Son zamanlar yeni tikili binaların əksəriyyətinin keyfiyyətsiz olması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılır. Belə ki, yeni tikililərdən ev almaq istəyən bəzi vətəndaşlar çağırışlar edərək, insanları diqqətli olmağa çalışırlar.
Yeni tikililərlə bağlı yaranmış bu vəziyyətin qarşısını necə almaq lazımdır? Binaların keyfiyyətsiz şəkildə inşası insanların daha çox həyət evlərinə üz tutmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər yeni tikililərin əvvəlki illərdə tikilmiş hissələrində ola bilər.
Onun sözlərinə görə, hazırda tikinti işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olarsa, bu halda tikintiyə icazə verilir. Bu baxımdan son 5-6 ildə tikilən binaların keyfiyyətini qənaətbəxş hesab etmək olar:
"Çünki həmin binaların layihəsi xüsusi mütəxəssislər tərəfindən hazırlanır və müvafiq qurum həmin layihələri nəzərdən keçirəndən sonra tikintisi ilə bağlı qərar verir. Əgər layihə standartlara uyğun deyilsə, dəyişdirilməsi və ya ləğvi barədə rəy bildirilir. Ona görə də son illər tikilən yeni tikililərin keyfiyyətsiz olması inandırıcı görünmür”.
Müsahibimiz qeyd edib ki, 2018-ci ildən əvvəlki illərə nəzər salsaq, indi yeni tikilən binalar daha keyfiyyətli və güvənlidir. Buna pilot layihə kimi tikilən evlərə dövlətin, müvafiq icra hakimiyyətlərinin və tikintiyə cavabdeh olan qurumların nəzarətinin gücləndirilməsi səbəb olub:
“Hansısa tikinti şirkəti öz işini məsuliyyətsiz görə bilər, amma bunu bütün şirkətlərə şamil etmək olmaz. Düzdür, bu gün tikintisi 7-8 ildir yarımçıq qalmış binalar mövcuddur. Lakin hazırkı dövrdə bazarda öz yerini tutmuş, verdiyi güvənlə seçilən şirkətlər var".
Anar Nəsirov: Yeni tikililərdə aşkar olunan problemlər heç də həyət evlərinə tələbatın artmasına səbəb olmur
A.Nəsirov tövsiyə edir ki, alıcılar ev almadan öncə şirkət haqqında məlumat əldə etsinlər və ya satılan mənzillə bağlı mütəxəssislərlə məsləhətləşsinlər. Hətta internet üzərindən şirkətin bazarda hansı paya sahib olduğunu və güvənli olub-olmadığını araşdırmaq olar. Əgər şirkətlə bağlı müsbət rəylər əldə olunarsa, həmin şirkətin tikdiyi binadan ev almaq məqsədəuyğundur.
Ekspert vurğulayıb ki, bəzi məqamlarda yeni tikililərdə aşkar olunan problemlər heç də həyət evlərinə olan tələbatın artmasına səbəb olmur.
"Həyət evlərinin öz müştərisi var. Həyət evlərinə meyl edən vətəndaşlar əsasən maddi imkanı zəif olan alıcıların payına düşür. Çünki həm həyət evləri ucuzdur, həm də torpaq sahəsi alaraq ev tikmək həmin alıcılar üçün daha sərfəli hesab olunur. Çünki paytaxtdan kənarda tikilən yeni tikililərin ən ucuzu 1 kvadratmetri 1800-2000 manatdan başlayır. Bu isə aztəminatlı ailələrin həmin binalardan ev almasını əlçatmaz edir. Halbuki torpaq sahəsi alan şəxs 30-35 min manatdan başlayan məbləğlə ev sahibi ola bilər", - deyə Anar Nəsirov qeyd edib.
Gülşən Şərif