“Sahibsiz itlərin əlindən küçəyə-bayıra çıxa bilmirik. Baxırsan, itlərin qulağında xüsusi birkalar vurulub, amma yenə də insanlara cumurlar”.
Bunu Bakıvaxtı.az-a Sumqayıt şəhəri, 17-ci mikrorayon sakinləri deyirlər.
Sakinlərin sözlərinə görə, əsasən də səhər və axşam həmin ərazidən keçmək çox təhlükəlidir.
Övladı ərazidə yerləşən 39 nömrəli məktəbdə oxuyan Aytac Əzimova deyir ki, hər səhər məktəbə qorxa-qorxa gedirlər:
“Qızımı məktəbə aparanda bəzən beş-altı it bir yerdə olur. Bir dəfə biri üstümüzə hücum etdi, zorla xilas olduq”.
Həmin məktəbdə oxuyan başqa bir şagirdin atası Kənan Ağayev isə deyir ki, bu vəziyyət artıq uşaqların psixologiyasına da təsir edir:
“Məktəbin həyəti itlərlə doludur. Uşaqlar qaça-qaça girirlər içəri. Təsəvvür edin, səhər tezdən məktəbə gedəndə 5-6 itlə qarşılaşırıq”.
Ərazidəki binada yaşayan sakinlər bu halın uzun müddətdir müşahidə olunduğunu bildirirlər:
“Uşaqları tək buraxmağa qorxuruq. İtlər bəzən sürü ilə gəzir. Bir dəfə az qala birinə hücum edəcəkdilər. Səs-küy saldıq, qaçdılar. Amma nə fayda?! Hər gün eyni mənzərə”.
Sakinlər onu da iddia edirlər ki, məktəbin yaxınlığındakı yarımçıq tikili itlərin orada məskunlaşmasına şərait yaradır.
Bakıvaxtı.az olaraq problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, sahibsiz itlərlə bağlı tədbirlər davamlı şəkildə həyata keçirilir:
“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır”.
İcra Hakimiyyətindən onu da qeyd etdilər ki, sahibsiz itlərin toplanılması, sığınacaqlara yerləşdirilməsi və peyvəndlənməsi işlərində könüllülərin fəal iştirakı da təmin edilib.
Sözügündən problemlə bağlı 39 nömrəli məktəblə danışmaq istəsək də zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, sahibsiz itlərlə bağlı məsələ yalnız 39 nömrəli məktəb və ətrafı ilə ilə məhdudlaşmır. Tez-tez sosial şəbəkələrdə istər Sumqayıt, istər Bakı, istərsə də başqa ərazilərdə bu problem işıqlandırılır.
Onu da vurğulamaq yerinə düşər ki, sosial şəbəkələrdə yazılan rəylərdə insanların 2 yerə bölündüyünü görürük. Belə ki, bəzi insanlar heyvanların öldürülməsini, problemdən başqa çıxış yolu olmadığını qeyd etsə də, bəziləri itlərin zərərsiz olduğunu, ona nəsə etmədikdə hücum etmədiyini və buna görə də onlarla bağlı tədbirlər görülməsinin əleyhinə olduqlarını bildirirlər.
Ancaq hər gün eyni qorxu ilə gedəcəkləri ünvana çatmaq üçün itlərin arasından keçənlərin yaşadığı stress, həyəcan adi hal kimi qəbul edilməməlidir. İnsan həyatını daha üstün tuturuqsa, məsələyə biganə yanaşmaq olmaz. Bu problemlə bağlı tədbirlər vaxtında görülməlidir ki, sonradan baş verə biləcək bədbəxt hadisələrin qarşısı alınsın.
Mina Mikayılova