• Bakı 17° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Qəzza üçün yeni mərhələ: BMT Tramp planını təsdiqlədi

DÜNYA

19 Noyabr 2025 | 10:55

Qəzza üçün yeni mərhələ: BMT Tramp planını təsdiqlədi

BMT Təhlükəsizlik Şurasının Qəzza üzrə sülh planını təsdiqləməsi Yaxın Şərqdə uzun müddətdir davam edən qeyri-müəyyənliyi yeni siyasi fazaya daşıyır.

Sənəd ABŞ Prezidenti Donald Trampın hazırladığı 20 maddəlik plan əsasında formalaşdırılıb və həm hərbi əməliyyatların dayandırılmasını, həm də bölgədə yeni idarəetmə mexanizminin qurulmasını hədəfləyir. Bu qətnamə, əslində, təkcə atəşkəs çağırışı deyil. Regionun gələcək təhlükəsizlik memarlığının əsas konturlarını müəyyən edən genişmiqyaslı siyasi çərçivədir.

Planın əsas ağırlıq nöqtəsi Qəzzada vəziyyətin nəzarətli şəkildə sabitləşdirilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir. İsrail qüvvələrinin razılaşdırılmış xəttə çəkilməsi, bombardmanların dayandırılması və əsirlərin geri qaytarılması münaqişənin ən kritik problemlərinə toxunur. Bunun ardınca Qəzzanın demilitarizasiyası və HƏMAS-ın siyasi-hərbi təsirinin aradan qaldırılması gündəmə gəlir. İlk dəfədir ki, ərəb ölkələri bu prosesdə açıq şəkildə iştirak etməyə hazır olduqlarını göstərir.

Qəzzanın idarə edilməsinə dair təklif edilən model isə xüsusi diqqət çəkir. Müvəqqəti dövrdə bölgənin texnokrat və qeyri-siyasi bir Fələstin komitəsi tərəfindən idarə olunması nəzərdə tutulur. Bu komitəyə beynəlxalq ekspertlərin daxil olduğu “Sülh Şurası” nəzarət edəcək. Şuranın tərkibində Donald Tramp və Toni Bleyer kimi tanınmış şəxslər də olacaq. Onların iştirakı Qəzzada həm təhlükəsizlik, həm də yenidənqurma proseslərinin beynəlxalq səviyyədə monitorinqini təmin etməyə yönəlib. Bu, Qəzzanı radikal qrupların təsirindən uzaq, daha şəffaf və idarə olunan bir struktura çevirməyi hədəfləyir.

Qətnamədə həmçinin bölgədə sabitliyin qorunması üçün beynəlxalq hərbi kontingentin yerləşdirilməsi nəzərdə tutulur. Bir neçə ərəb ölkəsinin qoşunlarından ibarət olacaq bu qüvvələr “Sülh Şurası”na tabe olacaq və bölgənin təhlükəsizliyinin təmin olunmasına cavabdeh olacaq. Bu addım Qəzzanın gələcək təhlükəsizlik modelində regional həmrəyliyin və beynəlxalq nəzarətin yeni forması kimi qəbul edilir.

Sülh planının ikinci mərhələsi də artıq yaxınlaşır. İlk mərhələ olan atəşkəs, əsirlərin qaytarılması və humanitar girişin təmin edilməsi demək olar ki, başa çatmaq üzrədir. İndi əsas diqqət Qəzzanın idarəetmə mexanizminin qurulmasına və yenidənqurma prosesinə yönələcək. Bu modellər uğurlu olarsa, regionda uzun illər sonra ilk dəfə davamlı sabitlik üçün real pəncərə yaranmış olacaq.

Qətnamənin qəbul edilməsi həm də bunu göstərir ki, ərəb dövlətlərinin sülh prosesinə artan dəstəyi artıq həlledici rol oynayır. Misir, BƏƏ, Qətər, İordaniya kimi ölkələrin Şarm-əş-Şeyxdə qəbul etdiyi mövqe də bunun göstəricisidir. Onların dəstəyi olmasa, Qəzza ilə bağlı istənilən beynəlxalq planın həyata keçirilməsi çox çətin olardı.

Nəticə olaraq, BMT TŞ-nin qərarı Qəzza münaqişəsində yeni siyasi səhifə açır. Bu planın uğuru bir çox amillərdən asılı olsa da, hazırkı mərhələdə həm beynəlxalq legitimlik, həm regional dəstək, həm də siyasi iradənin qovuşduğu nadir məqamlardan biridir. İndi əsas sual bu çərçivənin real həyatda necə tətbiq ediləcəyi və bölgənin uzunmüddətli sabitliyinə nə qədər təsir göstərə biləcəyidir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

18 Noyabr 2025