İnkluziv təhsil son illərdə təhsil siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxsa da, onun real və dayanıqlı tətbiqi hələ də geniş müzakirə mövzusudur. Xüsusilə institusional səviyyədə hansı dəyişikliklərin zəruri olduğu və bu dəyişikliklərin qısa müddətdə konkret nəticə verib-verməyəcəyi suallar doğurur.
İnkluziv təhsilin real tətbiqi üçün hansı institusional dəyişikliklər zəruridir və bu dəyişikliklər qısa müddətdə müsbət nəticə verə bilərmi?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, inkluziv təhsilin real tətbiqi üçün ilk növbədə yanaşma dəyişməlidir. Onun sözlərinə görə, bu, sadəcə fərqli ehtiyacı olan uşağın sinfə yerləşdirilməsi deyil, sistemin həmin uşağa uyğunlaşdırılması deməkdir. Dünyanın bir çox ölkəsində, o cümlədən Finlandiya və Kanada təcrübəsində inkluziya ayrıca layihə kimi yox, dövlət siyasəti və məktəb mədəniyyəti kimi formalaşdırılıb. Yəni məsuliyyət bir müəllimin deyil, bütöv strukturun üzərindədir.
G.Əkbərova qeyd edib ki, institusional dəyişikliklər ilk növbədə müəllim hazırlığından başlamalıdır. İnkluziv sinifdə işləmək üçün diferensiallaşdırma, fərdi təhsil planı hazırlamaq və alternativ qiymətləndirmə üsullarından istifadə bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir. O, bölgələrdə apardığı müşahidələr zamanı müəllimlərin bu istiqamətdə istəkli və motivasiyalı olduğu açıq şəkildə görüb. Lakin praktiki dəstək mexanizmləri bütün məktəblərdə eyni səviyyədə tətbiq olunmadıqda müəllim əlavə məsuliyyətlə üz-üzə qala bilir. İnkluzivliyin uğurlu tətbiqi üçün mövcud təşəbbüslərin daha da sistemləşdirilməsi və məktəbdaxili dəstək mexanizmlərinin gücləndirilməsi müəllimin işini xeyli asanlaşdıra bilər:
"Məktəbdaxili dəstək strukturu da vacib amildir. Psixoloq, loqoped, xüsusi pedaqoq və sosial işçi kimi mütəxəssislərin koordinasiyalı fəaliyyəti inkluziv təhsilin dayanıqlığını artırır. Bu istiqamətdə hazırladığı təkliflərdə, xüsusilə Şimali Karolina Dövlət Universiteti üçün yazdığı inkluzivlik yönümlü əməkdaşlıq modelində universitet–məktəb tərəfdaşlığının qurulması, müəllimlər üçün praktik mentorluq sisteminin yaradılması və real sinif müşahidəsi əsasında geribildirim mexanizmlərinin tətbiqi vurğulanıb. Məqsəd nəzəri biliklə praktik tətbiq arasında körpü yaratmaqdır".

Günay Ələkbərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi
Müsahibimiz bildirir ki, eyni yanaşma Buxara Dövlət Universiteti üçün təqdim etdiyi təklifdə də irəli sürülüb. Orada inkluziv CLIL modeli çərçivəsində akademik və sosial inteqrasiyanın paralel şəkildə aparılması, ali təhsil müəssisəsində inkluziv mədəniyyətin formalaşdırılması əsas istiqamət kimi göstərilib. Çünki inkluziya yalnız məktəb mərhələsində deyil, təhsil sisteminin bütün pillələrində davamlı olmalıdır.
Katib əlavə edib ki, digər mühüm istiqamət kurikulum və qiymətləndirmə çevikliyidir. Standart proqramın hər şagird üçün eyni formada tətbiqi inkluzivliyin potensialını məhdudlaşdıra bilər. Fərdiləşdirilmiş yanaşma və alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqi beynəlxalq təcrübədə də effektiv hesab olunur. Bu, bərabərliyin eynilik demək olmadığını göstərir.
Sualın ikinci hissəsinə cavab olaraq həmsöhbətimiz bildirib ki, qısa müddətdə ən tez görünən dəyişiklik münasibət və məktəb mühiti səviyyəsində müşahidə olunur. Maarifləndirmə artdıqca və metodiki dəstək gücləndikcə müəllimin özünə inamı yüksəlir, sinif iqlimi daha sağlam olur. Akademik nəticələrin sabitləşməsi isə daha çox orta və uzunmüddətli mərhələdə formalaşır:
"İnkluziv təhsil ayrıca sosial təşəbbüs deyil, təhsil sisteminin keyfiyyət göstəricisidir. Sistemli yanaşma, davamlı inkişaf və əməkdaşlıq olduqda inkluziya real nəticə verir. Bu proses mərhələli olsa da, düzgün istiqamət seçildikdə müsbət dəyişikliklər qaçılmazdır".
Zeynəb Rzayeva
Bakı 




