusiya-Ukrayna müharibəsi ilə dəyişən geopolitik şərtlər bu əməkdaşlığın aktuallığını daha da artırır:

"Azərbaycan ərazisindən keçən Orta Dəhliz üzrə nəqliyyat axınının Macarıstana qədər uzanması, logistika sahəsində də tərəfdaşlığın gücləndirilməsinə yol açır. Budapeştdə keçirilən görüşlərdə bu istiqamətdə konkret mexanizmlərin işlənməsi nəzərdə tutulur".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan və Macarıstan arasındakı münasibətlərin daha bir önəmli yönü təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdır. Bu, bir tərəfdən intellektual mübadiləyə zəmin yaradırsa, digər tərəfdən iki xalq arasında mədəni körpülər qurur. Prezidentlər səviyyəsində bu kimi təşəbbüslərin dəstəklənməsi bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə işarədir:

"Bu səfər təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avropa ilə Türk dünyası arasında strateji rabitənin inkişafı baxımından əlamətdardır. Yeni sənədlərin imzalanması, birgə investisiya layihələrinin təşviqi və humanitar əməkdaşlıq istiqamətində görüləcək işlər Azərbaycan-Macarıstan münasibətlərini daha dayanıqlı və çoxşaxəli platformaya çevirəcək. Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri coğrafi məsafələrin siyasi və strateji yaxınlıq üçün maneə olmadığının sübutudur. Bu gün Azərbaycanın Avropadakı ən güclü tərəfdaşlarından biri olan Macarıstanla münasibətləri artıq “strateji əməkdaşlıq” anlayışından daha geniş anlamlar daşıyır - bu, ortaq tarixə, dəyərlərə və gələcəyə söykənən bir dostluq münasibətidir".

Əli Hüseynov


SON XƏBƏRLƏR